Prezident Naxçıvan teleradiosunun əməkdaşlarını təltif edib

Naxcivantv.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamlarla Naxçıvan teleradiosunun da əməkdaşları təltif edilib. Həmin sərəncamlarla Naxçıvan Dövlət Televiziyasının Xəbərlər redaksiyasının redaktoru Əbülfəz Dünyamalıyev “Əməkdar jurnalist”, Naxçıvan Dövlət Radiosunun Ədəbi-Bədii və Publisistik Verilişlər redaksiyasının baş redaktoru Adilə Səfərova və Televiziyanın baş rejissoru Fərhad Zamanbəyov “Əməkdar Mədəniyyət işçisi” fəxri adlarına layiq görülüblər.

Naxçıvan Dövlət Televiziyasının Müəllif Proqramları və Xüsusi Layihələr redaksiyasının redaktoru Aybəniz Sadiqova “Tərəqqi” medalı ilə təltif edilib. Televiziyanın dövlət əhəmiyyətli tədbirlər üzrə videomontaj operatoru Şəfəq Rüstəmova isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Təltif olunan həmkarlarımız dövlət başçısının bu sərəncamını böyük sevinc hissi ilə qarşılayıb və bunu Naxçıvan teleradiosunun bütün əməkdaşlarının əməyinə verilən yüksək qiymətin daha bir ifadəsi kimi dəyərləndiriblər. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı ilə son illər Naxçıvan televiziya və radiosu sürətli inkişaf yolu keçərək öz efir vaxtını 17 saatadək artırıb, ən yüksək keyfyyət standartı olan rəqəmsal HD yayımı təşkil edilib. Televiziyada uğurlu kadr islahatları aparılaraq yüksək yaradıcılıq imkanlarına malik kollektiv formalaşdırılıb və ən müasir iş şəraiti və texniki imkanlar yaradılıb. Müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibəti ilə-oktyabrın 17-də Naxçıvan televiziyası öz rəsmi saytında internet üzərindən yayıma başlayıb. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov teleradionun fəaliyyətini yüksək qiymətləndirərək deyib ki, Naxçıvan televiziyası və radiosu son illər böyük inkişaf yolu keçərək geniş tamaşaçı  toplayıb.

Biz də təltif edilən bütün həmkarlarımızı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.