Xalq yazıçısı Elçin: “15 ildən sonra Naxçıvanı tanımadım”

Yazıçı-dramaturq Elçin Əfəndiyevin naxcivantv.az-a müsahibəsi

Xəbər verdiyimiz kimi, noyabrın 26-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Elçin Əfəndiyevin “Arılar arasında” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub. Bundan əvvəl Naxçıvan teatrı bir neçə dəfə yazıçı-dramaturq Elçin Əfəndiyevin yaradıcılığına müraciət edib, 2001-ci ildə “Mənim ərim dəlidir”, 2002-ci ildə “Mənim sevimli dəlim”, 2009-cu ildə isə “Ah, Paris, Paris” pyesləri uğurla tamaşaya qoyulub. Elçin Əfəndiyevin “Arılar arasında” əsəri Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk dəfə səhnələşdirilib. Uğurla səhnələşdirilən tamaşadan sonra Xalq yazıçısı Elçin Əfəndiyev naxcivantv.az-a müsahibə verib.

Yaradıcı kollektivə dərin təşəkkürünü bildirən müəllif deyib ki, Naxçıvan teatrı Azərbaycanın çox böyük bir mədəniyyət ocağıdır. Bu teatrın nəinki bütün Azərbaycan, eləcə də bütün müsəlman teatr sənətinin inkişafında çox böyük xidmətləri var.  Xatırlayıram ki,  möhtərəm Prezidentimizin bu tetarın 125 illiyi ilə əlaqədar  Sərəncamı ölkəmizdə böyük bir mədəniyyət bayramına çevrildi, Naxçıvan teatrının 125 illiyi böyük coşqu ilə qeyd olundu. Bu teatr mənim çox sevdiyim bir yazıçının-Cəlil Məmmədquluzadənin doğma  yurdunda fəaliyyət göstərir və Cəlil Məmmədquluzadənin adını layiqincə doğruldur. Cəlil Məmmədquluzadə o komediyanın, o dram əsərinin müəllifidir ki, o nəinki Azərbaycan dramaturgiyası, ümumiyyətlə, dünya dramaturgiyasının şah əsərlərindəndir. Mirzə Cəlil “Ölülər” əsəri ilə milli ədəbiyyatımızın böyük tarixi ənənələrə malik olduğunu bir daha təsdiq etmişdir. Bu tetarın müasir binası, tetarın səhnə və dekorasiya avadanlıqları, peşəkar yaradıcı kollektivi həm də qədim Naxçıvanda sənətə, sənətkara böyük qayğıdan xəbər verir. Mən bir ziyalı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, çox hörmətli Vasif müəllimə təşəkkürümü bildirirəm ki, teatr üçün belə yüksək şərait yaradıb.

Xalq yazıçısı Elçin ulu öndər Heydər Əliyevin Vətənində milli-mədəni irsimizin uğurla yaşadıldığına diqqət çəkərək deyib ki, Naxçıvan teatrı kimi, digər sahələrin də hərtərəfli inkişafı, qədim diyarda aparılan geniş quruculuq-abadlıq işləri, yaradılan müasir infrastruktur ümummilli lider Heydər Əliyevin xatirəsinə böyük ehtiramın ifadəsidir. O deyib: Mən  təyyarədən düşəndə bilməsəydim ki, bura Naxçıvandır, Naxçıvanı tanımayacaqdım. Elə bir Avropanın ən gözəl və ən müasir şəhərinə düşürsən. Mən 15 ildir ki, burada olmurdum. Bu 15 ildə nə qədər böyük bir inkişaf var, təsəvvür edə bilmirəm. Yüzlərlə tarixi abidə bərpa olunub, yeni yollar çəkilib, kəndlər müasirləşib, insanların yaxşı yaşaması üçün ən kiçik problemlər belə aradan qaldırılıb. Ona görə də Naxçıvan özünün ən firəvan günlərini yaşayır.Və bu nailiyyətlərin əldə olunmasında heç şübhəsiz ki, çox hörmətli Vasif Talıbovun böyük zəhməti və fədakarlığı var. Vasif müəllimin bacarığı, işgüzarlığı, şəxsi fəaliyyəti və şəxsi nümunəsi sayəsində bütün bu qələbələr əldə olunub. Mən naxçıvanlıları bu qələbələr münasibəti ilə təbrik edirəm.

Elçin Əfəndiyev müsahibəsinin sonunda deyib: Naxçıvan bu gün təkcə müasir inkişafı ilə deyil, həm də yüksək mədəni mühiti ilə nümunədir. Ən gözəl arzularım sizinlədir. Arzu edirəm ki, həmişə belə gözəl premyeralar edərək tamaşaçıları sevindirəsiniz.

                                                                           Lalə Hüseynova

NTVxəbər