Naxçıvanda 301 ailə ipoteka kreditlərindən yararlanaraq  mənzil sahibi olub

“İndiyə qədər  ipoteka kreditindən istifadə edən 301 ailə muxtar respublikada mənzil sahibi olub. Verilən kreditin həcmi isə 11 milyon 854 min manat təşkil edib”. Bu sözləri Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Tural Şirəlizadə naxcivantv.az saytına müsahibə verərkən deyib.

O, bildirib ki, bu ilin ötən 9 ayı ərzində muxtar respublikada 22 ailə ipoteka kreditləri sayəsində mənzil  sahibi olub.

 Dövlətin bu istiqamətdə gördüyü tədbirlər sırasında “Naxçıvan İpoteka Fondu” ASC-nin yaradılmasının da müstəsna əhəmiyyəti var. Fondun yaradılması imkan verir ki, hər bir gənc və yaxud ipoteka tələblərinə uyğun gələn muxtar respublika sakini mənzil sahibi olsun.

Xatırladaq ki, gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün hələ 2014-cü ilin may ayında Naxçıvan şəhərinin Əziz Əliyev prospektində beş mərtəbədən ibarət 3 yaşayış binası istifadəyə verilib. Həmin binalardakı 80 mənzil ipoteka ilə satılıb. Sözügedən prospektdə geniş bir ərazini əhatə edən daha bir yaşayış kompleksi – “Gənclər şəhərciyi” tikilib ki, buradakı mənzillərin də çoxu artıq ipoteka yolu ilə satılıb. 

Onu da qeyd edək ki, “Naxçıvan İpoteka Fondu” ASC-nin yaradılması daşınmaz əmlak bazarında da yeni bir canlanma yaradıb. Fonda müraciət edənlərin çoxluq təşkil etməsi bunu deməyə əsas verir.

 Fondun güzəştli ipoteka krediti sayəsində mənzil sahibi olan vətəndaşlardan bir neçəsi ilə söhbət etdik. Çernobıl əlili Eyvaz Əsgərov bildirdi ki, 20 il kirayəçi olaraq yaşayıb: “Fondun yaradılması bizə artıq öz evimizin sahibi olmağımıza imkan yaratdı. Bu şəraiti bizə yaratdığı üçün dövlətimizə minnətdaram.”

30 yaşlı Vüsal Quliyev isə 8 ildir dövlət qulluğunda çalışır. O da artıq dövlətimizin yaratdığı imkanlardan yararlanaraq xəyalını qurduğu mənzilin sahibi olub: “Dövlət qulluğunda 5 ildən artıq bir müddətdə işlədiyimdən bu fürsətdən yararlana bildim. Mən 30 il müddətində az miqdarda aylıq ödəniş etməklə güzəştli ipoteka kreditindən yararlanmış olacağam”.

Cəmiyyət həm təmirli, həm də təmirsiz evlər üçün ipoteka krediti nəzərdə tutur. Eyni zamanda şəhid ailələri, milli qəhrəmanlar və onların ailəsi, məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, ən azı 3 və 15 il dövlət qulluğunda çalışan, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən, fəlsəfə və elmlər doktoru elmi dərəcəsi olan, idman sahəsində xüsusi xidmətləri olan, ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış, Naxçıvanda yaşayan Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Onu da bildirək ki, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

 

                                                                               Ariz Cəfərov 

                                                                            Nigar Məmmədli

NTVxəbər