Naxçıvan Dövlət Televiziyasının internet saytı reytinq göstəricisinə görə birinci yerdədir

2016-cı il oktyabrın 17-də – Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsində Naxçıvan Dövlət Televiziyası internet üzərindən HD formatda canlı yayıma başlamış, bununla əlaqədar yaradılan www.naxcivantv.az internet saytının təqdimatı olmuşdur.  Televiziyanın yeni saytının fəaliyyətə başlaması Naxçıvanın informasiya blokadasının yarılması və qədim diyarın tanıdılması istiqamətində atılan növbəti addım kimi mühüm əhəmiyyətə malikdir. 

Naxçıvan Dövlət Televiziyasının internet saytının “Rəsmi xəbərlər”, “Anonslar”, “Televernisaj və videoçarxlar”, “Aktual”, “İctimai”, “Mətbuat səhifələrində”, “Gənclər və idman”, “Ədəbiyyat”, “Turizm”, “Reklamlar və elanlar” bölmələrində müntəzəm olaraq izləyicilərə yeni telemateriallar çatdırılır. Rəsmi xəbərlər isə Azərbaycan, ingilis və rus dillərində təqdim olunur. Saytın gün ərzində müntəzəm yenilənən “Xəbərlər” bölməsində isə muxtar respublikada baş verən yeniliklər, şəhər və kəndlərin inkişafı, təhsil, səhiyyə, mədəniyyət, elm, informasiya texnologiyaları və digər sahələrdən hazırlanan operativ xəbərlər yerləşdirilir. Hazırda saytda “Naxçıvanşünaslıq” və “İslam mədəniyyətinin paytaxtı Naxçıvan – 2018” bölmələrinin yaradılması istiqamətində işlər aparılır.

İnternet saytı yeni yaradılsa da, hər gün orta hesabla 10-15 min müraciət olur. Belə ki, istifadəyə veriləndən ötən 3 ay ərzində naxcivantv.az saytına dünyanın 81 ölkəsindən, 800 minə yaxın müraciət olub. Azərbaycandan 597 min, Rusiyadan 39 min, Türkiyədən 33 min, Ukraynadan 11 min, İrandan 9 min, Gürcüstandan 7 min, Amerika Birləşmiş Ştatlarından 5 min, Almaniyadan 3 min, Ermənistandan 1000 və digər ölkələrdən 89 min müraciət qeydə alınıb.
Beynəlxalq reytinq saytı olan www.alexa.com-un 2017-ci il yanvar ayının 16-na təqdim etdiyi təhlilin nəticələrinə görə, Azərbaycan saytları üzrə reytinq sıralamasında Naxçıvan televiziyasının saytı 3 ay ərzində 10 mindən çox saytı ötərək Azərbaycan telekanallarının rəsmi saytlarının reytinq sıralamasında birinci yerə yüksəlib. Bu sıralamada Naxçıvan televiziyasının rəsmi saytı ölkə üzrə 1087-ci yerdə, Azərbaycan televiziyasının rəsmi saytı ölkə üzrə 1296-cı yerdə, “İctimai” televiziyanın saytı ölkə üzrə 2233-cü yerdə, “Lider” televiziyasının saytı ölkə üzrə 2313-cü yerdə, “ARB” televiziyasının saytı ölkə üzrə 3062-ci yerdə, “CBC” televiziyasının saytı ölkə üzrə 3277-ci yerdə, “Space” televiziyasının saytı isə ölkə üzrə 4247-ci yerdə qərarlaşıb. Beynəlxalq reytinq saytının təhlilindən görünür ki, naxcivantv.az saytı həm də Naxçıvan Muxtar Respublikasının ən çox izlənilən internet resursudur. 
Hazırda Türkiyə Respublikasının canlitviz.com, hdcanlitvizler.com və hdtvler1.net saytlarında Naxçıvan televiziyasının canlı yayım linki yerləşdirilib. Həmin linkdən naxcivantv.az saytına keçid etməklə izləyicilər Naxçıvan televiziyasının canlı yayım səhifəsinə yönləndirilərək televiziyanı birbaşa izləyə bilirlər. 
Bir sözlə, bu gün geniş izləyici kütləsi toplayan naxcivantv.az saytı qədim Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, həm də müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevrilmişdir. Muxtar respublikanın qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və turizm potensialı Naxçıvan Dövlət Televiziyası tərəfindən internet üzərindən bütün dünyaya yayılır, izləyicilərə dəqiq və operativ məlumatlar çatdırılır. Bütün bunların nəticəsidir ki, artıq digər informasiya saytları Naxçıvan haqqında informasiya yayarkən naxcivantv.az saytına da istinad edirlər. 
Naxçıvan Dövlət Televiziyasının kollektivi bundan sonra da internet saytının imkanlarından səmərəli istifadə edərək Naxçıvanda baş verən yenilikləri, əldə olunan inkişafı geniş tamaşaçı kütləsinə çatdıracaq və təbliğ edəcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Televiziya və Radio Verilişləri Komitəsi

"Şərq qapısı"

17.01.2017