Bəhruz Kəngərlinin anadan olmasının 125 illiyi tamam oldu
Görkəmli rəssam Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda dünyaya göz açıb. Bəhruzun atası Şirəlibəy dövrünün tanınmış ziyalılarından olub, şəhər məhkəməsində katib vəzifəsində çalışıb. Bəhruz Kəngərli eşitmə qüsuru olduğuna görə V sinifdən məktəbi tərk etməyə məcbur olub. Atasının evə alıb gətirdiyi kitab və jurnallar onda ədəbiyyat və incəsənətə böyük həvəs oyadıb, rast gəldiyi şəkillərin surətini çıxarmağa başlayıb. Həmin illərdə Cəlil Məmmədquluzadənin Tiflisdə nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalındalkı karikutaralar gənc Bəhruza dərin təsir göstərib. Atası Bəhruzda rəssamlığa sonsuz marağı görüb onu 1910-cu ildə Zaqafqaziyada yeganə olan Tiflis Rəssamlıq Məktəbinə aparır. O bu məktəbdə oxuyan ilk azərbaycanlı tələbə olur. Bəhruz 1915-ci ildə təhsilini başa vuraraq Naxçıvana qayıdaraq geniş fəaliyyətə başlayır. 
Bəhruz Kəngərli təsviri sənətimizin inkişafına, yeni ənənələrlə zənginləşməsinə misilsiz töhfələr verib. Əgər təsviri sənətimizin əvvəlki mərhələsinə nəzər yetirsək, görərik ki, rəssamlar daha çox ənənəvi üslubda işləyib, onların yaradıcılığında miniatürlər üstünlük təşkil edib. Tiflis şəhərində təhsil illərində rəssamlıq sənətinin bədii-texniki vərdişlərini, təcrübi xüsusiyyətlərini öyrənən, Avropada mövcud olan cərəyanlar və qabaqcıl sənətkarların yaradıcılıq dəsti-xətti ilə tanış olan gənc rəssam həm də mövzu zənginliyi ilə Azərbaycan incəsənətinə öz möhürünü vurub. Yaşadığı dövrün gerçəkliklərini, tarixin izlərini yaşadan abidələri təsvir etməklə bu sənətin gücünü tam mənası ilə göstərə bilib. 
Bəhruzu xalqına sevdirən də onun öz sənətinə məhəbbət və vətəndaşlıq prizmasından yanaşması olub. İstər portretlərində, istər mənzərə, istərsə də, natürmortlarında milliliyə daha çox üstünlük verən rəssam bununla da əsərlərinə uzunömürlülük bəxş edib. Onun akademik rəsm əsərlərinə baxanda anatomik quruluş və insan psixologiyasını dəqiq bildiyi bəlli olur. Digər tərəfdən, rəssamın çəkdiyi əsərlərdə bir təbiilik, doğmalıq var. Bəhruz Kəngərli hər bir mövzuya uyğun psixoloji məqamı dolğun təsvir edib. “Qaçqınlar” silsiləsindən olan əsərləri bu baxımdan təqdirəlayiqdir. 1918-1920-ci illər Azərbaycan mühitinin canlı salnaməsini yaradan Bəhruz Kəngərli qadın, kişi və uşaq obrazlarını təsvir etməklə xalqımızın başına gətirilən faciələri gələcək nəsillərə çatdıra bilib. 
Rəssam həmin hadisələr zamanı valideynlərini itirmiş, qaçqın düşmüş yetimləri, kimsəsizləri evinə gətirərək, yedirib-içirər, sonra isə qəlb ağrısı ilə onların portretini çəkərdi. Əsərlərində didərgin ömrü yaşayan insanların acı taleyini, iztirabını geyimlərilə bərabər, onların çöhrələrində, baxışlarında əks etdirib, personajlarının daxili-psixoloji aləmini ifadə edə bilib. Həmin əsərlər silsiləsindən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın oğlan” və onlarla belə rəsm əsəri bu gün də xüsusi dəyərə malikdir. Tarixi mənbə rolunu oynayan bu əsərlər ermənilərin 1915-ci il qondarma soyqırımı kimi əsassız iddialarına tutarlı cavabdır. Vətəndaş yanğısı ilə qaçqın həyatını əsərlərinin mövzusuna çevirən sənətkar əslində tarix yazıb. 
Rəssamın yaradıcılığında tarixi abidələr də üstünlük təşkil edir. Maraqlıdır ki, rəssam müraciət etdiyi tarixi abidələrin əks olunduğu bu tip mənzərə əsərlərini müxtəlif profildən işləyib. “Köhnə qala”, “Mömünə xatun”, “İmamzadə”, “Nuhun qəbri” kimi əsərlər bu baxımdan təqdirəlayidir. Rəssamın 1916-1921-ci illərdə naturadan çəkdiyi “Nuhun qəbri” silsilə əsərləri böyük tarixi əhəmiyyət kəsb edir. Həmin əsərlər altı ayrı-ayrı tablodan ibarətdir. Bu əsərlərdən dördü sulu, ikisi yağlı boya texnikası ilə işlənib. Türbənin məqsədli şəkildə dağıdıldığının şahidi olan rəssam abidənin tarixi əhəmiyyətini nəzərə alaraq, onun mövcud vəziyyətini kətana köçürüb, sonrakı nəsillərə çatdırmağı özünə borc bilib. Nuhun məzarının tapılmasında onun bu abidə ilə bağlı çəkdiyi əsərləri tədqiqatçılar üçün istinad rolunu oynayıb.
Bəhruz Kəngərlinin doğma diyarımızın qədim tarixi abidələrinin rəsmlərini “Naxçıvan yadigarı” adlı albomda işləyərək insanlara hədiyyə etməsi isə ayrıca qeyd olunmalıdır. Bu gün Bəhruz Kəngərlinin sevərək yaratdığı abidələr bərpa olunub, gələcək nəsillərə ərməğan edilib. Bəhruz Kəngərli yurduna hər il dünyanın müxtəlif ölkələrindən qonaq gələn “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm festivallarının iştirakçıları rəssamın ənənəsini davam etdirir, tarixi abidələrimizi kətan üzərinə köçürürlər. 
Bəhruz Kəngərlinin əsərlərindən hiss etmək çətin deyil ki, o, həm də təbiət vurğunu olub. Rəssam təbiət abidələrinin təsvirinə ayrı-ayrı fəsillərdə və günün müxtəlif saatlarında müraciət edib. Məsələn, “İlanlıdağ” əsərini rəssam bir neçə dəfə işləyib, hər birində fərqli gözəllik yaradıb. 
Kökünə bağlı olan, torpağını sevən rəssamın natürmortları da diqqət çəkir. Milli naxışları olan məişət əşyalarının təsviri, habelə məişət səhnələrini təsvir edən əsərlərində (“Toy”, “Elçilik”) qadınların milli geyimdə əksi bunu deməyə əsas verir. Bəhruz Kəngərli fırçasının gücü ilə Azərbaycan mədəniyyətinin zənginliyini göstərib. Qısa ömür yolu istedadlı və daim axtarışda olan rəssamın yaradıcılığını məhdudlaşdıra bilməyib. Belə ki, o, teatr rəssamlığında da ilk olub, 1922-ci ilədək Naxçıvan teatrında “Ölülər” (C.Məmmədquluzadə), “Hacı Qara” (M.F.Axundzadə), “Pəri-cadu” (Ə.Haqverdiyev) kimi 50-yə yaxın tamaşaya bədii tərtibat və geyim eskizləri verib. 
Bəhruz Kəngərlinin karikaturalarını da qeyd etmək olar ki, bütün bunlar da onun yaradıclığının zənginliyindən xəbər verir. 

Bəhruz Kəngərli incəsənətimizin inkişafı naminə yorulmadan xidmət göstərib, öz evində fərdi sərgilər təşkil edib, gənclərə rəsm sənətinin sirlərini öyrətmək üçün dərnəklər yaradıb, Azərbaycan rəssamlığının inkişafına mühüm töhfələr verib. Görkəmli ədəbiyyatşünas-alim Məmmədcəfər Cəfərov öz xatirələrində yazırdı ki, Bəhruz Kəngərli keçmiş Puşkin küçəsində, yəni indiki Rəssamlar Parkının ərazisində fərdi sərgi düzəldərək yoldan keçənləri əsərlərinin sərgisinə baxmağa çağırırdı. Maddi çətinliklərə baxmayaraq gənclərə rəsm sənətinin sirlərini öyrətmək üçün dərnəklər açan Bəhruz Kəngərli onların təhsil alması qayğısına da qalırdı. Naxçıvanda sonralar rəssam kimi tanınmış Hüseyn Əliyev, Adil Qazıyev, Şamil Qazıyev, Əyyub Hüseynov, Bağır Maratlı Bəhruzun tələbələri olublar. 
Təsadüfi deyil ki, Bəhruz Kəngərli yaradıcılığının izlərini tələbələrinin də əsərlərində görmək mümkündür. Bu gün müəlliminin ənənələrini ləyaqətlə davam etdirən Şamil Qazıyevin Naxçıvan Dövlət Tarix Muzeyində nümayiş etdirilən əsərlərinin yanından laqeyd ötüb keçmək mümkün deyil. Bəhruz Kəngərli ruhu duyulan əsərlərdə milli kolorit qabarıqdır. “Naxçıvan bazarı”, “Naxçıvan günbatan vaxtı”, “Qızlar bulağı”, “İnqilaba qədərki Naxçıvan” əsərlərinin müəllifi, həmçinin Naxçıvanın o zamankı müxtəlif peşə və sənət sahiblərini də fırçasının gücü ilə əbədiləşdirib. 
7 il yaradıcılıq fəaliyyəti dövründə realist təsvir tərzi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən 2000-ə qədər portret, mənzərə, natürmort və başqa janrlı əsərlərin müəllifi olan Bəhruz Kəngərlinin əziz xatirəsi doğulub boya-başa çatdığı Naxçıvanda böyük ehtiramla anılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən, rəssamın Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən Sərgi Salonuna onun adı verilib. Şərur şəhərindəki Uşaq İncəsənət məktəbi, həmçinin rayondakı yaşayış məntəqələrindən biri görkəmli rəssamın adını daşıyır. Ali Məclis Sədrinin 2001-ci il 22 may tarixli sərəncamı ilə anadan olmasının 110 illiyi münasibətilə isə Bəhruz Kəngərli Muzeyi yaradılıb. 2002-ci ildə rəssamın xatirəsinə yaradılan muzeyin açılışında ümummilli liderimiz Heydər Əliyev iştirak edib. Rəssamın irsini xalqımızın milli sərvəti adlandıran ümummilli liderimiz muzeylə tanış olub, geniş nitq söyləyib. 
Fəaliyyətə başladığı dövrdən muzeyin ekspozisiyası zənginləşdirilib, Bəhruz Kəngərlinin əsərlərinin böyüdülmüş fotosurətləri hazırlanıb. Hazırda muzeyin fondunda, ümumilikdə, 1000-dən çox eksponat mühafizə olunur ki, onlardan da 366-sı ekspozisiyada sərgilənir. Muzeydə rəssamın 341 rəsm əsəri var. Bu rəsm əsərlərindən 58-i orijinaldır. 
İncəsənət xəzinəmizə dəyərli sənət inciləri bəxş edən Bəhruz Kəngərlinin əsərləri, həmçinin Azərbaycan Dövlət İncəsənət Muzeyində, Moskva Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında və şəxsi kolleksiyalarda qorunub saxlanılır.
Rəssamın zəngin yaradıcılıq irsinə diqqət bununla bitməyib, 
Azərbaycan Prezidentinin “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” 2012-ci il 13 aprel tarixli Sərəncamına əsasən, görkəmli rəssamın yubileyi ölkə miqyasında qeyd olunub.
Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 12 yanvar tarixli “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, bir sıra tədbirlər həyata keçirilib, 
2013-cü ildə yenidənqurmadan sonra açılışı olan muzey yeni eksponatlarla daha da zənginləşdirilib. Rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan 200-ə yaxın əsərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə gətirilib. Ali Məclis Sədrinin qayğısı ilə Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloq nəfis tərtibatla nəşr olunub, 2013-cü ildə muzeydə təqdimatı keçirilib. Albom-kataloqa xronoloji ardıcıllıqla 1911-ci ildən 1922-ci ilədək olan dövrdə çəkilmiş rəsmlər külliyyatı daxil edilib. Albom-kataloqda yer alan “İlanlıdağ”, “Ağrıdağ”, “Əshabi-Kəhf”, “Nəhəcir dağı”, “Qızlar bulağı şəlaləsi”, “Dağ mənzərəsi”, “Qara dəniz” və “Qaçqınlar” silsiləsinə daxil olan əsərlər yüksək bədii sənətkarlıq nümunələridir.
Bəhruz Kəngərli şəxsiyyətinə və irsinə davamlı diqqətin ifadəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 noyabr tarixli sərəncamına əsasən Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılıb, rəssamın abidəsi ucaldılıb, 2016-cı il mayın 25-də III Beynəlxalq Rəsm Festivalı ərəfəsində istifadəyə verilib. 
Bəhruz Kəngərli soyuq bir qış günündə dünyaya göz açıb, elə soyuq bir qış günündə də - 1922-ci il fevralın 9-da, yaradıcılığının çiçəkləndiyi bir vaxtda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 
30 illik qısa ömründə Bəhruz Kəngərli sübut edib ki, rəssam öz sənətinə məhəbbətlə və vətəndaşlıq mövqeyindən yanaşarsa, onun əsərləri xalqın milli sərvətinə çevrilər. 1914-cü ildə Tiflisdə tələbə ikən Bəhruzun təşkil edilmiş ilk fərdi sərgisi uğurlu addım kimi qiymətləndirilib. “İqbal” qəzeti yazırdı: “Cavan rəssamımız doğrudan doğruya gələcəkdə mayeyi-iftixarımız olacaqdır. Şayani-təşəkkür burasıdır ki, nöhəvəs rəssamın karandaşa aldığı rəsmlər öz həyatımızdan götürülmüş milli rəsmlərdir”.
Bu il görkəmli rəssamın anadan olmasının 125 illiyi tamam olur. Zaman nəsillər arasında məsafə yaratsa da, məsafə nəsillərə örnək olan şəxsiyyətlərinin izini itirmir. Belə şəxsiyyətlərin Vətəni, xalqı qarşısında xidmətləri unudulmur, qoyub getdikləri irs nəsillərdən- nəsillərə ötürülür. Bəhruz Kəngərli irsi dəyərli xəzinə, Bəhruz Kəngərli şəxsiyyəti iftixarımızdır. 

Ruhiyyə Rəsulova
Naxçıvan televiziyası
"Palitra" qəzeti  23.01.2017

 

.