Bu sərhəd kəndinin insanlarını yurd yerlərinə qırılmaz tellər bağlayır

Aqrar sahədə qazanılan iqtisadi uğurlar insanların aylarla çəkdikləri zəhmət, axıtdıqları tər, torpaqla sıx ünsiyyətləri hesabına əldə olunur. Dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatının hərtərəfli inkişafına dəstək göstərilir. Yerli məhsulların istehsalını artırmaq, əhalini keyfiyyətli ərzaqla təmin etmək və səmərəliliyi yüksəltmək üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi öz bəhrəsini verir. Azərbaycan Respublikası Prezidentinin əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı dövlət proqramlarından irəli gələn vəzifələrin muxtar respublikada icrasının təmin edilməsi regionumuzda da aqrar sahənin inkişafını, məhsul istehsalının artırılmasını stimullaşdırır.

Bu günlərdə yalçın qayaların sinəsinə sığınmış Gömürə doğru uzanan yol boyu ətrafı seyr etdikcə, yadımıza böyük şairimiz Səməd Vurğunun “Azərbaycan” şeiri düşürdü. Vətənimizin təbii gözəlliklərini şair o qədər incəliklə, ürəkdən gələn sözlərlə ifadə edib ki, adam harada bir təbiət gözəlliyi görürsə, o şeirin bu yerlərə həsr olunduğunu düşünür.

Kəndi dövrələyən dağlara və dərələrə baxanda dağında qış, dərəsində payız olan bu yurd yerində – fəsillərin qovuşduğu ünvanda türfə çiçəkləri də, payızın barını da gördük. Belə bir kəndə uzanan dağ yolunun dövlət qayğısı ilə yenidən qurulması, rahat, rəvan olması, təmizliyin göz oxşaması yolçunu yoldan bezikdirmir. Getdikcə dağların çiyninə birləşibmiş kimi görünən qara örtüklü, hamar yollar bizi qarşılayan, “qol-boyun” olan yemişan, itburnu, yovşan, gəvən, dağ armudu və adını bilmədiyimiz onlarca yabanı ağac və kolların salxım-salxım bar-bəhərini bizə “göstərirdi”.

Biz dağların, sanki, buludlarla birləşdiyi yerə – Gömür kəndinə çatanda burada payızın soyuq havası adamı üşüdürdü. Çəmənində yaz havası duyulan dağların çiçəklərinə baxanda isə onların payızın səmum yellərindən solmuş çöhrəsini gördük. Payızın bu yerlərdə yenicə ətək salmasına baxmayaraq, qışın nəfəsi dağı-daşı “yalayıb” gəlişini bəyan edirdi. Yəqin, elə bundandır ki, burada çiçəklər gec açır, tez solur. Qönçə dodaqların türfə təbəssümü silinməmiş, qırışı açılmamış payızda qış “qılıncını” silkələyir. Belə bir təbii gözəlliyə sahib olan Gömür kəndində dövlət qayğısı ilə indi müasir sosial obyektlərin və məktəb binasının sakinlərin istifadəsinə verilməsi, kənd əhalisinə yüksək səviyyədə iş şəraitinin yaradılması gömürlülərin yurd sevgisini artırır.

Təsərrüfat həyatı

Əsrarəngiz təbii gözəllikləri olan sərhəd kəndində olarkən ahıl, ağsaqqal insanlarla görüşdük. Onlar kəndin bu günündən fərəhlə danışaraq dedilər ki, Gömürün bir neçə il əvvəlki vaxtını yada salıb indisi ilə müqayisə etmək belə mümkün deyil. Çünki əvvəllər kənd yolunun çox bərbad olması bu yurd yerinə adicə gediş-gəlişi belə mümkünsüz edirdi. Tez-tez yol qəzalarının baş verməsi sakinlərin təşvişinə səbəb olurdu. Kəndin quruculuğundan danışmaq olmazdı. Burada biz sakinlər illərlə davam edən geriliyin şahidi olmuşuq. Həmçinin də əkin-biçin yaxşı olmayıb. Təsərrüfatlarda mal-qaranın sayı ilbəil azaldığından məhsul istehsalı da yox dərəcəsində idi. Amma indi kəndimizdə hər şey dəyişib. İllərlə dəmyə qalan torpaq sahələri də əkildiyindən bu gün kəndimiz gülüstana çevrilib. Çünki o torpaqlar başdan-başa əkilir, becərilir, suvarılır, məhsul istehsal olunur. Nəticədə, insanların da gəlirləri artır. Heyvandarlıq üçün yem bazası yaranır.

 Məlumdur ki, arıçılıqda əkin sahələrinin bol olması vacib amil olduğuna görə bal istehsalı da kənddə ilbəil artır. Yaxşı qazancı olan sakinlər evlərini, yollarını, hasarlarını təmir edir, müasir formaya salırlar. Bu da Gömürün ümumi görünüşünü dəyişir. Bütün bunlar kəndliyə göstərilən qayğı və onun çəkdiyi zəhmət hesabına əldə olunur, – deyən ağsaqqallardan biri – Ənvər İsmayılov söylədi ki, Allaha şükürlər olsun, bu il də zəhmətimiz hədər getmədi. Əkin sahələrindən bol məhsul götürdük. Onu yavaş-yavaş bazarda satıb pula çeviririk. Bağ-bağçalarımızda da, gördüyünüz kimi, bol məhsul var. Alma, armud ağaclarının budağı yerə dəyir. Bu da puldu da...

Təqaüdçü müəllim Ə.İsmayılov onu da qeyd etdi ki, indiyədək ağaclardan tonlarla alma, armud yığmışlar. Qoz da ki, öz yerində. Çuvallara doldurub qışa saxlayırlar. Süfrədə nemətlər bol olur. Alması, armudu, qozu bol olan bağlarımız kimi otlu, sulu dağlarımızda da yaxşı mal-heyvan bəsləyirlər. Düzdür, əziyyət çəkirlər, amma bunun müqabilində yaxşı da dolanışıqları var:

– Çünki ehtiyacımız olan əti, yağı, südü, pendiri, balı, yumurtanı, toyuğu, kartofu, kələmi, bazardan almırıq. Deməli, lazım olan ərzaq məhsullarını özümüz istehsal edirik. Bu məhsullardan artığını bazara çıxarıb qazandığımız pulla da ev tikdiririk, arzusunda olduqlarımız əşyaları, xüsusən  yaxşı mebellər alırıq. İndi kənddə kimin evinə getsən, şəhərdəki evlərdə nə varsa, onu görərsən. Deməli, bizə göstərilən dövlət qayğısının müqabilində yaxşı işləməlisən ki, yaxşı da yaşayasan. İşləmək üçün də bizə yaxşı texnika, gübrə, toxum, pul verilir. Ehtiyacımız olan nə varsa, hamısı dövlət tərəfindən qarşılanır. Ona görə də əkinçiliklə məşğul olan da, heyvandarlıqla məşğul olan da bu sahəni inkişaf etdirə bilir.

Möhkəm işləyib yorulanda isə üz tuturuq kənd klubuna. Burada yaxşı şərait var. Dincəlmək üçün nərd, şahmat oynayıb vaxtımızı mənalı keçiririk. Evdə də ki, qazımız, işığımız, suyumuz normal olduğundan heç bir problem yaranmır. Televizorlarımız bütün kanalları göstərir. Əvvəllər təkcə Azərbaycanın bir kanalına baxa bilirdiksə, indi onlarca kanala baxmaq imkanımız var. Telefonlarımız da ki, öz qaydasında işləyir. Ay qızım, gördüyün kimi hər nə istəsək var. Yaxşı yaşayırıq. Bizə bundan başqa nə lazımdır? Ona görə də kəndimizi dünyanın heç bir məmləkətinə dəyişmərik. Nankor ermənilərin dədə-baba torpağından qovub-çıxardığı soydaşlarımızdan da bir neçəsi özünə burada yuva qurub. Onlara da dövlətimiz yaxşı yaşamaq üçün şərait yaradıb. Ən vacibi isə onlar üçün fərdi mənzillər tikilib. Heç bir gileyimiz yoxdur...

 

Kəndli dövlət qayğısından razılıq edir

 

Kənd sakinləri ilə söhbətim zamanı bildirdilər ki, bu il 35 hektar sahədə kartof əkilmiş, yaxşı da məhsul əldə olunmuşdur. Hektarın məhsuldarlığı 150 sentnerə çatmışdır. Kənd əhalisi əsasən “Kartofluq”, “Topçular”, “Ferma”, “Ayrınc obası”, “Xəşələr” massivlərində kartof əkməyə çalışırlar. Çünki həmin massivlərin torpaqları məhsuldardır. Əkin sahələrindən istənilən qədər məhsul götürən zəhmətkeşlər ilbəil daha çox əkməyə meyil göstərirlər. Buna görə də əkin sahələrinin ərazisi getdikcə çoxalır.

Kənddə olarkən ən çox kartof əkən Rövşən Əlipənahovla da görüşdük. O, bildirdi ki, bu il “Kartofluq” massivində bolluca məhsul istehsal edib. Hər hektara əkilən 3 tona yaxın toxumdan dəfələrlə artıq məhsul yığaraq bazara çıxarıb. R.Əlipənahov onu da qeyd etdi ki, dağı-dərəsi su olan, havası sərin, torpağı bərəkətli bu kənddə bir əkən beş götürər.

Kənd sakinlərinin fikrincə, məhsul bolluğunun yaradılmasında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin də rolu var. Bildirdilər ki, istənilən vaxt kənd təsərrüfatı texnikalarına olan ehtiyacın ödənilməsi təsərrüfat işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, əməyin yüngülləşdirilməsinə səbəb olur. İstehsalçılar vurğuladılar ki, texnika əkinçinin sağ əlidir. Lazım olan müxtəlif təyinatlı texnikanın Gömürdə də istehsalçılara vaxtında çatdırılması əkinin, qulluğun, yığımın da aqrotexniki qaydalara əsasən vaxtında həyata keçirilməsinə imkan verir.

Dünyagörmüşlər qışa tədarük etdikləri tonlarla meyvəyə – qoza, kartofa, soğana heyrətlə baxdığımı görüb dedilər ki, bu yerin torpağı da bitirməyə, yetirməyə həvəslidir. Nəyi harada, necə əkməyi yaxşı bilən insanlar buna görə çəkilən zəhmət sayəsində bol məhsul götürürlər.

Zəhmətinin bəhrəsini görən insanlardan ayrılanda gün günorta vədəsinə çatmışdı. Uca dağları, əlçim-əlçim qayaları olan, dərəli-təpəli kənd yolları ilə maşınımız şütüdükcə ətrafdakı mənzərə bizi heyran edirdi.

Şəhla Nəbiyeva,
Şahbuz rayonu

"Xalq qəzeti"  28.11.2016