Nura boyanmış yurd yeri

Müstəqilliyimizin bəhrələri

Naxışnərgiz Naxçıvan Muxtar Respublikasında o qədər də böyük olmayan yaşayış məntəqələrindən biridir. Babək rayonunun ərazisində, Qahab kəndinin yaxınlığında, dağların aşağı ətəklərinə sığınmış yurd yeridir. Bu kəndin maraqlı bir tarixçəsi var. Belə ki, Naxışnərgiz kəndinin əhalisi – indiki sakinlərin ulu babaları bu yerdən xeyli aralıda, Nəhəcir dağının ətəklərində, füsunkar bir yerdə yaşamışlar.

Qədim yurd yerləri olan Naxışnərgiz və Süraməlik bir-birinin yaxınlığında olan, sazlı-sözlü aşıqları, el ağsaqqalları, xanım-xatın ağbirçəkləri ilə seçilən dağ kəndləri idi. Bu kəndlərdə toxunan xalçalar, kilim və palazlar adla deyilərmiş. Bağ-bağçalardakı meyvələrin dadı-tamı bambaşqa imiş.

Lakin sonralar çətinliklər yaranmış, əhalinin yaşayışında, güzəranında problemlər baş qaldırmış, ən başlıcası isə təsərrüfat və içməli su qıtlığından əhali tədricən bu yerləri tərk etməyə başlamış, indiki Naxışnərgiz kəndində və ətraf yaşayış məntəqələrində məskunlaşmışlar.

Bəs, bu kəndə niyə Naxışnərgiz adını veriblər? Yaşı 80-ə yaxın olan kənd ağsaqqalı İsmayıl Zamanov söyləyir ki, bir vaxtlar bu kənddə Nərgiz adlı bir qadın yaşayırmış. Xalça ustası imiş. Onun toxuduğu xalçalar keyfiyyətinə, rəng çalarlarına, cizgilərinə görə seçilərmiş. Nərgiz nənə toxuduğu xalçaların ipliyini yerli balbas cinsli qoyunların yunundan hazırlayar, onları cəhrədə əyirərmiş.Bu iplərə yurd yerlərinin təbiətindən, geniş düzlərindən topladığı güllərdən, çiçəklərdən rəng qatarmış. Xalçaçı qadın əl işinə fərqli ilmələr vurar, mürəkkəb toxunuşa malik sənət əsəri yaradardı. Hətta onun toxuduğu xalçalardan biri o vaxtlar keçirilən mötəbər sərgilərin birində yüksək yer tutub, mükafat alıbmış.

Deyilənə görə, həmin xalça indi də Sankt-Peterburq muzeylərinin birində qorunub saxlanılır. Ulu babalarımızın dediyinə görə, elə bu kənd də ətraf sahələrinin naxışlı-nərgizli olmasına və Nərgiz nənənin toxuduğu xalçaya görə Naxışnərgiz adlandırılıb.

Onu da qeyd edək ki, kəndin indiki sakinləri də zəhmətkeş insanlardır, torpağa, əməyə bağlıdırlar. Sənəti, sənətkarı qiymətləndirən, adət-ənənələri yaşadandırlar. Bu kənddə 1898-ci ildə inşa olunmuş məscid binası olub. Qədim Pir hesab edilən yer də bu kəndin ərazisindədir.

Mən özüm bu kənddə ilk dəfə ötən əsrin 90-cı illərinin əvvəllərində olmuşam. Jurnalist marağı, Naxışnərgiz adı məni çəkib bu yerə gətirmişdi. Balaca bir kənd idi. Yolları narahat, ətraf miskin görkəmdə, evləri, həyət-bacaları o qədər də ürəkaçan deyildi. Problemlər çox idi. Lakin ötən əsrin 90-cı illərinin ortalarından kəndə yenilik ab-havası gəldi, hər bir sahədə canlanma başlandı. İnsanların doğma ocağa bağlılığı, qurub-yaratmaq əzmi artdı. İkinci kərə qovuşduğumuz müstəqilliyimizin nuru, bu balaca kəndə də gəlib çatdı, onun qaranlığa qərq olmuş gecələrini, ara-sıra işıq görünən evlərini nura boyadı.

 

Su torpağa məlhəmdir

 

Naxışnərgiz kəndlisi xəyalına belə gətirməzdi ki, gün o gün olacaq onun yaşadığı, həvəslə əkib-becərmək istədiyi ərazilərə su çıxarılacaq, özü də gen-bol, işlədə biləcəyi qədər. Amma bunun işartıları, gözləntiləri vardı. Bir vaxtlar ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Vayxır su dəryaçası (onu haqlı olaraq, Heydər Əliyev su anbarı adlandırdılar) muxtar respublikanın təbiətini gözəlləşdirdi, torpaqlarını cana gətirdi, min hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatıldı, ruzi-bərəkət artdı, iqtisadiyyat yüksəldi, kənd adamının üzü güldü. Bu sevincdən Naxışnərgiz kəndlisinə də pay düşdü.

Bəli, bu gün 100 milyon kubmetr su tutumu olan anbar muxtar respublika iqtisadiyyatında mühüm rol oynayır. Hələ onun üzərində qurulmuş 4,5 meqovat gücündə olan su elektrik stansiyasını demirik. Sonralar belə stansiyaların sayı da artdı və bir vaxtlar elektrik enerjisi sarıdan korluq çəkən qədim diyar enerji idxalçısından ixracatçısına çevrildi. Bütün bunlar hamısı ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin, eləcə də müstəqilliyimizin gətirdiyi töhfələr deyilmi? Gəlin bu töhfələri muxtar respublika timsalında deyil, elə haqqında bəhs etdiyimiz kiçik bir yaşayış məntəqəsinin, günü-gündən böyüyən, gözəlləşən Naxışnərgiz kəndinin timsalında verək.

 

Müstəqillik işığına bürünən kənd

 

Bəli, bir vaxtlar inşası böyük ümidlərlə həyata keçirilən 100 milyon kubmetrlik su anbarı istifadəyə verildikdən sonra Naxçıvan kəndlərində xeyli canlanma yarandı, əkin-biçin işləri sürətləndi, kəndlinin sabaha inamı artdı. Heydər Əliyev su anbarından ayrılan sağ və solsahil kanalları onlarca kəndin ərazisindən keçdi. Nəinki Babək rayonunun, eləcə də digər rayonların sosial-iqtisadi inkişafına təkan verdi. Bir baxın, kiçik bir yaşayış məntəqəsi olan Naxışnərgizin siması nə qədər dəyişildi. İnsanların gün-güzəranı yaxşılaşdı, evlərdə taxılın, çörəyin bolluğu yarandı, torpağın yaşıl libası artdı, ruzi-bərəkət çoxaldı.

Bu kiçik yaşayış məntəqəsində 176 təsərrüfat, 650 nəfər əhali və 864 hektar ümumi torpaq sahəsi var. Kənd əhalisinin əksəriyyəti əkinçilik, taxılçılıq, heyvandarlıq və arıçılıqla məşğul olur. Bu payız günlərində kənd ətrafı sahələrdə bir qələbəlik müşahidə edirsən. Naxışnərgizin ətraf sahələrinə, Qutan dağı, Selov, Qurd dağı adlandırılan ərazilərə çıxanda, kəndli zəhmətinin ətrini, bəhrəsini hiss edirsən, görürsən. Bir tərəfdə şum qaldırılır, başqa bir tərəfdə taxıl əkilir, suvarılır. Heyvandarlar davarlarını dağ yamaclarına yayıb. Yoncalıqlarda, otlaq sahələrində bəslənilən cins mallar, inək və düyələr gümrahdır. Arıçılar arı yeşiklərinin ətrafındadırlar. ­Bostan-tərəvəz sahələrindən, meyvə bağlarından payız məhsulları yığılır.

Kəndətrafı sahələrdəki bu xoş görüntülər bizi əli qabarlı zəhmətkeş insanların, torpaq adamlarının yanına çəkib gətirdi, onlarla elə geniş tarlalarda, bərəkət qoxuyan, çəkilən zəhmətin bəhrəsi duyulan ərazilərdə həmsöhbət olmaq istəyi yarandı.

 

Torpaq ruzi mənbəyidir

 

Qırx ilə yaxındır ki, mətbuat, radio-televiziya sahəsində çalışıram. Bu illər ərzində muxtar respublikamızın bütün bölgələrində olmuş, kəndlərini gəzmiş, yüzlərlə zəhmətkeş insanla, torpaq adamı ilə görüşüb söhbət etmiş, qayğıları ilə maraqlanmışam. Əminliklə deyə bilərəm ki, torpağa baş əyən, alın təri axıdan əliqabarlı insan çəkdiyi zəhmətin bəhrəsini görür, yaxşı dolanır. Torpağın iş yeri olmasını isə ona baş əyənlər yaxşı bilir. Elə Naxışnərgiz kəndinin ətraf sahələrində həmsöhbət olduğumuz insanlar da bunu nikbinliklə söylədilər.

Torpaq mülkiyyətçisi Zaman Zamanov əlində bel taxıl əkini sahəsindəydi. Əkin keçirilmiş sahə suvarılırdı. Qarayanız, vüqarlı bir adamdı. Görüşüb hal-əhval tutduq. Dolanışığından, kəndin müasirləşməsindən həvəslə danışdı. Dedi ki, təsərrüfat adamıdır. Gördüyü işin müqabilində yaxşı da məhsulu olur. Taxıl, yonca, tərəvəz əkir, heyvandarlıq məhsulları istehsal edir. Bir neçə ildir ki, heyvandarlığın keçiçilik sahəsinə də maraq göstərir. Deyir ki, artıq onların sayını 25-ə çatdırıb. Dözümlü heyvandır. Südünün, pendirinin əvəzi yoxdur.

Bu ərazidə başqa bir kənd sakini, 55 yaşlı təsərrüfat adamı Bulud Nəcəfovla da həmsöhbət oluruq. Qamətli bir adamdı. Otlu-sulu sahəyə düzdüyü arı ailələrinə qulluq göstərirdi. Bərəkətli olsun! – deyib salamlaşdıq, hal-əhval tutduq. Yaxınlıqdakı avtomobili göstərib: – Yəqin ki, sizinkidir, – deyə soruşdum. Bəli, çəkdiyim zəhmətin müqabilində illik qazancım 10 min manatdan yuxarı olur, – dedi. – 30-dan artıq arı ailəsi var. Bu peşəni nəsillikcə davam etdiririk. Atam, babam arıçılıqla mışğul olublar. Zəngin təbiətimiz var. Arıçılıq üçün sərfəlidir. Bu sahə ilə məşğul olanlara dövlət qayğısı da var. Arı xəstəliklərinin qarşısını almaq üçün vaxtlı-vaxtında dərmanlarla təchiz olunuruq. Baytar həkimlər də mütəmadi olaraq gəlib arı və heyvandarlıq təsərrüfatlarına baxır, profilaktiki tədbirlərini aparırlar. Bax, gördüyünüz tərəvəz sahələrini ailə üzvlərimlə birlikdə becərirəm. Övladlarımı da torpağa, zəhmətə bağlı ruhda tərbiyə etmişəm, məhsullarımızın isə dadına, tamına söz ola bilməz. Təsərrüfat suyu da boldur. Bəli, bu şəraitdə kim pis dolanırsa, günah onun özündədir. Torpağı iş yeri hesab edirəm. Məni dolandırır, güzəranımı da yaxşılaşdırır. Kifayət qədər torpaq var, təsərrüfat suyu var, əkinçilikdə işlədiləcək texnikalarımız var, istehsal etdiyimiz məhsulun da ki, alıcısı var. Keyfiyyətli olduğundan müştərilərimiz elə kəndin özündədir. Uğurlarımız artdıqca işə həvəsimiz də çoxalır. 15-20 il bundan əvvəl çətinliklərimiz olurdu, amma bu gün onların hamısı arxada qalıb. Qəsəbə tipli bir kənddə yaşayırıq. Buna necə sevinməyək, ruhlanıb işləməyək.

Sirab gölünün yaxınlığında, Naxışnərgiz kəndinin torpaq mülkiyyətçilərinə məxsus geniş bir ərazidə payızlıq taxıl əkilirdi. Həmsöhbətlərim nikbinliklə – Qoçaq mexanizatorlardır, mövsümi işlərdə yaxın köməkçilərimizdir, – deyə söylədilər.

Onlardan birinə – Məhəmməd Məhəmmədova yaxınlaşdıq. Bir vaxtlar iş üçün Bakı şəhərinə getmiş və orada yaşayıb fəaliyyət göstərmişdi. Məhəmmədi kənddəki sosial-iqütisadi inkişaf yenidən doğma ocağa çəkib gətirmişdir. Mexanizator peşəsinə yiyələnən Məhəmməd iftixarla- indi kəndimizdə biz gənclər üçün iş yerləri çoxalıb. Gənc mexanizatora fərdi ev tikmək üçün torpaq sahəsi də ayrılıb, indi həmin ərazidə ev də tikir.

 

Çörək ətri

 

Əkinçiliyin müxtəlif sahələrinin, xüsusən də taxılçılığın inkişafı əhalinin taxıla, çörəyə və digər məhsullara olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə zəmin yaradır. Naxışnərgiz kəndində 2012-ci ildə müasir tipli çörəkbişirmə sexi də fəaliyyətə başlayıb. Sahibkar Yusif Zamanov deyir ki, bu, taxılın, çörəyin bolluğu ilə əlaqədardır. Əvvəllər evlərimizdə təndirlər qalanardı, çörək bişirilərdi. Amma indi müasir tipli lavaşbişirmə sexi qurmuşuq. 5 nəfər kənd sakini burada işlə təmin olunub. Çörəkbişirmə texnologiyasına yaxından bələd olan qadınlar yerli taxılın unundan keyfiyyətli, ətirli, dadlı-tamlı çörək ərsəyə gətirirlər. Lavaşdan əlavə dəstana, çıppa, qalın və digər milli çörəklər də bişiririr, yerli undan ərişdə kəsirik.

 Sahibkara məxsus “Rəhimə” lavaşbişirmə sexindəki səliqə-səhman göz oxşayır. Xalat geyinmiş qadınlar xüsusi həvəslə xamır yoğurur, kündələyir, onu müasir avadanlıqların köməyi ilə bişirirlər. Yerli taxılın ununun isə ətirli, dadlı-tamlı çörəyi çıxır.

Biz sexdə olarkən burada çalışanları nikbin əhval-ruhiyyədə gördük. Dedilər ki, çörək sarıdan heç bir çətinlik yaşamırlar. Taxılımız, çörəyimiz boldur. Kənd adamları öz istehsalları olan unu sexə gətirir, onların sifarişi ilə lavaş bişirilir və ünvanlarına çatdırılır.

Sahibkarın həyət-bacası da bolluqdan, xoş güzərandan xəbər verirdi. Üstü payız meyvələri ilə dolu qoz, alma, armud, heyva, nar ağacları sıralanmışdı. Bir neçə yerdən bulaq suları axırdı.

Birmərtəbəli yaşayış evindəki dizayın işləri, səliqə-səhman xoş güzərandan, bolluqdan xəbər verirdi. Ailənin sonbeşik övladı Şəfiqə isə dibçək güllərini, çiçəkləri sulayırdı. Yaşıllığa, gülzarlığa qayğını bu kənddə hər bir evdə, hər bir ocaqda gördük. Demək, Nərgiz nənənin xeyirxah ənənələri yaşadılır, təbiətə, torpağa naxışlar salınır, gözəllik nümunəsi yaradılır.

Bu yerdə bir zəhmətkeş kəndlinin evində də olduq, nahar süfrəsinə qonaq edildik. Süfrədəki bütün nemətlər kənd adamının özünün istehsalı olan təbii məhsullardı. Bu görüntüləri görəndə xəyal məni 40-50 il əvvələ apardı. Bir vaxtlar kənd evimizdə anamın xüsusi zövqlə bişirdiyi xörəklərin dadını-tamını hiss etdim, duydum ki, bu yerdə də milli mətbəx ənənələri qorunub yaşadılır.

 

Ağsaqqal sözü, ağbirçək öyüdü

 

Bir nümunəvi ailədə olmaq, sayılıb, seçilən ağsaqqal, ağbirçəklə görüşüb söhbət etmək istəyimi bildirəndə, 80-ə yaxın yaşı olan İsmayıl kişini soraq verdilər. Adi kəndli həyətinin darvazasından içəri girəndə gözlərimizə inanmadıq. Zəngin, təmtəraqlı həyət-bacalar çox görmüşük. Amma bu həyət onlardan tamamilə fərqlənirdi. Belə ki, İsmayıl kişinin həyət-bacasında maddi vəsait daha çox sərf olunmadan onun öz zəhmətinin, öz əməyinin bəhrəsi vardı. Bir vaxtlar onun öz əli ilə əkilmiş hündür qoz ağaclarının kölgəsində yan-yana bir neçə inək, kökəldilməyə bağlanmış danalar vardı. Qoz ağaclarının isə üstü məhsulla dolu idi. Bu gün, sabah yığılacaqdı. Həyətin bir küncündə isə hinduşka saxlanılan yer də ayrılmışdı. Altmışa yaxın hinduşkanın hərəsinin çəkisi 7-8 kiloqram gələrdi.

Həyətin bir yarısı isə ata-babadan becərilən, Günəşdən nur almış şirin-şəkər üzümlük üçün ayrılmşdı. Digər meyvələrin də ətri həyəti bürümüşdü. Subtropik bitkilər, rəngbərəng güllər, çiçəklər də az deyildi.

Bəs, bu naxış-naxış cilalanmış bol bəhərli yaşıllıq bağçanın sahibi kimi idi? Qarşımızda isə vüqarla dayanmış, qəddi-qaməti yerində olan, nurani bir el ağsaqqalı dayanmışdı. Elə bil fikrimizdən keçənləri, hansı sual ünvanlayacağımızı da duymuşdu.

– Bəli, oğul, bütün bunların hamısının yaradanı, quranı mən özüməm. Yaşım səksənə yaxınlaşsa da özümü qıvraq hiss edirəm. Həmişə də torpaqla, zəhmətlə, iş-güclə məşğul olmuşam, təbii qidalar qəbul etmişəm. İndinin özündə də tezdən oyanıram, mal-heyvanı naxıra ötürürəm. Beləcə təsərrüfat qayğılarım başlayır. Payızlıq taxılı da vaxtında əkmişəm. Əkin-biçin üçün lazım olan texnikalarımız da kifayət qədərdir. Əsası sudur. O da ki, daimi var. Kəndimizin yuxarısından keçən kanalda təsərrüfat suyu kifayət qədərdir. Gənclərimizə həmişə tövsüyə etmişəm ki, iş insanın cövhəridir. Çalışsan, zəhmət çəksən bəhrəsini də görərsən. Sağ olsunlar sözlərimizi də eşidirlər. Kəndimizin gəncləri qoçaqdırlar, zəhmətkeşdirlər, qurub-yaradır, fərdi təsərrüfatlarını qururlar. İndiki dövrdə kimin ki, ruzi-bərəkəti azdır, deməli, o tənbəldir.

Söhbət məqamında İsmayıl kişinin ömür-gün yoldaşı Səhər xanım da gəldi. Bizi mehribanlıqla qarşıladı. Aydın çöhrəli, mehriban bir qadındı. Birlikdə elə həyətdəcə qoyulmuş stol arxasına keçdik. – İsmayıl kişi, yəqin ki, qonaq gözləyirdiniz, hə, deyə soruşduq. Fikrimizi anlayaraq sevinclə dedi: Bax, o qədim samovar ki, görürsünüz, qış aylarına kimi həyətin yuxarı tərəfindədir. Elə gün olmaz ki, samovar qaynatmayaq. Səhər xanımla birlikdə çox mehriban bir ailəmiz var. Zarafat deyil, 10 övlad böyüdüb ev-eşik etmişik. Sovetin dövründə 10 uşağı olan qadınlara Qəhrəman ana deyirdilər, hələ sinəsinə medal da taxırdılar. Nəvə-nəticəmizin sayı isə 40-a yaxındır. Bu gün-sabah kötücə sevincini də yaşayacağıq. Xoşbəxtlik, firəvan həyat hər kəsin öz əlindədir. Gərək ona sahib olmağı bacarasan. Bax, süfrədə gördüyünüz bütün bu nemətlər kənd məhsulları, təbii qidalardır.

Bütün bu xoş günləri, kəndlərimizdəki sosial-iqtisadi inkişafı, əmin-amanlığı gördükcə qəlbim dağa dönür, gündən-günə sanki gəncləşir, daha qıvraq oluram, – deyə, ixtiyar qoca sevincini gizlətmədi. Çay süfrəsi ətrafında əyləşən el ağsaqqalının, ağbirçək nənənin şirin söhbətlərini dinləyə-dinləyə bu xoş görüntüləri fotokameranın yaddaşına, zəhmət ətri ilə yoğrulmuş fikirlərin isə diktafona köçürürəm.

 

Ziya ocağı

 

Uzun illər Naxışnərgizdə məktəb binası olmayıb. Kənd uşaqları qonşuluqdakı Qahab məktəbində təhsil alıblar. 2014-cü ilin dekabrında isə bu kiçik yaşayış məntəqəsində bir sıra mühüm infrastruktur layihələri reallaşdırılıb, kompleks quruculuq işləri aparılıb. İki mərtəbəli kənd mərkəzi və zirzəmi qatı ilə birlikdə 3 mərtəbəli 234 şagird yerlik məktəb binası inşa olunub, xidmət mərkəzi istifadəyə verilib. İndi sakinlər bir mərkəzə doğru gəlir, qısa vaxtda öz yerli məsələlərini burada həll edirlər. Qeyd edək ki, kəndin gələcək inkişaf perspektivinə hesablanmış bu yeni binaların xidmətindən qarşıdakı onilliklər ərzində səmərəli şəkildə istifadə etmək mümkün olacaq.

Naxçışnərgiz kənd tam orta məktəbində 162 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur. Burada kimya, biologiya, fizika labaratoriyaları, müxtəlif fənn kabinələri, elektron lövhəli siniflər, müasir kompüterlər quraşdırılmış tədris otaqları vardır. Kənd məktəbində xarici dillərin tədrisinə də diqqət yetirilir. Yaradılan nümunəvi şəraitin və lazimi tədrisin nəticəsidir ki, məktəbin məzunlarından 6 nəfəri bu il müxtəlif ali və orta ixtisas məktəblərinin tələbəsi adına layiq görülüb. Məktəbin direktoru Anar Fərzəliyev və kənd ziyalısı Əmrah Rzayev qarşıdakı illərdə daha yüksək nəticələr qazanacağını nikbinliklə söyləyirlər.

Bəli, bir vaxtlar Nərgiz nənənin böyük həvəslə, ustalıqla toxuduğu o qiymətli xalçanın naxışlarını, rəng çalarlarını indi Naxışnərgiz kəndinin özündə, təbiətində, yolunda, yeni binalarında, bağında-bağçasında aydın görə bilirsən. Kənd ətrafı yüksəkliklərdən baxanda sanki təbiət bu yerdə gözəl bir xalı sərib. Bu qədim yaşayış məntəqəsi heç vaxt indiki qədər gözəl, cazibədar olmayıb. Payız fəslinin gətirdiyi rəng çalarları isə daha gözəldir. Sanki təbiətin qoynunda, Naxışnərgiz adlı məkanda böyük bir xalı canlı olaraq torpağın üzərinə ilmələnib. Bu tablonun müəllifləri isə zəhmətkeş Naxışnərgiz kəndlisidir, uğurla həyata keçirilən iqtisadi siyasətin və müstəqilliyin gətirdiyi bəhrələrdir.

Ümummilli lder Heydər Əliyev bir vaxtlar kəndlərimizi məhz belə yaraşıqlı, müasir görkəmdə görmək istəyirdi, bunun üçün diqqət və qayğısını da əsirgəmirdi. O qədər də böyük olmayan, lakin qəsəbə görkəmi alan Naxışnərgiz də məhz ulu öndərin arzuladığı, görmək istədiyi kəndlərdən biridir, çiçəklənən yurd yeridir.

Məhəmməd Fərəcov,
Naxçıvan Dövlət Televiziyasının
baş redaktoru

"Xalq qəzeti" 12.12.2016