Bakıda növbəti  “Qızıl Qran-pri” turniri keçirilir

Noyabrın 24-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin oyunlarına start verilib.

Doqquzuncu dəfə təşkil olunan turnirin ilk günündə Azərbaycan idmançıları 7 medal qazanıblar. Əllidən çox ölkədən 700-ə yaxın güləşçinin mübarizə apardığı turnirin birinci günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Daha çox gənc güləşçilərə şans verən yığmamız ilk günün sonunda  3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) qazandırıblar. Gitinomaqomed Hacıyev (70 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medallara isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborov (97 kq) layiq görülüblər.

Yarışın ikinci günüdə qadın güləşçilər mübarizəyə qoşulublar. Baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi 12 qadın güləşçimiz birincilik uğrunda mübarizə aparır. Yarışda ölkəmizi Patimat Baqomedova, Şəfəq Muradzadə, Sona Tumarxanova (hər üçü 48 kq), Leyla Qurbanova, Anjela Doroqan (hər ikisi 53 kq), Alyona Kolesnik, Solmaz Həşimzadə (hər ikisi 55 kq), Tatyana Omelçenko, İrina Netreba (hər ikisi 60 kq), Elmira Qəmbərova (63 kq), Elis Manolova (69 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edirlər.

Turnirə noyabrın 26-da yekun vurulacaq.