Naxçıvanlı futbolçular milli komandanın heyətinə cəlb olunacaq

 Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi istedadlı gənc futbolçuları üzə çıxarmaq və onları ölkə futboluna qazandırmaq məqsədilə yeni layihəyə başlayıb.

Nazirliyin təşəbbüsü ilə Azərbaycanın 15 və 16 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmmədov Naxçıvana dəvət olunub. Məqsəd ölkəmizdə yeni yaranan 15 və 16 yaşlılardan ibarət milli komandanın heyətini müəyyənləşdirməkdir. Bu, həmçinin gələcək vəd edən futbolçuların yetişdirilməsi və bununla da ölkə futbolunun inkişafına xidmət edəcək.

Naxçıvanlı  yeniyetmə futbolçuları da heyətə cəlb etmək istəyən Vüqar Məmmədov onları Naxçıvan Muxtar Respublika Stadionunda izləyib. Baş məşqçi  Naxçıvanda olduğu 2 gün ərzində yeniyetmə futbolçular üçün seleksiya məşqləri də aparıb.

Milli komandamızın baş məşqçisi yeniyetmələr arasında gələcək vəd edən istedadların olduğunu vurğulayıb. O qeyd edib ki, dekabrın 15-də keçiriləcək təlim-məşq toplantısında istedadı ilə seçilən uşaqları müəyyənləşdirərək yığma komandanın heyətinə dəvət edəcək.

Gənclər və İdman Nazirliyindən aldığımız məlumata görə, müxtəlif yaş qrupları üzrə məşqçilər bundan sonra da Naxçıvana dəvət olunacaq.

 

Elvin Quliyev

NTVxəbər