İslam Səfərli şeirlərinin mövzusu rəngarəngdir, bu şeirlər onun üçün mənəvi ehtiyac və könül çırpıntılarının ifadəsidir. Bu şeirlərdə elinə, obasına, xalqına olan məhəbbət obrazlılıq, dil səlistliyi, poetik ifadə tərzi və şeir üçün lazım olan nə varsa öz əksini tapıb. Onun şeirləri o qədər yığcam, düşünülmüş, sadə bir dildə yazılıb ki, sanki bir misranı çıxarsan bütün gözəlliyə xələl gətirə bilərsən. Çünki bu şeirlərin  axıcılığı, sözlərin düzümü vəhdət təşkil edir, bir biri ilə elə zəncirvari bağlıdır ki, birini götürsən digərləri öz qüvvəsini itirəcəkdir. Bu baxımdan onun təkrarsız nəğmələri haqqında danışmamaq mümkün deyil.

İslam Səfərli nəğməkar şairdir. Onun lirikasında çay, göl, dəniz, bulaq, çiçək, zirvə və digər obrazlar özünəməxsus cizgilərlə, məna çalarları ilə seçilir. Səmimilik, axıcılıq, oynaqlıq, musiqiyə uyarlı onun şeir yaradıcılığını xarakterizə edən vacib əlamətlərdir.

O, hər zaman şeirdə sözlərin düzümünə, xüsusi fikir verib. Şair “Batabat bulağı” şeirində yazıb:

 

Bulaqların bir səmtədir axarı,

“Salvartı” nın xoş görünür baxarı,

Biçənəkdən at səyirib yuxarı,

Yalmanına yata-yata gəlmişəm

Mərcan gözlü Batabata gəlmişəm..

 

Bu misralar həzin bir musiqi kimi necə də axarlıdır. Məhz şairin şeirlərindəki bu xüsusiyyətlər onu nəğməkar şair kimi tanıdıb Azərbaycanımıza... Bunun nəticəsidir ki, görkəmli bəstəkarlarımızdan Cahangir Cahangirov, Tofiq Quliyev, Səid  Rüstəmov, Ramiz Mirişli, Emin Sabitoğlu, Ramiz Mustafazadə, Nəriman Məmmədov və başqaları daim onun şeirlərinə müraciət ediblər. Ona görədir ki, şairin 200-dək  şeirinə bəstələnən mahnılar sevimli müğənnilərimiz tərəfindən ifa edilməkdədir.

Şairin “Ana” şeirinə görkəmli  bəstəkarımız Cahangir Cahangirovun bəstələdiyi mahnı Xalq artisti Rəşid Behbudovun ifasında ömrünün sonunadək səslənib:

 

 Könlümün nuru, canım ana

Böyütdün sən məni yana-yana.

Odlusan gül kimi, bir qaynar həyat kimi,

Borcluyam mən sənə, sənə bir övlad kimi,

 Əziz ana.

 

“Ağ şanı qara şanı”, “Qonaq gəl bizə”, “Ağ xalatlı həkimlər”, “Bakı,  sabahın xeyir!” -  bu  mahnıları uzun illər müğənnilərimizin repertuarında yer tutmaqdadır. Bu mahnıların yaranma səbəbləri  vardır.

“Bir könül sındırmışam” mahnısı necə yaranıb?

Günlərin bir günündə İslam Səfərli “Sahil” qəsəbəsindəki bağlarında istirahət edərkən, süfrə arxasında özü də bilmədən saf qəlblə nə deyirsə qadın dostlarından biri ondan inciyir. Qəlbi uşaq qəlbi qədər saf olan şair bütün gecəni yata bilmir. “Axı, nə üçün o, məndən incisin”, - deyir. Əlinə kağız-qələm götürüb ürəyini ağ varaqlara köçürür:

 

                                                                Mən onu dan ulduzu,

                                                          Zərrin şəfəq sanırdım.

                                                                  Kimə inanmasam da,

                                                                  Bir ona inanırdım.

 

                                                                   O, bir qaranquş kimi

                                                                  Qəlbimdə yuva qurdu.

                                                                 Acı dilim qurusun

                                                                Dilim onu uçurtdu.

 

                                                                Saçlarının gül ətri,

                                                          Titrəyən ovucumda.

                                                               Bu intizar gözlərim

                                                              Ağlar yol ayrıcında.

 

                                                              Qəbahətim böyükdür,

                                                              Ay ellər, dünən axşam

                                                             Bir ürək sındırmışam,

                                                            Bir könül sındırmışam!

 

Həmin vaxt şairin yaxın dostu Əlfi Qasımov da bu məclisdə olduğundan İslam  Səfərli hələ hava işıqlanmamış yazdığı şeiri götürüb, onun yanına yollanır. Əlfi Qasımovunda bağı İslam Səfərlinin bağı ilə yanbayan idi. Səhərin altoranlığında Əlfi Qasımov pəncərənin astadan döyülməsini eşidir. Pəncərənin qabağında yatan Əlfi Qasımov boylanıb İslam Səfərlini görür.

-Gecənin bu vaxtı xeyir ola ay İslam, nə olub, bir şey yoxdur ki?

-Yoxdur da sözdür, hələ ki, yatmamışam. Dünənki məclisdə neçə il duz-çörək kəsdiyim adam məndən incidi. Heç özüm də bilmədim, bu  necə oldu? Qulaq  as, bu  şeiri təsirdən yazmışam.

Əlfi Qasımov şeiri dinləyib təsirlənir. Deyir: -“İslam, sənin doğrudan da böyük ürəyin var. Bu şeirdən sonra səndən heç kəs inciməz. Get bundan sonra gözünün dincini bir az al, hər şey yaxşı olacaq...”

Tezliklə bu şeirə tanınmış bəstəkar Ramiz Mirişli həmişəyaşar bir musiqi bəstələyir. Azərbaycanın Xalq artisti, əvəz olunmaz ifası ilə ürəklərə yol tapan sevimli muğənnimiz Şövkət Ələkbərovanın ifasında bu mahnını dinlədikcə adama elə gəlir ki, bütün küsülülər bu mahnını eşitdikdən sonra barışacaq. Bax, belə kövrək idi,  İslam Səfərlinin qəlbi......