Cəlil Məmmədquluzadə

Naxçıvanda bir səyahət

Rəbiüs-sani ayının 17-ci günü Naxçıvana varid oldum. Gecəni “islam” mehmanxanasında qalıb, rahat oldum.

Həmd olsun Tanrıya “islam” qostini iki ildir ki, bina olub. Bir az müddətdə Yevropa sayağı ilə qonaqlara hörmət və ehtiram göstərirlər. Sübh çayımı içəndən sonra durub səyahətə məşğul oldum. Yayın isti günəşi çıxıb, öz nuru ilə aləmi münəvvər eləmişdi. Və sübhün lətif yeli əsib gah-gah balaca ağacların yarpaqlarını səsləndirirdi. Gəzə-gəzə Naxçıvanın məşhur “Skver” bağına tərəf yollandım və orada olan pakizə bir stulun üzərində əyləşib gələn-gedənlərə tamaşa edirdim. Bu əsnada bir nəfər qədim dostlarımdan sual elədim ki, indi Naxçıvana çox qəzet gəlirmi?

Rəfiqim cavab verdi:

“Şərqi-Rus” qəzeti çox gəlir və buranın adamları onu oxumağı çox dost tuturlar.

Soruşdum ki, həftədə neçə dəfə ziyarət olur?

Cavab: Rəbiüs-sani ayının səkkizinə kimi həftədə üç dəfə ziyarət və qiraət olurdu. Amma indi həmd olsun Tanrıya ki, hər gün oxunur.

Bu cavabı ki, dostumdan eşitdim, çox şad və məsrur oldum və dedim:

“Şad dil baş ke, dilşadəm kərdi”.

Nəhayət dərəcədə təbrik edirəm “Şərqi-Rus” qəzetini ki, iki ilin müddətində Xudavəndi - aləmin hövl və qüvvətilə müsəlman qardaş­larımızın arasında gün kimi aşkar oldu. Təbrik edirəm! Maşallah!

Sübhün ruhəfza yeli hərəkətdə idi. Bağın bülbülləri günagün nəğ­mələr ilə xalqı şad edirdi. Bu əsnada gözümün önündə olan bir xarab olmuş və uçmuş binaya nəzərim düşdü ki, bir neçə il bundan irəli uçub xarab olmuşdu. Və onun divarlarını taxta-para ilə hər tərəfdən mıxça ilə bərkitmişdilər.

Diqqət nəzərilə baxanda guya bir mötəbər məscidə oxşayırdı. Mən yanımda əyləşən adamdan sual elədim ki, o buna ki, uçub xarab olub, o əvvəl nə imiş?

Cavab: - O məşhur olan Zaviyə məscididir ki, Naxçıvanın keçmiş illərində əvvəlinci məscid idi ki, hər il əyyami-məhərrəmdə buraya cəm olub, təziyeyi-Hüseyn əleyhüssəlamı itmam edirdilər.

Amma bir neçə il var ki, uçub xarab olubdu. Naxçıvanın həmiy- yətliləri hər il qeyrətlə bir yerə cəm olub, siyahı ediblər ki, pul yığıb bunu tikdirsinlər. Yenə iş düzəlməyib, naqis qalır.

Bu cavabı yoldaşımdan eşidəndə söyüd ağacına təkyə edib, dərin fikirə piçidə oldum. Bu halda yoldaşım məni dümsüklədi və dedi: - Bax!

Baxıb gördüm ki, on adam bir, on beş adam bir başlarında tabaq (xonça), içində bir kəllə, kimisi iki kəllə qənd peydərey aparırlar. Mən təəccüb ilə dostumdan sual elədim ki, bunlar hara gedirlər və bu qənd­ləri kimə aparırlar?

Yoldaşım: Bu gün bir xani-valaşən öz köhnə evindən təzə tikdir­diyi evə yığışıb. Bu gün mübarəkbadlıqdan ötrü ona qənd aparırlar. Onun dediyinə görə bu qəndləri paylamaq üsulu qədim vaxtdan av- mün-nas adamlardan övladlarına qalan vəsiyyətdi.

Gün bir az isinmişdi. Yarpaqların səsi kəsilmişdi. Bülbüllər günün hərarətindən pərakəndə olub getmişdilər. Zatən bunları dinləməyə kimdə hal qalmışdı!!

Məscidin xaraba qalmağı insanı qüssənak edirdi və camaatın bu mərtəbə avamlığı adamı dərədə mübtəla edirdi. Durub yoldaşımın ətəyindən yapışıb, Naxçıvanın qərb tərəfinə rəvanə olduq.

Müştəri

“Şərqi-Rus”, 27 iyun 1904,  №86