Eynəli bəy Sultanov

“Zəmanə ədiblərindən nələr tələb etmək lazımdır” məqaləsindən

 El ədibləri aşıqlar öz barələrində söyləyiblər:

 “Aşıq gördüyünü çağırar”. Bu fikrin mənasını o cür anlamaq lazımdır ki, ədib, yəni xalq müəllimi gördüyünü, düşündüyünü, yəni həqiqəti və anladığını gərək doğrudan-doğruya elə söyləsin ki, eşidənlər üçün də bir ibrət olsun.

 Bunları nəzərə alaraq, biz ilk əvvəl ədibdən istedad və məharət, sonra isə qanacaq tələb etməliyik.

   Bir millətin ki, bilikli ədibi olmadı heç olmaması ondan məsləhətlidir. Çünki biliksiz ədib xalqın ağlını çaşdırıb onu elə dərdə salar ki, ondan biçarə millət qurtara bilməz.

   Bilik insanda kamil olmalıdır. Yarımçıq biliyin zərəri xeyrindən çoxdur.  

  Kamil bilik ilə bərabər, ədibin əxlaqı ayna kimi dumduru və təmiz olmalıdır. Bəd əxlaq ədib nüfuz sahibi ola bilməz, sözləri xalq kütləsinə təsir etməz.

Ədibdən tələb etdiyimiz bilik nədir və əxlaq nədən ibarətdir? Ədibə elm təhsili lazımdır. Təhsil kamil də olmasa, elə dərəcədə olmalıdır ki, gələcəkdə günbəgün artsın ki, əksilməsin.

   Təhsilləri az olan ədiblərin çoxları istedadları gücünə yaşadıqca elmlərini artırıb axırda alimlik dərəcəsinə çatıblar, amma ədiblik rütbəsinə çatan alimlər çox azdırlar. Bunun da səbəbi odur ki, ədiblər bir yandan xalqı öyrədirsə, o biri yandan da özü öyrənir...