Eynəli bəy Sultanov

1912-ci ildə  “Zaqafqaziya” qəzetində çap olunmuş “Naxçıvan şəhərində kişi gimnaziyası açmaq haqqında” məqaləsindən

 Cari ilin may ayında gözlənilməz şad bir xəbər naxçıvanlıları sevindirdi. Şəhər başçısının Qafqaz tədris mahalı hamisindən aldığı və cəmiyyətə elan etdiyi teleqramda deyilirdi ki, Naxçıvanda altı sinifli kişi gimnaziyası açmaq məsələsi prinsip etibarı ilə tamamilə həll edilmişdir. Lakin bu şərtlə ki, şəhər əhalisi bir dəfəlik yardım olaraq 5000 manat və hər il 2000 manat vəsait verməli və gimnaziya binasını tikmək üçün yer ayırmalıdır.

 Tədris mahalı hamisindən teleqram alınması İrəvan valisinin Naxçıvana gəlməsi ilə bir vaxta düşmüşdür. Şəhər başçısı işlər haqqında məruzə edərkən vali əmr etmişdir ki, ilk əvvəl tələb olunan vəsaiti əhalidən yığmaq üçün qəza rəisinin sədrliyi altında dərhal komissiya təşkil edilməli, ikincisi, illik vəsait köməyi və gimnaziya binası üçün yer ayırmaq haqqında qərar qəbul etmək üçün şəhər müvəkkillərinin təcili iclası çağırılmalıdır. Vali şəxsən özü şəhər nümayəndələri ilə birlikdə şəhəri gəzmiş və yuxarıda qeyd olunmuş məqsəd üçün az-çox yararlı olan yerlərə baxmışdır. 

Komissiya təşkil edildi. Bu komissiyanın tərkibinə ruhanilərin nümayəndələri: pravoslav keşişi və müsəlman qazisi də daxil oldular, şəhər müvəkkillərinin qərarı qəbul olundu, bina tikmək üçün yer ayrıldı.

        Əhalidən pul toplayan komissiyanın işi ilk gündən çox müvəffəqiyyətlə gedirdi. Bütün bunların sayəsində komissiya 5-6 gün ərzində 9000 manata qədər, yəni tədris mahalı hamisinin teleqramında tələb olunandan xeyli çox vəsait toplaya bildi.

        Mənim həmyerlilərimi həvəsdən salmamaq üçün burada nöqtə qoymalı idim. Lakin, təəssüf ki, həqiqət mənafeyi üçün bunu edə bilmərəm. Həqiqət isə, məlum olduğu kimi, kədərlə əkizdir...

Qafqaz tədris mahalı hamisinin dəftərxanasından aldığım məlumatlardan aydın oldu ki, cari ilin sentyabr ayından Naxçıvanda kişi gimnaziyası açmaq məsələsi nəinki həll və təsdiq edilməmiş, Naxçıvanda gimnaziya açmaq məsələsi heç qaldırılmamışdır.