Eynəli bəy Sultanov

1907-ci ildə “Zaqafqaziya” qəzetində çap olunmuş “Son söz” məqaləsindən:  

Mənim xalqımın düşmənləri kimdir? Onların hamısı şəxsi mənafeyini ictimai mənafedən üstün tutub, yalnız bunun üçün xalqı qurban verənlərdir, xalqın əqil və zəkasının inkişafını dayandırmağa can atanlardır.

Mən yaşamağa mane oluram? Kimə? Yalnız xalqımın düşmənlərinə... Mənim xalqımın düşmənləri mənim şəxsi düşmənlərimdir.  

Mən səni sevirəm, mənim xalqım!

Bütün məramımla, bütün qəlbimlə, bütün varlığımla sevirəm!

Səni bütün bəşəriyyəti sevdiyim kimi sevirəm!

Və sevərək sənin həyatını müşahidə edirəm, sənin övladlarını öyrənirəm, sənin dost-düşmənlərini bir-birindən seçirəm... Sənə olan məhəbbətimdən ilhamlanaraq onlardan bəzilərini öz açıq yazılarımda ifşa etmişəm: nəinki bəzilərini, hətta bir çoxunu. Amma onlar sənin övladların deyillər, xalqım mənim!

Əgər mənim nitqlərimin səsi qulağına çatsa, bil ki, səni düşmənlərindən qoruyuram, xalqım mənim!

Mən inanıram: sənin irəliyə doğru hərəkətini ləngidən hər cür buxovlardan azad olacağın vaxt uzaq deyildir.