İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının

 vitse-prezidenti, akademik

  Məslək dostu

  Eynəli Sultanov  5 may 1866-cı ildə Naxçıvan şəhərində, Çölü bəy Nadir bəy oğlu Qullarağasıyevin ailəsində dünyaya gəlmişdir.

 Eynəli bəy Sultanov Naxçıvan qəza məktəbində ibtidai təhsil almışdır. Onun sonra harada və hansı məktəbdə təhsilini davam etdirməsi barədə də fikir müxtəlifliyi mövcuddur: gimnaziya (yeri, ünvanı, adı qeyd olunmadan) (20) və Tiflis klassik gimnaziyası. (16; 19; 32) Tiflis klassik gimnaziyasında oxumasına dair heç bir rəsmi sənəd yoxdur. Hətta tədqiqatçılar həmin mülahizəyə etiraz edirlər. (1) Bizim Ermənistan Dövlət Tarix arxivindəki «İrəvan kişi gimnaziyası» adlı fonddan əldə etdiyimiz sənədlər isə Eynəli Sultanovun 1880-1886-cı illərdə bu təhsil ocağında oxuduğunu qəti şəkildə sübuta çatdırır. (5) Gənc gimnazist burada – İrəvan kişi gimnaziyasında rus, latın, yunan, fransız dillərindən dərs keçmiş, riyaziyyat, fizika, tarix, coğrafiya, ilahiyyat, hüsnxətt fənlərini öyrən­miş­dir. (9) Dilləri və ədəbiyyatları dərindən öyrənməyə xüsusi həvəs göstər­miş­dir. 1881-1882-ci tədris ilinin imtahanlarında yunan dili və ədəbiyyatı, latın dili və tarixdən «əla» qiymətlər almışdır. Təhsil illə­rin­də o, tərcümə məşğələlərində də fərqlənmişdir. Belə ki, Eynəli Sultanov fransız, latın, yunan dillərindən rus dilinə, yaxud rus dilindən həmin dillərə tərcümə məşğələləri zamanı xüsusi qabiliyyət nümayiş etdirmişdir. 24 fevral 1884-cü il tarixdə latın dilindən təklif olunan idio­matik ifadələri rus dilinə düzgün tərcümə edən 4 nəfər gimnazistin arasında onun da adı yazıl­mışdır. 29 aprel 1884-cü il tarixdə o, rus dilindən imtahan zamanı V.Qoqolun «Köhnə dünya mülkədarları» əsərinin məzmununu danışmış, nəzərdə tutulan parçanı eyni zamanda fransız, latın və yunan dillərinə tərcümə etmişdir. İmtahanda «əla» qiymət alan olmamış, biliyini sınaqdan çıxaran 16 nəfərdən yalnız Eynəli bəy Sultanovun cavabları tələbkar komissiya tərəfindən «yaxşı» ilə qiymətləndirilmişdir. 19 may 1886-cı il tarixdə suallarının tərkibində tərcüməyə aid tapşırıqları olan latın dili imtahanında «əla» qiymət alan iki nəfər müdavimdən biri Eynəli bəy Sultanov idi.

     Müqayisə üçün deyək ki, Cəlil Məmmədquluzadənin təhsil aldığı Qori Mü­əl­limlər Seminariyasının proqramlarında yalnız ana dili və rus dilinin tədrisi nəzər­də tutulurdu. Burada Avropa dilləri tədris olunmurdu. Buna görə də Cəlil Məm­məd­quluzadənin «Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətləri» (22, 52, 45) Eynəli bəy Sultanovdan eşidib öyrənməsi təbii idi.

   Ana dili və ədəbiyyatın öyrənilməsində də gimnazist Eynəli bəy Sultanovun müəyyən nailiyyəti olmuşdur. O, İrəvan kişi gimnaziyasında 1880-1885-ci illərdə dövrünün tanınmış pedaqoqu Mirzə Elxanovdan, axırıncı tədris ilində isə Qori seminariyasının məzunu Firudinbəy Köçərlidən (1863-1920) dərs almışdır.

Yüksək hazırlığına, mənəvi yetkinliyinə, ədəbi istedadına görə Eynəli bəy Sultanovun İrəvan kişi gimnaziyasında axıradək oxuyub tam kursu bitirməsinə ehtiyac qalmamışdır. Formulyar siyahıda oxuyuruq: «5 iyun 1886-cı ildə gimnaziyanın yeddinci sinfindən çıxmışdır. Həmin il gimnaziyanın Pedaqoji Şurasının qərarı ilə ona şəhər ibtidai məktəblərində müəllimlik etmək hüququ verilmişdir. Bu barədə 538 saylı şəhadətnamə almışdır». (4)

Eynəli bəy Sultanov Naxçıvanın maarifçi mühitinin formalaşmasına hələ gimnaziya şagirdi ikən xidmət göstərmişdir. O, 1882-1883-cü illərdə Naxçıvanda «Ziyalı məclisi», «Müsəlman Şiə Dram İncəsənəti Cəmiyyəti» kimi ədəbi-mədəni mərkəzlər yaratmışdır. Yeniyetmə gənclik üçün bu cəmiyyətlər sözün həqiqi mənasında məktəb funksiyasını yerinə yetirmişdir. O, Naxçıvan şəhərində «mədəni-maarif tədbirlərinin təşkilatçısı, mütərəqqi ziyalılar dəstəsinin ilk müəllimi və tərbiyəçisi kimi tanınmışdır». (39, s.147) Buna görədir ki, C.Məmmədquluzadə onu «özündən artıq huşyar dost» (22, s.188) kimi qiymətləndirmiş, «maarif aləminə» (22, s.245)  daxil olmasında gimnaziya məzununun müstəsna rolunu xüsusi qeyd etmişdir. Əlbəttə, «dostluq hər iki yazıçı üçün xeyirli olmuşdu».(20, s.54)  Eynəli bəy Sultanov da öz növbəsində C. Məmmədquluzadənin timsalında özünün məslək və əməl dostunu tapmışdır. Onlar bir-birlərinin «səsinə səs verən sirdaşlar» (22, s.188) kimi vahid cəbhədə birləşmişlər. Naxçıvan teatrının yaradılması (1886), müxtəlif maarifçi-mədəni tədbirlərin həyata keçirilməsi onların hər ikisinin birgə kollektiv səyinin nəticəsi idi. Bundan başqa Eynəli bəy Sultanov «Ziyalı məclisi» üzvlərinin köməyi ilə bir sıra əməli tədbirlərin həyata keçirilməsinə çalışmış, Naxçıvanda «kitabxana açdırmağa nail olmuşdur».(19, s.20-21)

Gimnaziyanı bitirdikdən sonra Eynəli bəy Sultanovun Qarsda (2, s.147) və Naxçıvanda (39, s.147) yaşayıb-işlədiyi qeyd olunur. Fikrimizcə, Eynəli bəy Sultanov 1886-1891-ci illərdə qısa fasilələrlə Naxçıvanda yaşamış, əsasən Qarsda şəhər «Upravasında rütbəsiz məmur»,  yaxud «mühüm işlər üzrə məmur» (6, s.12) vəzifələrində çalışmışdır.  Lakin o, Naxçıvan mühiti ilə əlaqələri kəsməmiş, ədəbi-mədəni tədbirlərdə yaxından iştirak etmişdir. Xüsusən, buradakı teatr hərəkatı bilavasitə onun rəhbərliyi ilə formalaşmışdır.

Eynəli bəy Sultanov 90-cı illərdə İrəvan şəhərində fəaliyyətini davam etdirmişdir. «İrəvan quberniyası Dairə məhkə­məsi prokurorunun katibi Eynəli bəy Sultanovun şəxsi işi»ndəki 17 səhifəlik tərcümeyi-hal sənədləri 1892-1902-ci illəri əhatə edir. Bu dövrdə o, quberniya idarəsində birinci də­rə­cəli dəftərxana xidmətçisi (18 may 1892-ci ildən), İrəvan Dairə məhkəməsində tərcüməçi (10 oktyabr 1893-cü il tarixdən), məhkəmə katibinin köməkçisi (1 yanvar 1894-cü ildən) vəzifələrində işləmiş, hətta Dairə məhkəməsində mülki işlər üzrə üçüncü stolun rəisi olmuşdur (11). Hüquq idarələrində təcrübə qazanan Eynəli bəy Sultanov prokurorluq orqanlarına işə keçirilmiş, 1897-1903-cü illərdə Dairə məhkəməsi prokurorunun köməkçisi vəzifəsini daşımışdır (11). Şübhəsiz, bu illərdə C.Məmmədquluzadənin də pedaqoji fəaliyyətdən hüquq idarələrinə işə keçməsində, İrəvan şəhərinə köçməsində onun mühüm xidməti olmuşdur. Hətta fikrimizcə, Mirzə Cəlilin rusdilli mətbuat orqanları ilə əməkdaşlığa istiqamətləndirilməsi də Eynəli bəy Sultanovun adı ilə bağlıdır. Çünki o, hələ 1891-ci ildən «Novoe obozrenie» qəzetində ardıcıl olaraq ədəbi-publisist yazılarla fəal iştirak edirdi. Bu qəzetdə dərc olunmuş «Balıqçı və balıq nağılı Köçərlinin tərcüməsində», (26) «Azərbaycanlılar nə oxuyurlar», (27) «Bir daha şiə müsəlmanlarının dini şəbihləri haqqında», (28) «Şahtaxtinski və şərq fonetik əlifbası» (29) və s. məqalələri, habelə «Kiçik sərgüzəşt», (30) «Novruz ağa» (31) hekayələri böyük marağa səbəb olmuşdur. Haqlı olaraq etiraf olunduğu kimi, «E.Sultanov «Novoe obozrenie» qəzetində çap olunan çoxsaylı məqalələri ilə özünü geniş sosial-ictimai və mədəni maraq dairəsinə malik, yaradıcı «mən»i ilə seçilən istedadlı publisist və yazıçı kimi tanıtmışdır». (7, s.17)

C.Məmmədquluzadə digər maarifçi sahələrdə olduğu kimi, mətbuat işində də Eynəli bəy Sultanovun «səsinə səs vermişdi». Hətta «Poçt qutusu», «Yan tütəyi» hekayələri də bu illərdə yazılmışdır. Eynəli bəy Sultanov Mirzə Cəlilin hekayə yaradıcılığını, xüsusən «Yan tütəyi» hekayəsini bəyənib təqdir etmişdir.(23, s.11)

Mətbuat sahəsindəki fəaliyyətini davam etdirən Eynəli bəy Sultanov 1905-1908-ci illərdə «Kaspi» qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri olmuşdur. Burada onun «İrəvan hadisələri» (12), «İrəvan hadisələri barədə həqiqət» (13), «Professor İ.M.Seçenev» (14) və s. məqalələri çap üzü görmüşdür. Bu illərdə o, eyni zamanda 1906-cı ildən etibarən İrəvan Dairə məhkəməsi prokurorunun Naxçıvan mahalı üzrə köməkçisi vəzifəsini də daşımışdır. 1907-ci ildə Dövlət Dumasına deputat seçilmişdir.

Şəxsi həyatında da yeniliklər baş vermişdir. Həmin il o, Naxçıvan şəhəri ətrafındakı Göynük, Sürməlik və Sirab kəndlərindəki torpaqlarını kəndlilərə bağışlamışdır.

1908-ci ildən etibarən Eynəli bəy Sultanovun həyatı və yaradıcılığının Tiflis dövrü başlanır. Ömrünün sonunadək əsasən Tiflisdə yaşayan ədib bu mühitdə bir daha püxtələşib formalaşmışdır. Tiflis ictimai-ədəbi mühiti Eynəli bəy Sultanovu məhsuldar yazıçı-publisist və tərcüməçi kimi yetişdirib tanıtmışdır.

Eynəli bəy Sultanov «Закавказье» qəzetinin «Müsəlman həyatı» şöbəsinin müdiri olmuş, rusdilli mətbuatda əməkdaşlıq etmişdir. «Kavkazskaya kommuna» qəzetinin redaktoru    (1921-1923), «Yeni fikir» qəzetinə əlavə kimi nəşr edilən «İşıq yolu» qəzetinin məsul katibi vəzifələrində (1924-1926-cı illər) işləmiş, «Dan ulduzu» jurnalının fəal əməkdaşlarından (1928-ci ildən) biri olmuşdur. «Закавказье» qəzetində «Azərbaycan ziyalısı haqqında düşüncələr» (1908, №240), «Naxçıvanda nələr danışırlar» (1912, № 140), «Zaqafqaziya müsəlmanları haqqında» (1912, №142), «Hüquqi köməksizlik»; «Закавказская речь» qəzetində «Müsəlmanların həyatı və mətbuatı» (1914, №29), «Qafqaz xalqlarının bir-birlərinə münasibətinə dair məsələlər» (1914, №55), «Zaqafqaziya müsəlmanları və müharibə» (1914, №181), «Türklər Qafqazda» (1915, №4), «Rusiyanın maliyyə məsələlərində Zaqafqaziyanın rolu» (1915, №15) və s. kimi dövrün mühüm ictimai-tarixi problemlərini əks etdirən publisist məqalələrlə çıxış etmişdir. Ardıcıl olaraq «Molla Nəsrəddin» jurnalı və mollanəsrəddinçilərin müdafiəsində dayanmışdır.

Mübariz publisistin məqalələrində Qafqaz və şərq xalqlarının həyatı və mənafeyi öz əksini tapmışdır. Bununla belə, Eynəli bəy Sultanov vətəndaş bir publisist kimi daha çox mənsub olduğu xalqın dərdlərinə çarə axtarmışdır. «Müsəlman xalqına son söz», «Xalqa məhəbbət», «Ziddiyyət», «Zəruri izahat» və s. məqalələr qüvvətli milli-xəlqi ruhda köklənmişdir. «Xalqa məhəbbət» məqaləsində deyilir: «Mənim xalqım! Səni azad insanlar içərisində azad, xoşbəxtlər içərisində xoşbəxt, maarifçilər arasında maarifçi görə biləcəyəmmi?».(33)

Geniş dairədə tanınmış Eynəli bəy Sultanovun publisistikasında Naxçıvan mövzusu da mühüm yer tutur. Onun «Naxçıvan məktubları» silsilə məqalələrində milli oyanış və maarifçilik məsələləri qələmə alınmışdır. Həmin silsiləyə daxil olan «Naxçıvan xəbərləri», «Naxçıvanda nə danışırlar», «Dövlət dumasına seçkilər», «Naxçıvan kişi gimnaziyası haqqında», «Naxçıvan publikası» və s. kimi məqalələrində əsarət və köləlikdən xilas olmağa, ictimai-mədəni tərəqqiyə ardıcıl bir çağırış vardır.

Beləliklə, «məqalələrini rus dilində yazması və dərc etdirməsi Eynəli bəy Sultanova Azərbaycan gerçəkliyini geniş oxucu dairələrinə çatdırmağa imkan vermişdir».(2, s.23)

   Eynəli bəy Sultanov ilk növbədə Tiflisin teatr mühitinin ye­ni mərhələdəki inkişafına kömək etmişdir. O «Zubalov adı­­na xalq evi» yanında Azərbaycan dram şöbəsinin əsas tə­sis­­çilərindən biri olmuşdur (1909). Hətta az sonra Eynəli bəy Sul­tanov Gürcü Əyanlar teatrında təşkil olunan Azərbaycan Teatr Cəmiyyətinin də bürosuna üzv seçilmişdir (1911).(8, s.53)

   Eynəli bəy Sultanovun müxtəlif tamaşalara yazdığı resenziyalar, ayrı-ayrı aktyorlar haqqında məqalələr Tiflisdəki Azərbaycan teatrının təşəkkülünə müsbət təsir göstərmişdir. Vaxtilə şəbeh tamaşalarını araşdırıb öyrənən, Naxçıvan teatrının əsasını qoyan müəllifin artıq xeyli dərəcədə formalaşmış milli teatr barədəki fikirləri əsasən peşəkarlığı və vətəndaşlıq mövqeyi ilə diqqəti cəlb etmişdir. Onun C.Məmmədquluzadənin «Ölülər», N.Nərimanovun «Nadir şah», Ü.Hacıbəyovun «Arşın mal alan», «Əsli və Kərəm» əsərlərinə, Şekspirin «Otello», habelə Şəmsəddin bəy Saminin «Dəmirçi Gavə», Volterin «Sultan Osman» kimi tərcümə əsərləri əsasında hazırlanmış tamaşalara yazdığı resenziyalarda Azərbaycan teatr sənətinin təşəkkülü, yüksəliş çətinlikləri, uğur və kəsirləri öz əksini tapmışdır. Məşhur «Ölülər» tragikomediyasının ilk dəfə səhnəyə çıxarılması münasibətilə yazılmış resenziya tamaşaya yüksək qiymət verməklə yanaşı, bir sıra ədəbi-tarixi məlumatları ilə diqqəti cəlb edir. Məqa­lə­də oxuyuruq: «Bir neçə il bundan qabaq yazılan, lakin müxtəlif səbəblər üzün­dən tamaşaya qoyulmayan «Ölülər»in ilk tamaşası böyük müvəffəqiyyətlə keçmişdir. Bu klassik əsərin tamaşası azərbaycanlı qadınlara xüsusilə daha çox təsir etmişdir. Onlar əsərin müəllifinə hör­mət və məhəbbət əlaməti olaraq zə­rif xalça bağışlamış və mək­tub vasitəsilə C.Məmmədquluzadəni səmimiyyətlə təbrik etmişlər».(34)

Eynəli bəy Sultanov eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, 1912-1916-cı illərdə Tiflis birinci qadın gimnaziyasında rus dili dərslərini tədris etmiş, 1917-ci ildən isə ana dili müəllimi və sinif nəzarətçisi vəzifəsində çalışmışdır. O, həmçinin latın əlifbasına keçmək uğrunda ardıcıl səy göstərmiş, Yeni əlifba komitəsi Tiflis şöbəsinin katibi vəzifəsini daşımışdır (1924).

Ümumiyyətlə, Eynəli bəy Sultanov hələ XIX əsrin   80-ci illərində ədəbi fəaliyyətə başlamışdır. O, əsasən dram və nəsr əsərləri yazmışdır. Onun «Azər­bay­can qızı» («Tatarka») pyesi səksəninci illərdə Naxçıvanda tamaşaya qo­yul­muş, 1904-cü ildə İrəvanda kitab halında nəşr edilmişdir. (3, s.26) Əsərdə qadın azad­lığı məsələsi qoyulub müəyyən səviyyədə həll edilmişdir. Komediyanın əv­və­lində verilmiş «Müəllifdən bir neçə söz»də yazıçı «müsəlman xanımlarının... hər şeyi bilməyə can atan Avropa qadınlarından xəbərsiz qalan baxışlarının pərdəsinin kiçik bir küncünü açmağı» (35, s.35) öz məqsədi kimi nəzərə çarpdırmışdır. İctimai-ədəbi mühitdə də «arvadlarımızın əsarətdə olmaq söhbətlərini» (22, s.188-189) ... də «birinci dəfə... müdafiə edən» (22) Eynəli bəy Sultanov idi. Əsərin mövzusu, mü­qəd­dimədə deyildiyi kimi, «kiçik əyalət şəhərlərinin birində» baş verən real ha­di­sədən alınmışdır. Eynəli bəy Sultanov hətta pyesin «qəhrəmanının sözləri va­si­təsilə yaranmış həqiqi hekayət əsasında» (35, s.4) yazıldığını qeyd etmişdir. Doğrudan da XIX əsrin ikinci yarısında qadın taleyi ilə bağlı bu cür hadisələr Azərbaycan milli məişəti üçün səciyyəvi idi. M.F.Axundov, N.B.Vəzirov, C.Məmmədqu­lu­zadə və başqa sənətkarlar qadınların həyatının həmin cəhət­lə­rini müxtəlif baxımlardan qələmə almışlar. «Tatarka» pyesi də milli Azərbaycan mühiti və məişətindən doğmuşdur. Buna görə də əsərin Avropa ədəbiyyatı nümunələri ilə səsləşməsi haqqındakı mülahizələr (38, s.117) onun mövzusu və surətlər aləminə deyil, yalnız süjetindəki bəzi oxşarlıqlara aid edilə bilər. Eynəli bəy Sultanov bunu etiraf edərək yazmışdır: «Artıq o («Tatarka»-İ.H.) yazıldıqdan sonra... təsadüfən bir fars məcmuəsində «Qadın kələyi» adı ilə çap olunmuş novellanın da buradakı sonluq kimi qurtardığını öyrənmişdir. Lakin müəllif inanır ki, hətta süjet ona şərikli görünsə də, oxucu pyesin dəyərini fabulada axtarmayacaqdır».(35, s.4)

«Azərbaycan qızı» komediyasındakı Sənəm M.F.Axundovun qadın obrazlarının yeni şəraitdəki davamı və inkişafıdır. Yanıqlı taleyi və lirizmi ilə Pərzadı («Xırs quldurbasan»), ağıl və fərasətinə görə Səkinə xanımı («Mürafiə vəkillərinin hekayəti») andıran Sənəm sədaqətli, mənəvi cəhətdən saf bir azərbaycanlı qadındır. O, yaşadığı dövrün sərt tələblərinin, hətta valideynlərinin əksinə olaraq, özünün sevib-seçdiyi Ağaşəriflə ailə həyatı qura bilir. Sənəm ağıl və fərasəti sayəsində «Azərbaycan qadınını məğlub etməkdən asan bir şey yoxdur»-deyə düşünən Həsənəli bəy kimi lovğa bir zabiti də gülünc vəziyyətə salmağı, onun mənəvi miskinliyini aşkara çıxarmağı bacarır. Əsərin sonunda Sənəmin dilindən deyilmiş aşağıdakı təsirli sözlər bütövlükdə Eynəli bəy Sultanovun Azərbaycan qadınları haqqındakı ümid və arzularının əks-sədası kimi səslənir: «Qoy bütün kişilər bilsinlər ki, biz Azərbaycan qadınları heç də onların təsəvvür etdikləri kimi iradəsiz, qorxaq və zavallı deyilik. Biz ancaq onlardan ötrü xəlq olunmamışıq. Biz də özümüzə görə bir adamıq».(35)

Əli Xəlilovun məlumatına əsasən «Tatarka» 1884-cü ildə Naxçıvanda tamaşaya qoyulmuşdur. (10, s.14) Tamaşaya qoyulma tarixi aşkar mübahisəli görünsə də, hər halda Naxçıvanda yerli həvəskarlar tərəfindən səhnəyə çıxarıldığı real faktdır. Ə.Xəlilovun yazdığına görə «Sənəmin rolunu Eynəli bəy Sultanov, Nisənin rolunu Rəhim Xəlilov, Pərinin rolunu Nəsrulla Şeyxov, Ağaşərifin rolunu Mirzə Ələkbər Süleymanov ifa etmişlər».(10, s.16)

Eynəli bəy Sultanov Tiflisdə yaşadığı illərdə teatr mühiti ilə çox yaxın və bağlı olsa da uzun müddət dram əsəri yazmamışdır. O, yalnız 20-ci illərdə bu janra yenidən qayıtmış, «Atalıq», «Səhhət», «Verirsən, vermirsən» adlı səhnəcikləri qələmə almışdır. Bundan başqa, ədib M.F.Axundovun «Molla İbrahimxəlil kimyagər» və «Hacı Qara» komediyalarını rus dilinə tərcümə etmiş və hər iki əsərin rusca nəşrinə nail olmuşdur. O, eyni zamanda, M.Qorkinin «Həyatdan lövhələr», (18)  V.Mayakovskinin «Bakı» şeirini (24) azərbaycancaya tərcümə edərək Tiflisdə çıxan «Dan ulduzu» jurnalında dərc etdirmişdir. Bundan əvvəl isə Eynəli bəy Sultanov rus satiriki İ.A.Krılovun «Tülkü və üzüm» təmsilini dilimizə çevirmişdir. Tərbiyəvi əhəmiyyəti nəzərə alınaraq təmsil F.Köçərlinin «Balalara hədiyyə» kitabına daxil edilmişdir. Tərtibçi «Mühərririn ifadeyi-məramı» adlı müqəddimədə Eynəli bəy Sultanovun tərcümə zamanı «öz dilimizin şivəsini itirmədiyini» (15, s.3) xüsusi qeyd etməyi lazım bilmişdir.

Hafiz Şirazinin divanından seçmə parçalar, Şeyx Sədinin «Gülüstan» kitabından nümunələr və Baba Tahirin «Allah insan məhkəməsi qarşısında» adlı ictimai ruhlu məsnəvisi də Eynəli bəy Sultanovun tərcüməçilik xidmətləri sayəsində rus oxucusuna çatdırılmışdır.

Bütün bunlarla bərabər, E.Sultanov ilk növbədə nasir idi. O hələ Naxçıvanda yaşadığı dövrdə publisist olmaqdan savayı, yazıçı kimi də tanınırdı. Yazıçının «Novruz ağa», «Kiçik sərgüzəşt», «Arxı keç, sonra bərəkallah de», «Silistçi dəftərxanasında» və s. hekayələri həmin dövrün məhsuludur. İlk hekayələrindən etibarən milli məişəti, adi adamları, sadə və qəribə əhvalatları qələmə alan Eynəli bəy Sultanov maraqlı bədii ümumiləşdirmələr aparmağı bacaran bir nasir kimi diqqəti cəlb etmişdi. O, Cəlil Məmmədquluzadənin kiçik hekayə yazmaq niyyətini müdafiə etmiş, «Yan tütəyi» hekayəsini bəyənmişdi. (23, s.11) Ədib özü də kiçik hekayənin rusdilli Azərbaycan ədəbiyyatındakı ilk yaradıcılarından biri idi.

Eynəli bəy Sultanov həyatının Tiflis dövrü mərhələsində də hekayə yaradıcılığı ilə məşğul olmuşdur. Bu dövr hekayələrində maarifçi ideyalar, köhnəliyin tənqidi, folklor motivlərinə meyl, etnoqrafik çalarlar qabarıq şəkildə nəzərə çarpır. «Acı masqara», «Çalma», «Çadra altında», «Dəhşətli intiqam», «Qaynana, xain ana» və s. hekayələrində yazıçı yığcam həcm, sadə, adi süjet və kiçik adamlar vasitəsilə dövrün, mühitin mühüm mətləblərini əks etdirməyi bacarmışdı. Gec də olsa, Tiflisdə nəşr edilən «Seyidlər» kitabı (36) Eynəli bəy Sultanovun ədəbi-ictimai mühitdə orijinal bir nasir kimi diqqəti cəlb etməsinə geniş yol açmışdı. Kitaba tənqidçi Rzaqulu Nəcəfovun (1885-1937) yazdığı «Bir neçə söz» adlı müqəddimədə «Seyidlər» hekayəsi «içimizdə yox kimi olan» «hekayə və romannəvislik» sahəsindəki mövcud boşluğu doldurmağa xidmət göstərən ədəbi fakt kimi qiymətləndirilmişdir. R.Nəcəfovun fikrincə, «ədəbiyyatımızda böyük bir boşluq vücuda gəlib ki, o boşluğu doldurmaq... nəşriyyat idarələrimizin, ədəbiyyat maraqlarımızın və qələm sahiblərimizin qarşısında duran birinci vəzifələrdən olmalıdır». (36, s.3) Müqəddiməçi bu fikirdə idi ki, «rübabi ədəbiyyatın təsirindən xilas olmaq və əsri-hazırın tələb etdiyi üzrə mənsur, həyati və belletristik əsərlər vücuda gətirməyin zamanı gəlmişdir».(36, s.3-4)

Bütün bunlara görə, «Yeni fikir» qəzeti redaksiyasının «yazıçılarımıza yol göstərmək», «fitrət və təbiətlərindəki gizli istedadı oyatmaq... qələmlərinin məhsuluna əhəmiyyət və qiymət vermək» məqsədilə keçirdiyi «hekayə yazmaq müsabiqəsində» nəzərə çarpacaq yer tutan «Seyidlər» hekayəsi, nəşri qərara alınan «hekayə seriyasının birincisi» hesab edilmişdir. Hekayənin «köhnə yaşayışdan alındığı», «sadə və yarımsavadlı kəndli üçün belə anlaşılan tərzdə yazılması» (36) «Seyidlər» hekayəsinin əsas özünəməxsus cəhəti sayılmışdır.

Eynəli bəy Sultanovun hekayələrində mövzu və süjetin Qərb ədəbiyyatı ilə səsləşdiyi məqamlar da vardır. «Avropa əhli-qələmlərinin» əsərlərinə yaxından bələd olan bir yazıçı üçün bu hal təbii idi. «Kiçik macəra», «Bülbül», «Fars qızı» hekayələrində italyan və fransız ədəbiyyatı nümunələri ilə bənzərlik daha aydın hiss olunur. Lakin artıq etiraf olunduğu kimi, göstərilən hekayələrdə «E.Sultanov hadisəni bir az müasirləşdirmiş, nəticəni örtülü qoyub oxucunun ixtiyarına buraxmışdır».(25, s.58)

Bununla belə, mövzu və süjet oxşarlığından bəhs edərkən həm də xalqların həyatının müxtəlif tarixi məqamlarındakı yaxınlıq və səsləşməni də nəzərə almaq lazımdır.

Göründüyü kimi, Eynəli bəy Sultanov çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, teatr hərəkatı, mətbuat işi, folklorçu, yeni əlifbaçı, yazıçı və tərcüməçi kimi geniş dairədə əsl ziyalı səviyyəsində qəbul edilmişdir. O, XX əsrin əvvəlləri rus mətbuatında azərbaycançı mövqeyi təmsil edən görkəmli ziyalılardan biri idi. Azərbaycançılıq Cəlil Məmmədquluzadə ilə Eynəli bəy Sultanovun «hüşyar dost»luğunun ortaq mənəvi dayağı idi. Eynəli bəy Sultanovun bədii yaradıcılığının və publisistikasının əsas qayəsi azərbaycançılıq düşüncəsindən ibarət idi. Bu baxımdan Cəlil Məmmədquluzadə və Eynəli bəy Sultanov XX əsrin əvvəllərində azərbaycançılığın Zaqafqaziya miqyasında geniş, möhkəm və əsaslı bir hərəkata çevrilməsində mühüm rol oynamışlar.

  Bir yazıçı kimi Eynəli bəy Sultanov Azərbaycan ədəbiyyatında maarifçi realist dünyagörüşlə tənqidi realizmin arasında olan ədəbiyyatın yaradıcı­larındandır. Daha doğrusu, o, maarifçi realist düşüncəli tənqidi realist yazıçıdır. Əsərlərindəki cəmiyyəti islah yolu ilə inkişaf etdirmək, təkamül proseslərinə üstünlük vermək, mənəvi məsələləri ön mövqeyə çəkmək meylləri Eynəli bəy Sultanovun maarifçi realizminin bədii ifadəsidir. Hətta onun fərdi üslubunu səciyyələndirən bədii əsərlərindəki etnoqrafik çalarlar, xalq məişətinin təsviri də mahiyyət etibarilə ədəbiyyatda maarifçi realist yanaşmaların ifadəsidir. Bununla belə, Eynəli bəy Sultanovun «islah işində»ki tənqid notları, tərbiyələndirmək və ya nəsihətçilikdən çox dəyişmək, yeniləşdirmək meylləri onu tənqidi realistlərə yaxınlaşdırır. Beləliklə, maarifçi realist ağırlıqlı tənqidi realist ya­zıçı olması Eynəli bəy Sultanovun Azərbaycan ədəbiyyatındakı fərqli yerini müəyyənləşdirir.

Bədii yaradıcılıqla yanaşı, ədəbiyyatşünaslıqla da məşğul olan Eynəli bəy Sultanov folklor materiallarını toplayıb yazıya almış, müasiri olduğu yazıçı və şairlərin əsərlərini, ayrı-ayrı tamaşaları dəyərləndirən məqalə və resenziyalar yazmışdır. O, ədəbiyyatda realizmin və vətəndaş fəallığının müdafiəçisi kimi çıxış etmişdir.

Beləliklə, Eynəli bəy Sultanov ictimai-ədəbi mühitdə C.Məmmədqu­lu­za­dənin ən yaxın məsləkdaşı, dostu, həmfikri idi. Burası da haqlıdır ki, «hər iki yazıçı üçün xeyirli» (20, s.54) olan dostluq bütövlükdə milli ədəbiyyat və mədəniyyətin inkişafına müsbət təsir göstərmişdir.

Mirzə Cəlil Məmmədquluzadə ədəbi-ictimai fikrin inkişafında və şəxsi taleyində məslək dostu Eynəli bəy Sultanovun roluna və xidmətlərinə yüksək qiymət vermişdir. Böyük ədibin «Əzizim Eynəli bəy Sultan!» müraciətilə başlanan    13 iyul 1925-ci il tarixli məktubunda deyilir:

«Əzizim Eynəli bəy Sultan!

... Elə saatlar olurdu ki, ...keçmiş günləri yada salırdım. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq ya­nımda oturub cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər mə­ni özünə qulaq asdır­dın ki, axırda məni doğrudan da maa­rif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri-sadəcə kənd müəllimlərinin içində yaddan çıx­mış­­dım».(22, s.245)

Bu mühüm tarixi məktubdakı Cəlil Məmmədquluzadə tərəfindən Eynəli bəy Sultanovun ailə üzvlərinə ünvanlanmış “qardaşlıq salamı” ifadələri böyük ədibin heç bir məktubunda təkrar edilməyən sözlərdir. Bu, Cəlil Məmmədquluzadə-Eynəli bəy Sultanov münasibətlərinin məslək dostluğu, əsl qardaşlıq səviyyəsində olduğunu göstərir.

Eynəli bəy Sultanov 1935-ci ildə vəfat etmişdir. Görkəmli ədi­bin xatirəsi Azərbaycanda əbədiləşdirilmişdir. Naxçıvan şə­hə­rindəki 9 saylı məktəb Eynəli bəy Sultanovun adını daşıyır.

Tanınmış yazıçı Eynəli bəy Sultanovun əsərlərinin nəşri sahəsində də müəyyən iş görülmüşdür. Belə ki, ədibin «Tatarka» pyesi, (35) «Seyidlər» povesti (36) müxtəlif vaxtlarda ayrıca kitab halında nəşr olunmuşdur. «Seçilmiş hekayələri» adlı kitabında isə yazıçının nəsr əsərlərinin yalnız bir qismi toplanılmışdır. (37) Göstərilən nəşrlər Eynəli bəy Sultanovun bədii əsərlərinin heç də hamısını əhatə etmir. Xüsusən, kitablarına daxil edilməmiş nəşr əsərləri olduğu kimi, bütövlükdə yazıçının çoxsaylı publisist məqalələrindən heç biri hələlik nəşr edilib oxuculara çatdırılmamışdır. Qarşıda duran əsas məsələ görkəmli yazıçı və publisist Eynəli bəy Sultanovun tam külliyyatını hazırlayıb çap etdirməkdən ibarətdir.

Eynəli bəy Sultanovun həyatı və yaradıcılığının tədqiqi ba­xımından da mühüm axtarışlar aparılmış bir çox elmi əsər­lər meydana çıxmışdır. İlk dəfə olaraq ədəbiyyatşünas İzzət Maqsudov Eynəli bəy Sultanovun həyatı və yara­dı­cılığını namizədlik dissertasiyası səviyyəsində tədqiq edib ümumiləş­dir­miş­dir. (19)

Əli Sultanlı, Əziz Şərif, Əziz Mirəhmədov, Abbas Za­ma­­nov, Müzəffər Nəsirli, İsa Həbibbəyli, Vilayət Quliyev, Xey­­rulla Məmmədov, Əli Xəlilov, Əflatun Məmmədov, Abbas Ha­cıyev, Aidə Feyzullayeva və başqalarının araşdırmalarında da Eynəli bəy Sultanovun tərcümeyi-halı, bədii-publisist irsi və teatrla əlaqədar fəaliyyətlərinə diqqət yetirilmişdir. İradə Əsə­dovanın «Eynəli bəy Sultanovun yaradıcılıq yolu» adlı na­mizədlik dissertasiyasında mövcud tədqiqatlar ümumiləşdi­ril­mişdir.

Gənc tədqiqatçı Elxan Məmmədovun (ElxanYurdoğlunun) «Eynəli bəy Sultanovun folklorşünaslıq irsi» mövzusundakı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası bu görkəmli Azərbaycan ziyalısının həyatı və fəaliyyətinin yeni və əhəmiyyətli bir istiqamətinin öyrənilməsində təzə bir mərhələ açmışdır. Elxan Məmmədovun Eynəli bəy Sultanovun yaradıcılığını onun folklor irsi, folklorçu baxışları ilə üzvi əlaqədə araşdırıb, təhlil edib dəyərləndirməsi yazıçının əsərlə­ri­nin orijinallığını, özünəməxsus­luğunu müəyyən etmək ba­xı­mından əhəmiyyətli elmi addımdır. Eyni zamanda, Elxan Məm­­mədovun Eynəli bəy Sultanovun XX əsrin əvvəllərinin dövri mətbuatında çap edilmiş, lakin geniş oxucu auditoriyasına bəlli olmayan əsərlərini aşkara çıxarıb təhlilə cəlb etməsi, ay­rı­ca kitab halında nəşr etdirməsi, onun irsini tam halda təsəv­vür etməyə xidmət edir. Bu mənada ilk dəfə Elxan Məmmədo­vun təqdimatında oxuculara çatdırılan yeni hekayələr və pub­li­­sistik məqalələr vaxtilə İzzət Maqsudovun toplayıb çap et­dir­diyi «Seçilmiş hekayələr»ə (1966) qiymətli əlavələrdir. Heç şübhəsiz, yeni tapıntılar həm Eynəli bəy Sultanovun hə­ya­tı və yaradıcılığını, həm də ümumən XX əsrin əvvəlləri Azər­baycan ədəbiyyatı və publisistikasını müstəqillik işığında yenidən araşdırıb qiymətləndirməyə imkan yaradır. Bu, gənc təd­­qiqatçı Elxan Məmmədovun axtarışları nəticəsində Eynəli bəy Sultanova həsr edilən işin yeni mərhələsi və uğurlu ad­dım­ları deməkdir. Bundan başqa, Azərbaycan Milli Elmlər Aka­demiyası Nizami adına Ədəbiyyat İnstitutunda da tərəfimiz­dən əldə edilmiş yeni materiallar əsasında Eynəli bəy Sultanovun geniş həcmli daha bir külliyyatı da çapa hazırlanır. Yazıçı-publisistin nəşr edilən təzə tapılmış əsərləri onun həyatı və ya­radıcılığına həsr edilmiş ümumiləşdirici monoqrafik tədqiqatın mey­dana çıxmasına geniş imkan yaradacaqdır. XX əsrin əv­vəl­­ləri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Eynəli bəy Sultanov haqqında sanballı bir kitaba ehtiyac vardır.

Eynəli bəy Sultanov XX əsr Azərbaycan ədəbiyyatı, mətbuat və teatrı, habelə ictimai fikri tarixində özünəməxsus sanballı yer tutmuş görkəmli yaradıcı şəxsiyyətlərdən biridir. Belə bir teatr, mədəniyyət xadimini, Cəlil Məmmədqulu­zadə­nin «huşyar dostunu» bütün yönləri ilə öyrənib xalqa tanıtmaq alimlərimizin və naşirlərimizin borcudur.

 

Ədəbiyyat

1. Atayev M. Hansı fakta inanmalı. “Ədəbiyyat və incəsənət” qəzeti, 10 iyun 1983, № 23 (2054)

2. Асадова И. Творческий путь. Э. Султанова (автореферат) Б; 1991, с 23

3. Ermənistanda Azərbaycan kitabı (tərtib edəni İ. Məmmədov) kitab palatasının nəşri. İrəvan, 1985.

4. Ermənistan MDTA, f. 66, siy. 1, Q-1188, v-2

5. Ermənistan MDTA, f. 1, siy. 3, Q-51, 458, 483

6. Əsədova İ. Eynəli Sultanovun yaradıcılıq yolu (avtoreferat). Bakı; 1991.

8. Hacıyev A. Tiflis Azərbaycan teatrı. Bakı: İşıq, 1984.

7. Feyzullayeva A. Maarif carçıları. Bakı: Maarif, 1988.

9. Həbibbəyli İ. Eynəli bəy dünyagörüşünün formalaşma dövrü. “Azərbaycan  ədəbiyyatının nəzəriyyəsi və tarixi məsələləri” məcmuəsi. Bakı: ADPU nəşri, 1987.

10. Xəlilov Ə. Naxçıvan teatrının tarixi. Bakı: 1964

11. İrəvan quberniyası Dairə məhkəməsi protokolunun köməkçisi. E. Sultanovun şəxsi işi. Erm. MDTA, f. 66, siy. 1, Q-11-88, v 3.

12. “Kaspi” qəz. Baku, 1905, № 034

13. “Kaspi” qəz. Baku, 1905, № 107

14. “Kaspi” qəz. Baku, 1905, № 204

15. Köçərli F. Balalara hədiyyə. Bakı: 1912

16. Quliyev V. Tarixdə iz qoyan şəxsiyyətlər. Bakı: Ozan, 2000

17. Quliyev V. İsa Sultan Şahtaxtinskinin qəribə həyatı. B., Ozan, 1999