İslam Səfərli

 

  ANA DİLİM

   Dilim, -

  su kimi büllur,

  bal kimi şirindir

   Elim, -

  Vətən adlı ilk sevgilimdir.

  Mən elimin ürəyi min bir nəğməli oğluyam.

  Ürəyimdən bir səs keçir:

  - Əqidəmdə doğruyam!..

   Dilim, -

        dillər tacı olsun deyirəm.

    Öz dilini sevməyənlər,

     lal olub, yerə girsin,

                bir kəlmə söz möhtacı olsun, deyirəm.

       El mənim,

          Mən də elin.

        Qəlbimdəki hər telin,

          Səsi sazımda gülür.

     Dilim, -

      bir dağ çeşməsidir,

           ürəyimdən dodağıma süzülür...

       O çeşmənin gözünü

           Gözüm qədər sevirəm.

         Onun hər damlasını,

           özüm qədər sevirəm.

         Çınqıllı daşlarını,

           bir mirvari sanıb mən,

              Kaş boynuma düzəydim, Can Vətən!..

    Mən qürurumu

    Qürurlara

           qürur saya bilərəm.

       Körpə bir uşaq

        Beşikdən baş qaldırıb

      "Ana" - desə,

      Onu bağrıma basıb gülərəm.

     Çünki o, öz dilimdir,

      Ana dilim.

      Pərvaz et hər yana, dilim!

   mən qəlbi

     qəlbimdə döyünənləri,

     Mənim kimi öz millətiylə öyünənləri,

     Dilimi sevənləri sevirəm.

    Hər kim nə deyir-desin,

   elimi sevənləri sevirəm.

  O el,-

  anadan adsız doğulub,

  ada-şöhrətə çatdığım,

   ilk şerimi yaratdığım

  Azərbaycan torpağıdır!

   O dil, -

    Şərqin Min bir nəğməli dodağıdır.

 Dodaq dedim, -

    O, ürək tərcümanıdır.

     ürəksizsə nəğmə olmaz.

Dilim, -

  Nərgiz gülü kimidir,

    Boranı da düşsə solmaz.

    Çünki bu dil,

   Baharıstan torpağımda,

   atmış rişə.

   Bu dil, -

    O vaxt məhv olar ki,

   Dünya qopa,

   Günəş düşə.

    Yoxsa heç bir saxta qürur,

   qüruruma düşməz yaxın.

    Nəğmə deyin axın-axın!..

      Bu nəğmələr

    ürəklərə axıb dolsun.

  Bizim könül nəğməmizsə,

  "Azərbaycan himni" olsun!..