İslam Səfərli

 

MƏNƏ QALAN BU OLACAQ

 

Yan-yanadır yüz alaçıq,

Gah yamaca, gah yala çıx.

Ürək geniş, süfrə açıq, 

Kefim duru, damağım çağ,

 Mənə qalan bu olacaq.

 

Bir bələdçim ol, ay yollar,

   Daşlı yollar, qolay yollar. 

 Dolay yollar, dolay yollar,

        Xoş xəbərli "Sağsağan dağ",

        Mənə qalan bu olacaq.

   Otlar üstə izim qaldı,

   Gah dirsəyim, dizim qaldı.

   Min çiçəkdə gözüm qaldı,

     Turşsu üstü, "Çarıq bulaq",

       Mənə qalan bu olacaq.

 

  Göy buludlu, hava sərin,

          Çırpı yığın, moruq dərin.

             Çubuq şişdə kabab verin,

     Yağar yağış, sönər ocaq,

             Mənə qalan bu olacaq.

 

      Günlər keçir birəm-birəm,

              Bir uğurlu yol gedirəm.

            Yurdumuzu vəsf edirəm,

       Əldə qələm, dizdə varaq,

            Mənə qalan bu olacaq