İslam Səfərli

                      NAXÇIVAN YADİGARI                          

   "Naxçıvan yadigarı " adlı mənzərə albomunun    müəllifi  rəssam Bəhruz Kəngərliyə  

 I

Bir şeir tablosu yaradım deyə,

Düzdə gülə baxdım, döşdə laləyə.

Durna göyü gəzdi, qartal zirvəni,

Duman göy düzlərin odlu yelkəni.

Dağdan uçqun qopdu, dindi dərələr,

Hürküb, yuxusundan oyandı səhər.

Kəklik daşa səkdı, qırqovul kola,

Dindi qoşalüləm, yüyürdü tula...

Yarğandan quş qalxdı, çaylaqdan sona,

Çöllərin qurd-quşu yatdı yovşana.

Ovçu hənirtisi, çöl sükunəti

Yaratdı qəlbimdə bu şeiriyyəti.

Çatıb buz bulağa, ayaq saxladım.

Könül dəftərimi mən varaqladım.

Qayalar dil açıb dedi: yazma gəl,

Bu sözlər heç kəsin gəlməz karına;

 Bəhruz hüsnümüzü səndən də əvvəl

Çəkmişdi "Naxçıvan yadigarı"na.

II

"Pətəkli quzeydən" aşağı düşdüm,

Yosunlu daşlardan yerə sürüşdüm.

Sübhün açılması", bir "Meşə yolu",

Dağdağan ağacı, qarağat kolu,

Körpə qələmələr, salxım söyüdlər

Başımın üstündə əsdi sərasər...

Durub seyr elədim mən bir az çayı,

Ax, ey "Araz" çayı, ey "Araz" çayı!

O üzü, bu üzü yastı təpəlim,

 Ey almaz dalğalım, gümüş ləpəlim,

 Ey iki qardaşın dərdi, qubarı,

Sizin hüsnünüzü yaradım barı...

Bütün misralarda güllər öpüşsün.

Gördüyüm lövhələr şeirimə düşsün.

Səs gəldi: şairim, inadı burax,

Əbəs mizrab vurma könül tarına;

Bəhruz hüsnümüzü səndən də qabaq,

Çəkmişdir "Naxçıvan yadigarı"na.

 III

Keçib düz "Atabəy məqbərəsi"ndən.

"Əlyabad yolu"yla addımladım mən.

"Edilğa gölü"nə vuruldum bu an,

"Ararat" boylandı dağlar dalından.

"Təndir çeşməsi"nin suyu "gəl" - dedi,

"Mənəm ən içməli, ən gözəl" - dedi.

"Qoyun sürüləri" keçdi önümdən

"Axşam qürubu"nu seyr elədim mən.

 Bir "Toy" şənliyinə düşdü güzarım.

 Dedim, qoy məclisə salam aparım.

Gəlib bardaş qurub, "mübarək" - dedim,

Bu gün sizdən yazam mən gərək - dedim.

Toyun ağbirçəyi çıxdı qarşıma,

Xınalı əlini çəkdi başıma:

 - Yaxşı ki, gəzirsən Vətən mülkünü,

 Oğlum, əhsən sənin düz ilqarına.

Ancaq Bəhruz elin toy-düyününü

 Çəkmişdir "Naxçıvan yadigarı"na.

 

 

 IV

Fikirlər içində ayağa qalxdım,

Baxdım, hər zirvəyə, min kərə baxdım.

Dindi qoşa vələs başımın üstə,

Göydən durna keçdi yenə bir dəstə...

 Dedim: - Araz üstdən uçan durnalar,

 Məndən qardaşıma salamlar apar!

 Fikrimi cəlb etdi "Bulud parçası",

 - Onu da yaratmış Bəhruz fırçası.

Bu böyük rəssamın məzarına mən

 Bir əklil apardım dağ güllərindən.

Sənətin ecazkar ülviyyətinə

Bir daha, bir daha vuruldum yenə.

Bu vaxt ürəyimdən qopdu bir nida:

 - Şair, böyük sənət qalır dünyada!

 Hər yarpaq başına tutduqca çətir,

Vurul Vurğun kimi öz diyarına;

 Bəhruz Kəngərli tək lövhələr gətir

 Sən də öz "Naxçıvan yadigarına".