İslam Səfərli

BATABAT BULAĞI

 

Bulaqların bir səmtədir axarı,

 "Salvartı"nın xoş görünür baxarı,

 Biçənəkdən at səyridib yuxarı,

Yalmanına yata-yata gəlmişəm,

 Mərcan gözlü Batabata gəlmişəm.

"Qonaqgörməz" düşmənidir təkliyin,

Ayaqları xınalıdır kəkliyin.

Göl üstdəki güllüyün, çiçəkliyin

Xoş ətrinə bata-bata gəlmişəm,

 Mərcan gözlü Batabata gəlmişəm.

 Dağ cığırlı, hər tərəfim duman, çən,

 Boz qayadan cüyür ürkdü qəflətən.

 Tüfngimi sinəm üstə basım mən

 – Arxasınca ata-ata gəlmişəm,

 Mərcan gözlü Batabata gəlmişəm.

 Mehmanınam on beşdə mən, beşdə mən,

 Gətirmişəm basdırmanı teştdə mən.

Neçə ocaq tüstülədib döşdə mən,

 Birini də çata-çata gəlmişəm,

 Mərcan gözlü Batabata gəlmişəm.

Vüqarlıdır zirvələrin, qaşların,

 Üzə gülür qayaların, daşların.

Mən İslamam, öz səsimi quşların

Nəğməsinə qata-qata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.