“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilib

Naxcivantv.az xəbər verir ki, fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə 2018-ci ildə İslam mədəniyyəti paytaxtı tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin ilk iclası 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilmiş və Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planında nəzərdə tutulan ilk tədbirlərdən biri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı loqotipin hazırlanması idi. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında” 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar Birliyi tərəfindən loqotipin hazırlanması üçün yaradıcılıq müsabiqəsi elan edilmişdir. Bu gün deyə bilərik ki, müsabiqə iştirakçıların fəallığı şəraitində keçmiş, 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip nümunəsi təqdim olunmuşdur.

Ali Məclisin Sədri müsabiqənin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, müsabiqəyə muxtar respublika ilə yanaşı, həm də muxtar respublikadan kənarda yaşayan yaradıcı insanlar - rəssamlar, memarlar və tələbələr tərəfindən müxtəlif məzmunda loqotip nümunələri təqdim olunub. Loqotiplər Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar Birliyinin birgə təşkil etdiyi komissiya tərəfindən qiymətləndirilib. Qiymətləndirmə zamanı yaradıcı yanaşma, işin təsiredici qüvvəyə malik olması və asan qavranılması ilə yanaşı, həmin loqotipin Naxçıvanın türk-islam mədəniyyəti nümunələrini, eləcə də qədim tarixini və müasirliyini əks etdirməsinə üstünlük verilib. Qeyd olunan meyarları özündə əks etdirən loqotip nümunələrindən ən yaxşıları seçilərək Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinə təqdim olunub.

Ali Məclisin Sədri qeyd edib ki, təqdim olunmuş loqotiplərdən mövzunun əhatə olunması baxımından ən uyğunu müəllifi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Tapdıq Həmzəyev olan loqotipdir. Burada Naxçıvanın həm türk, həm də islam mədəniyyətinin daşıyıcısı olması, Naxçıvanın qədim və müasir tarixi rəmzlərlə çatdırıla bilib.

Təklif olunan loqotipin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipi kimi qəbul olunduğunu bildirən Ali Məclisin Sədri müəllif Tapdıq Həmzəyevə qalib olması münasibətilə təbriklərini çatdırıb və ona pul mükafatı təqdim edib.

Ali Məclisin Sədri qarşıda duran vəzifələrdən danışaraq deyib ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı hazırlıq işləri Tədbirlər Planına uyğun olaraq davam etdirilməlidir. Naxçıvan Şəhər İcra Hakimiyyəti günün müəyyən saatlarında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin şəhərdəki monitorlarda və şəhərin müəyyən yerlərində yerləşdirilməsini təmin etsin. Mədəniyyət və Turizm Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” rəsmi internet səhifəsini hazırlamalı, loqotipi və Naxçıvandakı İslam mədəniyyəti abidələri haqqında məlumatları internet səhifəsində yerləşdirməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi 2018-ci il üçün zərf və poçt markalarının hazırlanmasını təmin etməlidir. İqtisadiyyat Nazirliyi üzərində loqotip əks olunmuş suvenirlərin hazırlanması üçün təkliflərini verməli, 2017-ci ilin noyabrınadək bu işi başa çatdırmalıdır.

Ali Məclisin Sədri deyib: Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə İdarə və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikasının islam mədəniyyəti abidələri haqqında Azərbaycan və ingilis dillərində kitabların və bukletin nəşri üçün birgə işçi qrupu yaratmalı, muxtar respublika ərazisindəki islam mədəniyyəti abidələri haqqında dəqiq məlumatlar toplanılmalı, kitab və bukletlərin nəşri bu ilin sonuna qədər başa çatdırılmalıdır. Dini Qurumlarla İş üzrə İdarə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə “İslamda müdrik kəlamlar” kitabının hazırlanmasını və nəşrini də 2017-ci ildə təmin etməlidir. Sənədli və televiziya filmlərinin hazırlanması da Tədbirlər Planında nəzərdə tutulmuşdur. Ona görə də Mədəniyyət və Turizm Nazirliyi Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə birlikdə “Naxçıvan-2018. İslam mədəniyyəti” videoçarxını və “İslam mədəniyyətinin paytaxtı Naxçıvan” televiziya filminin hazırlanmasını təmin etməli, bu zaman mötəbər mənbələrə, Tədbirlər Planına uyğun olaraq hazırlanmış kitablara istinad olunmalıdır. Tədbirlər Planına əsasən 2017-ci ildə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi” mövzusunda interaktiv dərs də keçirilməlidir. Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə interaktiv dərsin keçirilməsini təmin etməli, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı gənc nəslə ətraflı və dəqiq məlumat verilməlidir. Tədbirlər Planına uyğun olaraq “Naxçıvan” Universitetinin Dinşünaslıq ixtisasının elmi-tədris bazası da İslam dinini olduğu kimi əks etdirən kitablarla zənginləşdirilməlidir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar aid təşkilatlar qarşılarında duran vəzifələrin icrası istiqamətində səylərini artırmalı, qarşılıqlı fəaliyyət göstərməlidirlər.

Verilmiş tapşırıqların icrasının əlaqələndirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatına, loqotipin təqdimatının keçirilməsi isə Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə tapşırılıb.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilib