“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi hazırlanacaq-SƏRƏNCAM

 Yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında Sərəncam imzalayıb. 

Naxcivantv.az-ın məlumatına görə, Sərəncamda deyilir:“2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı  şəhərində keçirilən altıncı konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdır. 2016-cı ildə Təşkilat Komitəsinin ilk iclası keçirilmiş və hazırlıq işlərinə başlanmışdır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. 1. “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması üçün müsabiqə elan edilsin.
  2. 2. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi ilə birlikdə loqotipin hazırlanması üçün müsabiqənin keçirilməsini təmin etsin.
  3. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.