Naxçıvan – İslam mədəniyyətinin incisi

Muxtariyyətinin 93-cü ildönümünü qeyd edən Naxçıvan bu gün inkişaf  göstəriciləri ilə diqqəti cəlb edir.

Hər sahədə qazanılan nailiyyətlər muxtar respublikanın bugünkü simasını və gələcək inkişaf perspektivlərini müəyyənləşdirir. Ölkə başçısı cənab İlham Əliyev
11 yanvar 2017-ci il tarixdə muxtar respublikaya növbəti tarixi səfərində görülən işləri yüksək qiymətləndirmiş, Naxçıvanı dünya miqyasında öz gözəlliyi ilə seçilən şəhər adlandıraraq demişdir: “Çox şadam ki, respublikada uğurlu inkişaf təmin olunur. Bu münasibətlə respublikanın rəhbərliyini və sakinlərini təbrik etmək istəyirəm. Doğrudan da, son illər ərzində Naxçıvanda böyük inkişaf yolu keçilmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşdırılması onu göstərir ki, respublika möhkəm ayaqda dayanır”.

Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 12 yanvar 2017-ci il tarixli sərəncamı da qədim diyarın müasir inkişafına verilən ən yüksək qiymət və bu inkişafın davamlılığının təmin olunmasına dəstəkdir. Sərəncamda deyilir: “Zəngin tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında özünəməxsus yer tutmuş, ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır”.

Naxçıvanın sürətli inkişafı müstəqillik illərinə təsadüf edir. Ötən 25 il ərzində əldə olunan nailiyyətlər ulu öndər Heydər Əliyevin ideya-siyasi kursuna sadiqliyin və yurda bağlılığın təcəssümü kimi özünü büruzə verir. Bu gün Naxçıvan beynəlxalq tədbirlərə, elmi simpozium və festivallara ev sahibliyi edir. Təhlükəsiz və abad şəhər olması bölgənin turizm baxımdan cəlbediciliyini daha da artırır.

5000 illik şəhər mədəniyyəti tarixinə malik olan bu qədim oğuz yurdu inkişafının elə bir mərhələsinə qədəm qoyub ki, 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı seçilib. Bu, eyni zamanda, Naxçıvanın İslam dünyasındakı yerinin və nüfuzunun göstəricisidir. Naxçıvan İslam dünyasının, mədəniyyət zənginliyinin rəmzi olan bir şəhərdir. Bunu şəhərin qədim tarixi və mədəniyyət abidələri bir daha sübut edir.  

Məlumat üçün bildirək ki, “İslam mədəniyyəti paytaxtları” proqramı barədə qətnamə İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) təklifi ilə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ilin axırlarında Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında qəbul edilmişdir. 2004-cü il dekabrın 15-17-də Əlcəzairdə keçirilmiş IV konfransda 2005-2014-cü illər üçün nəzərdə tutulmuş “İslam mədəniyyətinin paytaxtları” proqramı təsdiqlənmişdir. Bu proqrama əsasən, hər hansı şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, İslam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olmalıdır. Bu mənada Naxçıvan  öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsipləri özündə birləşdirir.

Müstəqillik hər bir ölkənin ən ali sərvətidir. Bu sərvət isə milli dəyərlər, tarixi köklər üzərində intişar tapır.  Ölkə başçısının da dediyi kimi, "bizim ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma Azərbaycan dilimiz – bunlardır Azərbaycan xalqının mənəvi əsasları. Bu möhkəm əsaslar üzərində biz müasir dövlət qururuq".

Bu mənada Naxçıvan təkcə öz iqtisadi göstəriciləri ilə deyil, həm də tarix və mədəniyyət sahəsindəki nailiyyətləri ilə öyünə bilər. Aparılmış elmi tədqiqatlar nəticəsində sübut olunub ki, Azərbaycanın dövlətçilik tarixində mühüm mövqe tutan Naxçıvanın yerləşdiyi ərazi bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olub. Dünyanın ən qədim şəhərlərindən olan Naxçıvanın tarixinin araşdırılması, mədəni irsin qorunması istiqamətində görülən işlər öz bəhrəsini verib. Bu gün Naxçıvan tarixini, mədəniyyətini, incəsənətini, coğrafiyasını, təbii ehtiyatlarını və bir çox sahələrini öyrənən, tədqiq edən böyük potensiala malik elmi qurum -- AMEA Naxçıvan Bölməsi fəaliyyət göstərir. Aparılan arxeoloji tədqiqatlar, keçirilən beynəlxalq əhəmiyyətli konfranslar, arxivlərdən əldə olunan  materiallar Naxçıvan tarixinin yenidən və ətraflı yazılmasına zəmin yaradıb. “Naxçıvan tarixi” çoxcildliyi bu sahədə ən dəyərli mənbədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” 6 avqust 2012-ci il tarixli sərəncamına əsasən nəşr olunan “Naxçıvan tarixi” çoxcildliyi Naxçıvanın ən qədim dövründən günümüzədək olan böyük bir tarixi dövrü əhatə edir. 

Milli dəyərlərin hifz olunduğu və yaşadıldığı muxtar respublikada tarixi abidələrin bərpası uğurla həyata keçirilir. Bəşər mədəniyyətinin əvəzsiz inciləri olan Əlincə qala, Mömünə xatın, Gülüstan türbələri, Xanəgah Abidələr Kompleski kimi onlarca abidəyə həyat verilib. Sovet dövründə qadağalara baxmayaraq, muxtar respublikada İslam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanmış və bu gün də həmin dəyərlər yaşadılaraq yeni nəsillərə çatdırılır. Ən böyük dini inanc və turizm obyekti olan Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, İmamzadələr, məscidlər bərpa olunaraq, əhalinin istifadəsinə verilib.

Hazırda dünyanın bəzi ölkələrində müharibələr gedir, məscidlər və dini abidələr dağıdılır. Lakin Azərbaycanda sabitlikdir, bütün sahələr inkişaf etdirilir, məscidlər, yollar və digər sosial obyektlər istifadəyə verilir, dini-mənəvi dəyərlərimiz qorunub yaşadılır. Bu gün muxtar respublikada 209 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si yeni tikilib, 95 məscid və 23 pir isə yenidən qurulub və ya bərpa olunub. Nuh peyğəmbərin məzarüstü türbəsinin yaxınlığında inşa olunan məscid kompleksi isə muxtar respublikanın ən böyük və memarlıq quruluşu ilə fərqlənən ibadət ocağı olacaqdır.

Bəşəriyyətin ikinci atası sayılan Nuh peyğəmbərin məzarüstü türbəsinin burada olması, “Qurani-Kərim”də adı keçən Əshabi –Kəhf ziyarətgahı, imam övladlarının dəfn olunduğu İmamzadələr, pirlər, məscidlər Naxçıvanda islami dəyərlərin illərlə qorunaraq, günümüzədək gəlib çatmasından xəbər verir. Azərbaycan İslam dinini qəbul etdikdən sonra bütün bölgələrimizdə, o cümlədən Naxçıvanda abidələrin əksəriyyətində Qurandan ayələr əks olunub. Ümumilikdə, bölgədə İslam mədəniyyətinin izlərini yaşadan abidələr, həmçinin mədrəsələr, təkyələr, xanəgahlar, qədim tarixə malik məscidlər çoxluq təşkil edir ki, bu da Naxçıvanı İslam dünyasının müqəddəs və tarixi məkanı kimi səciyyələndirir.

İslamın qəbulundan sonrakı ilk dövrlərdən başlayaraq, Naxçıvan bölgəsində müsəlman epiqrafikası abidələri meydana gəlmişdir. Zaman keçdikcə bu kitabələrin çoxu təbii qüvvələrin təsirindən aşınmış, məhv olmuş, zəmanəmizədək gəlib çatmamışlar. Ancaq həmin kitabələrdən bəzi nümunələr XIX yüzillikdə və XX yüzilliyin əvvəllərində tədqiqatçılar tərəfindən qeydə alınaraq tədqiq olunmuşlar. “Naxçıvan tarixi” çoxcildliyinin I cildində qeyd olunur ki, 1901-ci ildə Naxçıvan bölgəsinin ikinci böyük şəhəri olan Ordubad şəhər Came məscidinin ətrafında bərpa və abadlıq işləri aparılarkən torpağın altından üstündə ərəb əlifbası ilə “Harun” şəxs adlı və hicri 111-ci il tarixi həkk edilmiş bir kitabə tapılıb. Bu kitabə sübut edir ki, şəhərin mərkəzində əzəmətlə ucalan Came məscidinin əsası hicri-qəməri təqvimi ilə 111-ci ildə (miladi ilə 729-cu ildə) qoyulmuşdur. Deməli, Ordubad şəhəri hələ İslamın qəbul olunduğu ilk vaxtlarda inkişaf etmiş yaşayış məskəni olmuşdur ki, orada ilk məscidlərdən biri inşa edilmişdir.

XII əsr Azərbaycan mədəniyyətinin “intibah dövrü” hesab edilir. Yaxın və Orta Şərqin mədəni mərkəzlərindən birinə çevrilən şəhərdə orta əsr müsəlman tədris müəssisələri -- mədrəsə, ruhani məhəllə məktəbləri, təkyələr mövcud idi. Bu mədrəsələrdə dini-sxolastik  elmlərlə yanaşı, dünyəvi elmlər də öyrədilirdi.

Məxəzlərdən məlumdur ki, Eldənizlər ölkədə və eləcə də dövlətin mərkəzi olmuş Naxçıvanda mədəniyyətin müxtəlif sahələrinin inkişafına qayğı göstərmişlər. Şəmsəddin Eldəniz Naxçıvanda məktəblər açdırmış, mədrəsələr, məscidlər tikdirmişdi.  Bu dövrdə, həmçinin Azərbaycan elmi vahid İslam mədəniyyəti adlanan mədəniyyətin tərkib hissəsi kimi inkişaf edirdi. Ərəb alimlərindən Yaqut Həməvi özünün “Mücəm əl-buldan” əsərində Naxçıvan şəhərindən çoxlu alim çıxdığını və onların ən-Nəşəvi nisbəsilə məşhur olduqlarını göstərir. Bu alimlər dövrün elm və mədəniyyət mərkəzləri hesab olunan Dəməşq, Tunis, Bağdad kimi şəhərlərdə təhsil almışlar.  XI əsrin birinci yarısında yaşamış, dövrünün görkəmli mütəfəkkirlərindən olan  naxçıvanlı Əbu Ömər Azərbaycanın dini, fəlsəfi fikir tarixində öz əsərləri və fəaliyyətilə mühüm yer tuturdu.

IX-XII əsrlərdə Azərbaycanda memarlıq sahəsində intibah baş verdi. İslam dini Azərbaycan memarlığına yeni üslub gətirdi. Tarixi qaynaqlar xəbər verir ki, bu dövrdə Azərbaycanın bir sıra şəhərlərində olduğu kimi, Naxçıvan, Ordubad və Culfa şəhərlərində, iri yaşayış məntəqələrində gözəl imarətlər, məscidlər, minarələr, türbələr ucaldılıb. XII əsrdə Naxçıvanda memarlıq özünün inkişaf mərhələsinə qədəm qoyub, dövrünün “şeyxül-mühəndisi” adlanan Əcəmi Naxçıvani yaradıcılığı ilə yalnız Azərbaycan memarlığına deyil, Yaxın Şərq memarlığına da güclü təsir göstərib. Əcəmi Naxçıvani Yusif Küseyir oğlu türbəsi, Mömünə xatın türbəsi, Qoşaminarə, Cümə məscidi, Darülmülk və başqa nadir memarlıq inciləri yaratmışdır ki, onlardan yalnız ikisi dövrümüzə qədər gəlib çatıb. Memarın ilk əsəri olan Yusif Küseyir oğlu türbəsinin qapısı üstündəki kitabədə yazılır: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunun sərdabəsidir”. Dünya memarlığının nadir incilərindən olan və Naxçıvanın simvoluna çevrilən Mömünə xatın türbəsinin xarici səthləri müxtəlif ölçülü kərpiclərdən qurulmuş ərəb əlifbasından ibarət kitabələr, həndəsi ornamentlər və gəc üzərində nəbati təsvirlərlə bəzədilib. Onüzlü türbənin bütün üzləri kənarlardan “Yasin” surəsinin ayələri ilə haşiyələnib.  Türbənin daxilində günbəzin iç tərəfində yerləşdirilmiş dörd medalyon nəbati ornamentlərlə bəzədilmiş, onların içərisində kufi xətlə kitabələr yerləşdirilmişdir.

Həmin dövrdə Naxçıvan şəhərinin ən möhtəşəm memarlıq abidəsi olan Cümə məscidi Mömünə xatın türbəsi yaxınlığında  yerləşmişdir.  XVII əsrdə Naxçıvanda olmuş fransız səyyahı Tavernye Naxçıvan abidələrinə  heyranlığını gizlətməmiş və Naxçıvan Cümə məscidini Asiyada ən möhtəşəm məscid kimi qiymətləndirmişdir. Bu məscid haqqında V.Engelqardt (XIX əsr) “Qafqaz” qəzetində yazmışdır: “Bu, yonulmuş daşdan hörülmüş tağlara malik nəhəng bir binadır. Onun daxilində hələ də gözəl işlənmiş oyma qabartmaların izləri var. Binanın bir hissəsi uçub tökülmüş, qalan hissəsi isə uçmaq təhlükəsi altındadır”. Biz bu abidənin XIX əsrdə çəkilmiş fotosundan həqiqətən də təsvir olunduğu kimi möhtəşəm olduğunu görürük. Qeyri-adi quruluşa malik olmuş bu məscidin dövrünün ən böyük və yüksək memarlıq üslubu ilə tikilmiş abidəsi olduğu ehtimalını irəli sürməyə imkan verir.

VII yüzillikdən etibarən müsəlman Şərqində təşəkkül tapan sufi təriqətləri Azərbaycanda və eləcə də Naxçıvanda geniş yayılmışdı. Bu təriqətlərə rəhbərlik edən şeyxlər bir sıra yaşayış məskənlərində öz yaşayış, ibadət, zikr və təhsil mərkəzlərini qurur, ətraflarına müridlər toplayır, ideyalarını mənimsədir, onlar vasitəsilə yerli əhali arasında və ətraf ölkələrdə yayırdılar. Orta əsrlərdə Naxçıvanda çoxlu belə xanəgahlar yaradılmışdı. Bu xanəgahlardan Naxçıvan və Ordubad şəhərlərindəki xanəgahları, Culfa bölgəsindəki Əlincəçay xanəgahını və başqalarını misal göstərmək olar. Məşhur sufi şeyxlərinin rəhbərliyi altında fəaliyyət göstərən bu xanəgahlar müsəlman Şərqinin böyük xanəgahları ilə sıx əlaqədə olmuş, Azərbaycanın və qonşu ölkələrin sosial-siyasi və ideoloji həyatında mühüm rol oynamışlar.

Orta əsrlər zamanı Naxçıvan ərazisində fəaliyyət göstərən ən böyük və nüfuzlu xanəgahlardan biri Xanəgah Abidələr Kompleksi  olub. Kompleksin əsasını təşkil edən türbənin içərisində XIV əsrdən etibarən Azərbaycanda geniş yayılan hürufilik təliminin banisi Fəzlullah Nəimi dəfn olunub. Kompleks əsaslı şəkildə bərpa olunaraq ziyarətçilərin istifadəsinə verilib. Bu gün də əhali müqəddəs məkan kimi bu abidəni ziyarət edir, məkanın mənəvi saflıq və rahatlıq verdiyinə inanırlar.

Kəngərli rayonunun Qarabağlar kəndindəki memarlıq kompleksinin  üzərində bu günə qədər kitabələr gəlib çatıb. Yeraltı sərdabədən və yerüstü türbədən ibarət olan Qarabağlar türbəsinin səthi bütünlüklə həndəsi ornamenti xatırladan kufi və nəsx xətli kitabələr ilə bəzədilib. Kitabələr Quran ayələri və dini xarakterli kəlamlardır.

Ordubad rayonunun Gənzə kəndində günümüzə gəlib çatmış tarixi-memarlıq abidələrindən biri də Hacı Hüseynqulu məscididir. Naxçıvanın ən qədim məscidlərindən biri hesab edilən bu abidə XV əsrdə yaşamış nüfuzlu el ağsaqqalı Hacı Hüseynqulu tərəfindən tikilib.

Muxtar respublika ərazisində İslam mədəniyyətinin qiymətli abidələri sırasına İmamzadələr də daxildir. Müxtəlif bölgələrdə yerləşən hər 3 İmamzadə bərpa olunaraq, əhalinin istifadəsinə verilib.  Müqəddəslərin ayaq basdığı bu torpaq İslam sivilizasiyasına dəyərli töhfələr verib.

Milli ornamentləri və yüksək memarlıq xüsusiyyətləri ilə Naxçıvan abidələri bu gün nəinki İslam ölkələrindən, dünyanın dörd bir yanından gələn turistləri heyran etməkdədir. 1200-dən artıq tarixi abidəyə malik olan Naxçıvan özündə dünya əhəmiyyətli 57 abidəni hifz etməklə bəşər mədəniyyətini zənginləşdirir.

İslam dini humanistliyi, dincliyi, qardaşlığı, sülhü aşılayan mənəvi dəyərdir. Bu dəyərin izlərinə ədəbiyyatımızda da rast gəlinir. Naxçıvan dünyaya Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi kimi söz, fikir xəzinəsini zənginləşdirən dahilər bəxş edib. “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü”,-deyən Hüseyn Cavid humanizmə söykənən fəlsəfi fikirləri ilə bəşəriyyəti sülhə səsləyirdi. Həmçinin tədqiqatçılar tərəfindən Hüseyn Cavidin Azərbaycan tarixinin sovet dönəmində – 1922-ci ildə yazdığı “Peyğəmbər” əsəri dünya ədəbiyyatında əvəzolunmaz bir əsər kimi səciyyələndirilir. Pyesdə İslam tarixinin xronologiyasının izlənilməsi, yüksək romantik pafos, idealların əks etdirilməsi Hüseyn Cavidin müəllif mövqeyinin açıq ifadəsidir. Hüseyn Cavid mövzuya İslam təəssübkeşi kimi yanaşmış, Azərbaycanın milli-mənəvi inkişaf tarixinin məcrasının dəyişdirildiyi bir məqamda bu əsəri qələmə alması ilə dəyərlərin qorunub saxlanılmasına təşəbbüs göstərmişdir.

Şərq memarlığına təsir göstərən Əcəmi Əbubəkr oğlu Naxçıvani, kimya elmində öz imzasını təsdiqləyən Yusif Məmmədəliyev,   dünya incəsənət, hərb, mətbuat, səhiyyə, mədəniyyət sahəsinə əvəzsiz töhfələr verən Kəngərli, Şahtaxtinski nəsillərinin nümayəndələri Naxçıvan torpağının yetirmələridir.

Bu gün Naxçıvanda yaşadılan dəyərlər, qorunan milli-mənəvi irs zəngin tarixi ənənələrə söykənir. Muxtar respublikada folklor kollektivləri, aşıqlar, qədim el sənəti sahələrini yaşadan sənətkarlar həssaslıqla qorunan mədəni irsin davamçıları və daşıyıcılarıdır.

Naxçıvanın qədim tarixini, mədəniyyətini, ədəbiyyyatını, incəsənətini və yetişdirdiyi görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini təbliğ edən 30-a yaxın muzey var. Muzeylərdə 110 mindən çox maddi-mədəniyyət nümunəsi qorunaraq saxlanılır. Muxtar respublikada 3 dövlət teatrı, xalq teatrları, 2 filarmoniya, zəngin fonda malik kitabxanalar, eləcə də yüzlərlə mədəni-maarif müəssisəsi fəaliyyət göstərir. Zəngin mədəni mühit, müasir infrastruktur, habelə qonaqları qarşılaya biləcək müasir tipli otellər Naxçıvanda yüksək səviyyəli tədbirlərin keçirilməsinə imkan verir.

İslam mədəniyyətinin paytaxtı kimi 2018-ci il Naxçıvanın tarixinə şərəf və qürurla yazılacaq bir il olacaq. Naxçıvan islami dəyərləri, humanizmi aşılayan zəngin mədəni irsi ilə qapılarını İslam dünyasına açacaqdır. O qapıdan keçən hər kəs Naxçıvanın müstəqillik illərindəki qazandığı nailiyyətlərin, tarixi abidələrinə, dini-mənəvi dəyərlərinə ehtiramın, mədəni həyatındakı yeniliklərin bilavasitə şahidi olacaq.   İslam mədəniyyətinin paytaxtı Naxçıvan İslam həmrəyliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.

Dünyada İslamı terrorizm, cəhalətlə əlaqələndirənlər var. Bir daha İslam və terror anlayışlarını bir araya gətirənlərə Naxçıvan ortaya qoyacağı nümunələrlə layiqli cavabını vermiş olacaqdır. İslam dünyasının zəngin mədəniyyətə və tarixə malik olduğu bu dəfə Naxçıvan kontekstindən dünyaya nümayiş etdiriləcək. Bir sözlə, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı kimi öz missiyasını uğurla başa çatdıracağı şübhəsizdir.

Ruhiyyə  Rəsulova
Naxçıvan Televiziyası