Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtıdır - FOTOLAR

Əbülfəs Qarayev: Naxçıvanda hazırlıq işləri ötən müddətdə çox yüksək səviyyədə aparılıb

Xəbər verdiyimiz kimi, noyabrın 25-də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.

İclasdan sonra Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev və digər qonaqlar  bir sıra mədəniyyət müəssisələri və Naxçıvan Biznes Mərkəzi ilə tanış   olublar.

Təşkilat komitəsinin üzvləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi önünə gələrək, abidə önünə gül dəstəsi qoyub və Heydər Əliyev muzeyi ilə tanış olublar. Burada qonaqlara ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə müfəssəl məlumat verilib.

    Sonra qonaqlar Yusif Küseyroğlu türbəsi və Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində olub, Nuh Peyğəmbərin məzarüstü türbəsini  ziyarət ediblər. Naxçıvan Xalça Muzeyində olan qonaqlara  Naxçıvan xalçaları barədə geniş məlumat verilib.

  Naxçıvan Biznes Mərkəzi ilə də tanışlıq zamanı  məlumat verilib ki, burada muxtar respublikanın 54 müəssisəsindən gətirilən yerli istehsal məhsulları nümayiş etdirilir. Mərkəzdə sərgilənən 230-dan çox ərzaq və sənaye məhsulları, həmçinin sənətkarlıq nümunələri maraqla qarşılanıb.

Naxçıvan şəhəri ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev   naxcivantv.az saytına müsahibə verib.

Əbülfəs Qarayev deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi Sərəncamına uyğun olaraq ölkəmizdə Naxçıvanın 2018-ci ildə  İslam Mədəniyyətinin Paytaxı seçilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı. Artıq təxminən 3-4 ay müddətində müxtəlif dövlət orqanları tərəfindən müvafiq təkliflər toplusu hazırlandı. Bu gün isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, hörmətli Vasif Talıbovun sədrliyi ilə ilk işçi iclas keçirildi. Burada nəinki 2018-ci ilin özündə, eyni zamanda 2017-ci ildən etibarən həyata keçiriləcək silsilə tədbirlər,  eləcə də hazırlıq proqramlarının keçirilməsi ilə bağlı məsələlər də müzakirə olundu, görüləcək işlərin istiqaməti müəyyənləşdirildi.

Naxçıvanda 2018-ci ildə keçiriləcək silsilə tədbirlərin təqdimatları, onların reklam və təbliğat sisteminin formalaşdırılması olduqca vacibdir,-deyən Əbülfəs Qarayev bildirib ki, bizi çox rəngarəng və maraqlı proqramlar gözləyir.

O deyib: Naxçıvanda hazırlıq işləri ötən müddətdə çox yüksək səviyyədə aparılıb. İslam mədəniyyəti ilə bağlı olan tarixi abidələr bərpa olunub, eyni zamanda onların qədimliyi saxlanılıb. Naxçıvanında müasir şəhər və kənd infrastrukturu formalaşdırılıb. Biz həmişə gələndə bunu xüsusi qeyd edirik. Artıq növbəti ildə bu görülən işlərin, hazırlanacaq proqramların internet saytları, televiziyalar, kitablar, müxtəlif sərgilər vasitəsilə dünya ictimaiyyətinə çatdırılması qarşıya məqsəd qoyuldu.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev daha sonra deyib: İslam Konfransı Təşkilatının tərkibinə 52 ölkə daxildir. Bu 52 ölkənin özlərinin nümayəndələri buraya rəsmi qaydada gələcəklər. Eyni zamanda biz bu ölkələrdə Naxçıvan mədəniyyətini əks etdirən tədbirlərin təqdimatını da keçirməyi nəzərdə tutmuşuq.

Əbülfəs Qarayev son vaxtlar Azərbaycana gələn turistlərin sayının artığını bildirərək deyib ki, buna səbəb viza rejiminin sadələşdirilməsi və müasir infrastrukturun yaradılmasıdır. Biz turizm cəhətdən bir sıra mühüm ünvanları müəyyənləşdirmişik. Onların da ən əhəmiyyətlilərindən biri Naxçıvandır. Naxçıvanın dini turizm, kənd-yaşıl turizm, müalicəvi və istirahət turizmi üçün geniş imkanları vardır. Hesab edirəm ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi və bu istiqamətdə keçirilən silsilə tədbirlər  burda turizmin inkişafına da təkan verəcək.