Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Beynəlxalq Poeziya Günü”nə həsr olunmuş tədbir keçirilib.

Naxcivantv.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini Rəşad Xudiyev çıxış edərək bildirib ki, 1999-cu ildə YUNESKO-nun 30-cu iclasında 21 mart tarixi “Beynəlxalq Poeziya Günü” elan olunub və Azərbaycanda 2007-ci ildən qeyd olunur.

Rəşad Xudiyev qeyd edib ki, son illərdə yazılan şeir və poemalar, nəsr əsərləri onu göstərir ki, Naxçıvanın müasir inkişafı və qədim tarixi, həyata keçirilən böyük abadlıq və quruculuq işləri, qədim diyarımızın gözəlliyi şair və yazıçılarımızın əsərlərində böyük sevgi ilə tərənnüm olunur.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Asim Əliyev “Ədəbiyyatımız dünən və bu gün” mövzusunda çıxış edərək qeyd edib ki, Azərbaycan poeziyasının tarixi qədim dövrlərdən başlanır. XX əsrdə ədəbiyyatımız Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Əliağa Vahid, Məmməd Araz və başqa görkəmli söz ustadlarının poeziya nümunələri ilə zənginləşib.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Poeziyada milli inkişaf” mövzusunda çıxış edərək bildirib ki, müstəqillik illərində xalqımızın tarixi keçmişini, qəhrəmanlıq tarixini əks etdirən mövzulara poeziyamızda maraq artıbdır.

Şərur ədəbi birliyinin rəhbəri, şair İbrahim Yusifoğlu “Şərur ədəbi birliyi” mövzusunda çıxış edərək qeyd edib ki, 50 ilə yaxın fəaliyyət göstərən birliyin yetirdiyi bir çox ədəbiyyat və elm adamları ictimaiyyət arasında tanınırlar və onlar tərəfindən nəşr olunan kitablar oxucular tərəfindən həmişə maraqla qarşılanıb.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Azərbaycan və dünya ədəbiyyatından tərcümələr bədii qiraət edilib.

Sonda yeni nəşr olunan kitabların sərgisinə baxış keçirilib.

 

                                                                                      Cavid Səfərli

NTV xəbər

www.naxcivantv.az