Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri Qazax rayonundan start götürüb.

Naxcivantv.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, AYB-in Qazax zona filialının üzvləri, mədəniyyət, təhsil, səhiyyə işçiləri, rayonda fəaliyyət göstərən ali təhsil ocaqlarının müəllim və tələbə kollektivi, məktəblilər və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Gənclər Mərkəzində davam edən tədbir Xalq Şairinin lentə alınmış öz ifasında səslənən şeirinin oxunması ilə başlayıb.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Xalq Şairi Məmməd Arazın Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadı olmasından danışıb. Qeyd edib ki, dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Görkəmli söz ustadının sənət dünyasında Vətən müqəddəsliyi, xalq məhəbbəti, el həqiqətləri yaradıcılığının nüvəsində dayanır.

Tədbirin aparıcısı AYB-in Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal Məmməd Araz yaradıcılığının və şeirlərinin Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb.

“Məmməd Araz poeziya günü”nün ideya müəllifi, şair Qardaşxan Əzizxanlı çıxış edərək bildirib ki, bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. O, qeyd edib ki üçüncü dəfə təşkil olunan poeziya günləri, həm də böyük şairin anadan olmasının 85 illik yubileyi ilə əlamətdardır və keçirilən tədbirlərə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi dəstək verir. Layihə rəhbəri bildirib ki, Qazaxdan başlayan poeziya günləri ölkəmizin müxtəlif şəhərlərində davam edəcəkdir.

AYB-in Qazax zona filialının aparıcı məsləhətçisi, şair Mustafa Rasimoğlu çıxışında şair və yazıçılara, söz adamlarına göstərdiyi diqqət və qayğıya, poeziya gününün belə yüksək səviyyədə keçirilməsinə görə rayon icra hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Tədbirdə Əməkdar artistlərdən Nuriyyə Hüseynova və İlkin Əhmədov, aşıqlardan Camoy Qurbanov və Yaşar Gülümcanov şairin şeirlərinə həsr olunmuş mahnılar oxuyublar.

Sonra söz poeziya günlərinin tərkibinə daxil olan “Məmməd Araz poeziya müsabiqəsi”nin iştirakçılarına verilib. Müsabiqənin qalibi və iştirakçısı olmuş məktəblilər Xalq Şairinin şeirlərini oxuyub, öz bacarıqlarını nümayiş etdiriblər. Şairin “Azərbaycan-dünyam mənim” və “Qalx ayağa, Azərbaycan” şeirlərini tədbir iştirakçıları ayaqüstü alqışlarla qarşılayıblar.

Sonda müsabiqə qaliblərinə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təsis etdiyi diplomlar və hədiyyələr təqdim olunub.

www.naxcivantv.az