Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

27 il əvvəl ulu öndər Heydər Əliyev Moskvada 20 Yanvar faciəsini törədənlərə kəskin etirazını bildirib

27 il əvvəl ulu öndər Heydər Əliyev Moskvada 20 Yanvar faciəsini törədənlərə kəskin etirazını bildirib

 Ümummilli lider Heydər Əliyev bütün həyatı boyu Vətənə, xalqa bağlılıq nümunəsi göstərib. O, həmişə xalqla birlikdə olduğunu öz əməli fəaliyyəti ilə dəfələrlə sübut edib.

Təsadüfi deyildi ki, 20 Yanvar faciəsinə ilk olaraq etirazını bildirən və bu qırğını dünya ictimaiyyətinə çatdıran da məhz ulu öndər olub.  Dahi şəxsiyyət hadisədən cəmi bir gün sonra – 1990-cı il yanvarın 21-də xalqın haqq səsinə səs verərək Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində, məhz keçmiş Sovetlər Birliyinin paytaxtında keçirdiyi mətbuat konfransında sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa edib.

O vaxtkı Azərbaycan hakimiyyətinin həqiqətləri söyləməyə cəsarəti çatmadığı bir vaxtda dahi şəxsiyyət bu faciəni törədən şəxsləri kəskin tənqid edib. Ulu öndər faciəyə hüquqi-siyasi qiymət verilməsi tələbini irəli sürüb. O, qətiyyətli addımı ilə Azərbaycan xalqının sahibsiz olmadığını da bəyan etmiş oldu.

 Ümmummilli lider Azərbaycanın Moskvadakı Nümayəndəliyindəki çıxışında deyib: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim”.

Ulu öndərin Moskvada Qanlı Yanvar faciəsi ilə bağlı verdiyi kəskin bəyanat, artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasından xəbər verirdi. Dahi şəxsiyyətin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsi idi. Kommunist partiyası sıralarından çıxmasına dair ərizəsində milli lider kommunist rejimin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq şəkildə bəyan edirdi.

1990-cı ilin Yanvar faciəsindən sonra hakimiyyətdə olan qüvvələrin bu məsələ ilə bağlı ilk vəzifəsi faciə günahkarlarını üzə çıxarmaq və dövlət səviyyəsində məsələyə siyasi-hüquqi qiymət vermək olsa da, faktiki olaraq heç bir tədbir görülmədi.

Hadisələrə ilk siyasi qiymət də ulu öndərimiz tərəfindən milli azadlıq hərakatının ön sıralarında qərar tutan Naxçıvanda verilib.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında ümummilli lideri­miz tərəfindən hazırlanan və onun təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verildi, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilib. Bu tarixi sənəddə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunması da öz əksini tapıb. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılıb, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunub.

1993-cü ildə dahi rəhbər Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da bu məsələni diqqətdə saxlayıb. Ulu öndərin 1994-cü il yanvarın 5-də imzaladığı “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyyə edilib. Müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, Qanlı Yanvar faciəsinə tam hüquqi-siyasi qiymət verilib.

20 Yanvar hadisələri milli azadlıq hərəkatını boğmaq, suveren dövlət amalı ilə ayağa qalxan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

     

Rauf Əliyev

NTVxəbər

www.naxcivantv.az