Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda istehsal edilən keyfiyyətli məhsulların imicinə xələl gətirə biləcək faktlar və saxtakarlıq halları artıb

Qida istehsalı üzrə ixtisaslaşmış təsərrüfat subyektlərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, orqanik məhsul istehsalının səmərəli təşviqi fonunda geni modifikasiya olunmuş məhsullardan istifadənin məhdudlaşdırılması, qida əlavələrindən, pestisidlərdən və emulqatorlardan istifadənin ciddi dövlət nəzarəti ilə əhatə olunması son nəticədə geniş ictimai rəydə xüsusi rəğbətə malik, ekoloji təmiz, insan sağlamlığı üçün faydalı və yüksək keyfiyyətli Naxçıvan məhsullarına özünəməxsus imic qazandırıb.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən naxcivantv.az-a verilən məlumata görə, son günlərdə yüksək keyfiyyətli Naxçıvan məhsullarının imicinə xələl gətirə biləcək faktlara, saxtakarlıq hallarına rast gəlinib. Bu, muxtar respublikadakı yerli istehsalçıların narahatlığına və istehlakçıların yanıldılmasına səbəb olur.

Belə ki, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Sabir küçəsi 8a ünvanında yerləşən “Al-Sana” MMC-nin istehsal etdiyi kolbasa məhsullarında və Abşeron rayonu Xırdalan şəhəri akademik Həsən Əliyev küçəsi 38 ünvanında yerləşən “Zəhmət-Ruzi” MMC-nin istehsal etdiyi “Sab” markalı süd məhsullarında coğrafi göstərici qismində “Naxçıvan” sözündən istifadə edilməsinə dair muxtar respublikada fəaliyyət göstərən analoji məhsulların istehsalçıları tərəfindən Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət daxil olub.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Eyni zamanda, əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt məhsullar hesab edilir.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən daxili bazarda aparılan araşdırmalar üzrə müəyyən olunub ki, həqiqətən də “Al-Sana” və “Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən istehsal olunmuş bir sıra kolbasa və süd məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq, Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan “Naxçıvan” adı ilə markalanıb. Bu qanunazidd əməl ilk növbədə məhsulun mənşə yeri ilə bağlı istehlakçıların aldadılmasına səbəb olmaqdadır. Digər tərəfdən isə bu kontrafakt məhsulların istehsalçılarının ad və mənşə yeri ilə bağlı qanunsuz əməllərinin eyni qaydada məhsulun keyfiyyət göstəricilərində də təkrarlanacağından ehtiyat edən naxçıvanlı sahibkarlar uzun illər ərzində vicdanlı fəaliyyətləri ilə qazandıqları müştəri məmnunluğunu itirəcəklərindən ciddi narahatçılıq keçirməkdədirlər.

İstehlakçıların və sahibkarların nəzərinə çatdırılır ki, bu məhsullar kontrafakt məhsullar sayılır və belə məhsullara rast gəldikdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə operativ məlumat verilməsi xahiş olunur.

Aşkar olunmuş saxtakarlıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq hüquqi prosedurlara başlanıb.

Naxcivantv.az aşkar olunmuş kontrafakt məhsulların fotoşəkillərini təqdim edir:

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1576-bak%C4%B1da-%E2%80%9Cnax%C3%A7%C4%B1van%E2%80%9D-markas%C4%B1-il%C9%99-nax%C3%A7%C4%B1vanda-istehsal-edilm%C9%99y%C9%99n-m%C9%99hsullar-sat%C4%B1l%C4%B1r-fotolar.html?tmpl=component&print=1&layout=default&page=#sigProId54ebb42817

www.naxcivantv.az