Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi,  "Şöhrət” ordenli Zərifə Salahovanın yubiley tədbiri keçirilib.

Naxcivantv.az xəbər verir ki, tədbirdə mədəni-maarif müəssisələrinin rəhbərləri, muxtar respublikanın yaradıcı qadınları, qadın deputatlar, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin, Yazıçılar Birliyinin və Bəstəkarlar Təşkilatının üzvləri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova bildirib ki, Zərifə Salahova təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanınır. Zərifə xanım incəsənətin, mədəniyyətin, ədəbiyyatın, maarifin təbliği sahəsində mühüm xidmətlər göstərib, nadir formatlı kitablar toplayıb və nəşr etdirib. Qeyd olunub ki, Zərifə xanım 2002-ci ildən fəaliyyət göstərən Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısıdır. Muzeydə 60-dan çox ölkədə nəşr olunan 8 minə yaxın kitab nümayiş etdirilir. İçərişəhərdəki bu nadir incəsənət ocağı dünyada yeganə miniatür kitab muzeyidir. Diqqətə çatdırılıb ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında da 2014-cü ildə müəllifin iştirakı ilə Miniatür Kitab Muzeyinin filialı yaradılıb. Hal-hazırda burada 1084 nüsxə miniatür kitab sərgilənir.

Natəvan Qədimova vurğulayıb ki, Zərifə Salahova miniatür kitab muzeyindəki kitabları təxminən 35 ilə toplayıb. Bu kitabların  kolleksiyasına görə Zərifə Salahovanın adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Zərifə xanımın fəaliyyəti, mədəniyyətimizə verdiyi dəyərli töhfələr dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova qeyd edib ki, Zərifə Salahovanın 85 yaşı tamam olur. Nazir bu münasibətlə tədbir iştirakçıları və muxtar respublikanın mədəniyyət işçiləri adından Zərifə xanımı təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki,  ulu öndər Heydər Əliyevin həm Sovet dönəmində, həm də ölkəmizin müstəqillik illərində yaradıcı insanlara, o cümlədən yaradıcı qadınlara qayğısı onların yaradıcılıq fəaliyyətinin genişlənməsinə yeni imkanlar açıb. Ümummilli liderin qayğı göstərdiyi yaradıcı qadınlardan biri də Zərifə Salahovadır.  O,  Azərbaycan qadınlarına nümunə göstəriləcək bir insandır. Xüsusilə gənc nəsil onun əzmkarlığından və vətənpərvərliyindən nümunə götürməlidir.

Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva Zərifə Salahovanın Azərbaycan mədəniyyəti sahəsindəki xidmətlərini yüksək qiymətləndirib, ona möhkəm cansağılığı və yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə çıxış edən Zərifə Salahova 85 illik yubileyinin Naxçıvanda qeyd olunmasından məmnunluğunu ifadə edib və minnətdarlığını bildirib.

Sonra Zərifə Salahova öz kitablarından bir neçəsini Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasına hədiyyə edib.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1615-nax%C3%A7%C4%B1vanda-d%C3%BCnyada-yegan%C9%99-miniat%C3%BCr-kitab-muzeyinin-yarad%C4%B1c%C4%B1s%C4%B1-z%C9%99rif%C9%99-salahovan%C4%B1n-85-illik-yubileyi-qeyd-olunub.html?tmpl=component&print=1&layout=default&page=#sigProId358152d009

Turab Hacızadə

NTVxəbər

www.naxcivantv.az