Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanın elektrik enerjisinə olan tələbatı tamamilə alternativ və bərpa olunan enerji mənbələri hesabına ödəniləcək

Naxçıvan Muxtar Respublikasının elektroenergetika sisteminin yenidən qurulması istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. Görüləcək işlər nəticəsində yaxın gələcəkdə Naxçıvanın elektrik enerjisinə olan tələbatı tamamilə alternativ və bərpa olunan enerji mənbələri hesabına ödəniləcək.

Elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 2 may tarixli Sərəncamının icrası muxtar respublikada da uğurla həyata keçirilib. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla işləmə rejiminə keçməsi təmin olunub, 220 kilovoltluq “Babək” yarımstansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilib və sonrakı mərhələlərdə bu istiqamətdə kompleks işlər davam etdirilib.

Son illər muxtar respublikanın mövcud hidroenerji potensialından səmərəli istifadə olunmaqla, ekoloji təmiz və iqtisadi cəhətdən daha səmərəli olan su elektrik stansiyaları tikilib. 2006-cı ilin dekabrında Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ilin oktyabrında Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə isə Şərur rayonu ərazisində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istismara verilib.

Əlverişli coğrafi mövqe və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq, 2015-ci il dekabrın 1-də Babək rayonunun Xal-xal kəndi yaxınlığında 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib. Burada işlər Belçika Krallığının “Soltech” şirkəti tərəfindən görülüb. Stansiyada 78 min 684 ədəd ən müasir “şüşə-şüşə” tipli Günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik yarımstansiyası quraşdırılıb.

Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin balansında olan 8 elektrik stansiyasından 6-sı son 20 ildə istismara verilib. 1970-ci ildən istismar olunan 22 meqavat gücündəki Araz Su Elektrik Stansiyası nəzərə alınmaqla, istehsal gücü 206 meqavat olan elektrik stansiyalarında hazırda tələbata uyğun olaraq, 80-90 meqavat gücündə elektrik enerjisi istehsal edilir.

Yaz-yay aylarında nasos stansiyalarının işləməsi ilə əlaqədar olaraq, muxtar respublikanın elektrik enerjisinə tələbatı 80-85 meqavat, qalan aylarda isə 45-50 meqavat olur. Yaz aylarında su elektrik stansiyalarında 60-68 meqavata qədər elektrik enerjisi istehsal edilir. Göründüyü kimi, muxtar respublikanın elektrik enerjisi ilə təminatına möhkəm zəmin yaradılıb. İstehsal olunan elektrik enerjisi nəinki daxili tələbatı ödəyir, hətta onu ixrac etməyə imkan verir.

2016-cı ildə Dövlət Energetika Agentliyinin elektrik stansiyalarında 437 milyon 917 min kilovat-saat elektrik enerjisi istehsal edilərək şəbəkələrə ötürülüb. Bunun 204 milyon 321 min kilovat-saatı və ya 46,7 faizi su elektrik stansiyalarında, 203 milyon 939 min kilovat-saatı və ya 46,6 faizi istilik elektrik stansiyalarında, 29 milyon 657 min kilovat-saatı və ya 6,7 faizi Günəş Elektrik Stansiyasında istehsal edilib. Alternativ və bərpa olunan elektrik stansiyalarında elektrik enerjisi istehsalı ümumi istehsalın 53,4 faizini təşkil edib. Bu göstərici çox nadir hesab olunur. Dünya ölkələri içərisində alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunan enerjinin miqdarı ümumi istehsalın 50 faizdən çoxunu təşkil edən cəmi bir neçə ölkə mövcuddur.

Məhz bütün bunların nəticəsində muxtar respublikanın elektrik enerjisinə olan tələbatının tamamilə alternativ və bərpa olunan enerji ehtiyatları hesabına ödənilməsi mümkün olacaq.

Yaxın gələcəkdə 36 meqavat gücündə olan Ordubad Su Elektrik Stansiyası istifadəyə veriləcək. Bundan başqa, artıq 14 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının texniki-iqtisadi əsaslandırılması və ilkin layihə sənədləri hazırlanıb. Eyni zamanda, 2017-ci ildə Günəş Elektrik Stansiyasının gücü 2 meqavat artırılacaq. Bunun üçün xarici şirkətlə müqavilə bağlanılıb, işlərə başlanılıb. Cari ilin iyul ayında işlərin yekunlaşdırılması nəzərdə tutulur. Araz Su Elektrik Stansiyasında 2 nömrəli turbinin əsaslı təmiri, Modul Elektrik Stansiyasında isə 4 aqreqatın 48 min saatlıq işləmədən sonra planlı təmiri həyata keçiriləcək.

Culfa rayonunda külək elektrik stansiyasının tikintisi üçün ötən il ölçü qurğuları alınıb və quraşdırılıb. Ölçü aparıldıqdan sonra 2017-ci ilin avqust ayında bu ərazidə hansı gücdə və sayda külək enerjisi qurğuları qoyulmasının əsaslandırılması mümkün olacaq.

Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, muxtar respublikanın elektrik enerjisinə olan tələbatının alternativ və bərpa olunan enerji ehtiyatları hesabına 100 faiz ödənilməsi mümkün olacaq və yaxın gələcəkdə muxtar respublikamız daha çox elektrik enerjisi ixrac edəcək.

Naxçıvanda istehsal olunan elektrik enerjisinin istehlakçılara fasiləsiz və keyfiyyətli çatdırılması istiqamətində də kompleks tədbirlər həyata keçirilib, yeni transformator yarımstansiyaları tikilib, mövcud olanlar yenidən qurulub. Son illər “Culfa”, “Sədərək”, “Çeşməbasar”, “Xal-xal”, “Koroğlu”, “Xalçaçılıq”, “Şərur”, “Naxçıvan”, “Ordubad”, “Qıvraq” və “Nehrəm” transformator yarımstansiyaları müasir şəkildə yenidən qurularaq istifadəyə verilib.

İstehsal olunan elektrik enerjisindən səmərəli istifadə edilməsi və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsində mühüm rol oynayan sayğacların quraşdırılması işi də diqqət mərkəzində saxlanılıb, vətəndaşların ev və mənzillərinə rəqəmsal elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib. Hazırda Naxçıvan şəhərində daha müasir, ön ödənişli, smartkart tipli sayğacların quraşdırılması davam etdirilir.

 

www.naxcivantv.az