Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Nə vaxt ki, Naxçıvanda insanların xeyrinə olan mütərəqqi bir addım atılır, bir sıra “ağzıgöyçək” informasiya  saytları yağışdan sonrakı göbələklər kimi baş qaldırırlar”

Muxtar respublikadakı qəbiristanlıqların abadlaşdırılması və yaradılan səliqə-sahman əhali tərəfindən razılıqla qarşılanır

Naxçıvan Muxtar Respublikasının bütün bölgələrindəki qəbiristanlıqlarda məzarların dəmir çəpərləri vəfat edənlərin yaxınları tərəfindən sökülərək götürülür, ərazilərdə təmizlik və səlqə-sahman yaradılır.

Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev Naxcivantv.az-a deyib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 noyabr tarixli Qərarına əsasən mövcud olan məzarlıqlarda dəfn zamanı qəbirlərin milli-dini dəyərlərin tələblərinə və qaydalara uyğun ölçüdə salınması zəruridir: “Hər bir qəbir üçün ölçü qaydaları müəyyən olunub. Qaydalara əsasən hər bir məzarın eni 1 metr 40 santimetr, uzunluğu isə 2 metr 20 santimetr olaraq müəyyənləşdirilib”.

Lakin hazırda muxtar respublika ərazisində mövcud olan qəbiristanlıqlarda  qəbirlərin əksəriyyəti dəmir çəpərlərlə əhatələnib. Buna səbəb qəbiristanlıqların ümumi ərazilərinin əvvəllər çəpərlənməməsi, eləcə də insanların dini biliklərinin az olmasıdır. Bununla yanaşı, qəbiristanlıqlarda dəfn zamanı qəbirlərin ölçüləri müəyyən edilmiş qaydalara uyğun olmadığından və əlavə məzar yerləri zəbt olunduğundan qəbiristanlıq əraziləri israf olunub.

Bu qanunauyğunsuzluqların aradan qaldırılması məqsədilə, muxtar respublikanın bütün bölgələrində ümumi ərazisi əvvəlcədən çəpərlənmiş qəbiristanlıqlarda abadlıq işlərinə və dəmir çəpərlərə alınmış məzarların çəpərlərinin vəfat edənlərin yaxınları tərəfindən söküntüsünə başlanılıb. Hazırda bir çox yerlərdə işlər artıq yekunlaşıb.

Görülən tədbirlər muxtar respublika sakinləri tərəfindən də rəğbətlə qarşılanır. Naxçıvan şəhər sakini Pərviz Novruzov deyib:Məzarların baxımsız, kol-kos içində olması, dəmir çəpərlərə alınması yaxınlarımızın qəbirlərini ziyarət etməyə, onlara Quran oxutmağa çətinlik yaradırdı. Amma son vaxtlar qəbiristanlıqların səliqə-sahmana salınması bir vətəndaş kimi məni də sevindirir. Onu da deyim ki, son illər məzar daşlarının dəbdəbəli və bahalı daşlardan hazırlanması da narahatçılıq doğurur”.

Naxçıvan şəhər sakini Fəxrəddin Abbasovun sözlərinə görə,insana sağlığında qiymət vermək və hörmət etmək lazımdır: “Bəzi sakinlər az qala öz doğmalarının qəbri üstündə “mavzoley” ucaldırlar. Bu, kimə və nəyə lazımdır?! Üstəlik də məzarı bahalı çəpərlərlə əhatəyə alıb həm əlavə torpaq israf edirlər, həm də özlərinə maddi ziyan vururlar.  Bu,  milli-mənəvi dəyərlərimizə ziddir. Məzarlıqlarımız elə olmalıdır ki, burada varlı-kasıb məsələsi olmasın. Çünki İslam sadəlik, xeyirxahlıq, mərhəmət və bərabərlik dinidir”.

Babək rayon Zeynəddin kənd sakini Nizami Hacıyev isə məsələnin digər bir tərəfinə toxunub: “Nə vaxt ki, muxtar respublikada insanların xeyrinə olan mütərəqqi bir addım atılır, bir sıra kimə və nəyə xidmət etdiklərini özləri də bilməyən “ağzıgöyçək” informasiya  saytları yağışdan sorakı göbələklər kimi meydana çıxır, qarayaxma kompaniyasına başlayırlar. Bir neçə il bundan əvvəl yazırdılar ki, “Naxçıvanda yas mərasimlərinə qadağalar qoyulur”, indi də yazırlar ki, “Naxçıvanda məzarlıqlar dağıdılır”. Bu, nadanlıqdan başqa bir şey deyil. Dinimizin qayda və tələblərini bilməyənlər başlayıblar qaranlıq otaqda qara pişik axtarmağa.  İndi Naxçıvanda təşkil edilən yas mərasimləri ölkədə nümunə göstərilir, elə məzarlıqlarda yaradılan abadlıq və  səliqə-sahman da. Başa düşmək lazımdır ki, dəbdəbəli qəbirlər, yas mərasimləri heç kimə fayda gətirmir, əhaliyə maddi ziyan vurur və üstəlik israfçılıqdır. İsrafçılığı peyğəmbərimiz də qəbul etmirdi”.

Bu gün ölkəmizdə cəmiyyəti narahat edən məsələlərdən biri də yas mərasimlərinin təmtəraqlı, böyük israfçılıqla  təşkili və çox böyük maddi xərc aparan  ehsanların verilməsidir. Hər gün bir neçə dəfə süfrə açılması, müxtəlif yeməklərin verilməsi israfçılığa gətirib çıxarır. Bir neçə ildir  ki, muxtar respublikada bu məsələ də öz həllini tapıb və Naxçıvandakı yas və dəfn adətləri nümunə səviyyəsinə yüksəlib. Təmtəraqlı ehsanların verilməsinə də son qoyulub. Naxçıvan şəhər sakini Ramiz Tarverdiyev deyir:“Son vaxtlar yas mərasimlərində çay, qənd və limondan başqa heç nə təklif olunmur. Yalnız yasın üçü günü 1 dəfə yemək ehsanı verilir. Bu isə təqdirəlayiq haldır. İsrafçılıq yoxdur, yas sahibləri də əlavə maddi problemlərlə üzləşmirlər. Digər tərəfdən, əgər əvvəllər din xadimləri yas mərasimlərində xurafatçılığa meylli idilərsə, indi buna da son qoyulub. Muxtar respublikada din xadimləri ilə davamlı olaraq aparılan dini maarifləndirmə işi öz bəhrəsini verib. İndi onlar yas mərasimlərində İslami dəyərləri, milli adətlərimizi və vətənpərvərliyi təbliğ edirlər”.

Dinimizə, İslami dəyərlərə hörmət və ehtiramla yanaşmaq hər bir müsəlmanın borcudur. Odur ki, gəlin məzarların və yas mərasimlərinin İslam dininin qayda-qanunlarına uyğun olmasına riayət edək.     

Naxcivantv.az

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1628-muxtar-respublikadak%C4%B1-q%C9%99biristanl%C4%B1qlar%C4%B1n-abadla%C5%9Fd%C4%B1r%C4%B1lmas%C4%B1-v%C9%99-yarad%C4%B1lan-s%C9%99liq%C9%99-sahman-%C9%99hali-t%C9%99r%C9%99find%C9%99n-raz%C4%B1l%C4%B1qla-qar%C5%9F%C4%B1lan%C4%B1r.html?tmpl=component&print=1&layout=default&page=#sigProId031f56be0f

                                                        

www.naxcivantv.az