Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Fəxrəddin Səfərli: 1929-cu ildə Naxçıvanın 10 kəndi beynəlxalq müqavilələrin şərtləri kobud şəkildə pozulmaqla Ermənistana verilib

Vaxtilə Azərbaycanın da daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının 10 kəndi Ermənistana verilib.

Bunlar Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan kəndi, habelə Kilit kəndinin bir hissəsidir.

Bu faktları AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, həmin vaxt Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 657 kvadratkilometr ərazisinin Ermənistana verilməsi ilə 1921-ci il 16 mart tarixli Moskva və 1921-ci il 13 oktyabr tarixli Qars müqavilələrinin şərtləri kobud surətdə pozulub.

Fəxrəddin Səfərli qeyd edib ki, ermənilər 1929-cu il fevralın 18-dən etibarən bu kəndlərdə yaşayan müsəlman-türk əhaliyə qarşı deportasiya siyasəti həyata keçiriblər. Nəticədə həmin kəndlərin əhalisinin əksəriyyəti dədə-baba torpaqlarını tərk edərək Azərbaycana və keçmiş ittifaqın digər yerlərinə köçüblər. Erməni təqiblərinə, hədə-qorxularına baxmayaraq, bu kəndləri tərk etməyərək orada qalan sonuncu azərbaycanlılar isə 1988-ci ildə Dağlıq Qarabağ problemi ilə başlayan hadisələr zamanı yurd-yuvalarından çıxmağa məcbur ediliblər.

AMEA-nın müxbir üzvü vurğulayıb ki, 1930-cu ildən sonra bütün müttəfiq respublikalarda olduğu kimi, Ermənistan SSR-də də yeni inzibati ərazi bölgüsü – rayonlar yaradılarkən həmin yaşayış məskənləri yerləşdiyi coğrafi mövqeyə görə yeni təşkil olunan rayonların tərkibinə verilib: “Ancaq ermənilər bununla kifayətlənmədi, bu kəndlərin adlarının dəyişdirilməsi sahəsində də işlər apardılar. Tarixi Qərbi Azərbaycan torpaqlarında, yəni indiki Ermənistan ərazisində ilk addəyişmə əməliyyatları İrəvan xanlığının 1828-ci ildə Rusiyaya birləşdirilməsindən sonra çar hökuməti tərəfindən aparıldı. 1828-ci ildə İrəvanın adı Erivanla, 1837-ci ildə Kəvər Nor-Bayazidlə, 1840-cı ildə Gümrü Aleksandropolla əvəz olundu. Ermənistan SSR Ali Soveti rəyasət heyətinin 1935-ci il 3 yanvar tarixli qərarı ilə Naxçıvanın zəbt olunmuş Sultanbəy kəndinin adı Bartsruni, Qurdqulağın adı Boloraberd qoyuldu. Bu iş sonralar da davam etdirildi, Ali Sovetin 1946-cı il 12 noyabr tarixli qərarı ilə Almalının adı Xndzorut, 1968-ci il 3 iyul tarixli qərarla Horadizin adı Oradis kimi dəyişdirildi. 1935-ci ilin yanvarından 1988-ci ilin avqustunadək Ermənistan ərazisində 521 Azərbaycan mənşəli yaşayış məskəninin adı rəsmən dəyişdirilib”.

Bütövlükdə, İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində mövcud olan və adları XIX-XX əsrlərdə müxtəlif ölkələrdə yayımlanmış xəritələrdə, tarixi-coğrafi ədəbiyyatlarda, rəsmi sənədlərdə saxlanmış 15 min Azərbaycan mənşəli coğrafi adın “toponim soyqırımına” məruz qaldığını vurğulayan Fəxrəddin Səfərli bildirib ki, ermənilər keçmiş sovet dövründə Azərbaycan torpaqlarını əldə etmək üçün çalışıb, hətta bir sıra ərazilərin Ermənistana verilməsi sahəsində ən yüksək səviyyədə qərarlar qəbul olunub. Ancaq xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə həmin ərazilərin Ermənistana verilməsinin qarşısı alınıb.

                                                  Rauf Kəngərli

AZƏRTAC

www.naxcivantv.az