Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Election Times” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub

İslamabaddakı “Election Times” qəzeti və elektron portalında “Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsinin həlli” sərlövhəli məqalə verilib.

Naxcivantv.az xəbər verir ki, yazıda Xocalı soyqırımının XX əsrin ən qanlı hadisələrindən biri olduğu qeyd edilir və hadisə nəticəsində 613 nəfərin, o cümlədən 106 qadın, 70 qoca və 83 uşağın qətlə yetirildiyi vurğulanır, Xocalı soyqırımının Ermənistanın işğal siyasətinin tərkib hissəsi olduğu diqqətə çatdırılır.

Müəllif Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən işğal olunan ərazilərdə bu il fevralın 20-də keçirilən qeyri-qanuni “referendum”u qətiyyətlə pislədiyini bildirir. Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan ərazilərin adının dəyişdirilməsi cəhdinin Ermənistanın təxribatı olduğu diqqətə çatdırılır, bu ölkənin münaqişənin həllində maraqlı olmadığı və status-kvonu saxlamağa çalışdığı vurğulanır.

Bildirilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, ancaq bu sənədlər təcavüzkar ölkə tərəfindən yerinə yetirilmir.

Məqalədə 2016-cı ilin aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad olunması nəticəsində təhlükəsizliyi təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən yenidənqurma işlərinə də toxunulur və Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin həmin kəndə səfər etdikləri diqqətə çatdırılır.

Müəllif münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin sülh prosesinə heç bir töhfə vermədiyini, bəzi hallarda isə əksinə prosesə zərər vurduğunu qeyd edir.

Sonda Pakistanın bu məsələdə Azərbaycana verdiyi dəstək və Pakistanın Ermənistanı müstəqil dövlət kimi tanımaması vurğulanır, bu yaxınlarda Pakistan Milli Assambleyasının Xarici İşlər Komitəsi tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və Xocalı soyqırımını pisləyən, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq birlik tərəfindən qəbul olunmuş sərhədlər çərçivəsində bir daha tanıyan qətnamənin qəbul olunduğu nəzərə çatdırılır.

 

www.naxcivantv.az