Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının muxtar respublikanın Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq keçirilən futbol üzrə XVII muxtar respublika çempionatının ilk dövrəsinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, cari mövsümə iddialı başlayan “Araz-Naxçıvan” futbol komandası ilk dövrəni lider kimi başa vurub. “Qırmızı-ağlar” keçirdiyi 8 görüşdə yalnız bir dəfə heç-heçə edib. Son turda isə Naxçıvan təmsilçisi yaxın izləyicisi “Arpaçay” komandasını səfərdə məğlub etməyi bacarıb. Çempionatın ilk dövrəsində məğlubiyyət üzü görməyən yeganə komanda da məhz “Araz-Naxçıvan”dır.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Şərurun “Arpaçay” komandası 7-ci turda “Araz-Naxçıvan”a uduzduqdan sonra səfərdə Sədərəyin eyniadlı komandasının qonağı olub. Çətin keçən görüş Şərur təmsilçisinin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə, eyni zamanda, “Arpaçay” komandasını liderə bir qədər yaxınlaşdırıb.

Hazırda turnir cədvəlinin üçüncü pilləsində Naxçıvan Dövlət Universitetinin komandası qərarlaşıb. “Sədərək” komandası dördüncü, “Kəngərli”, “Babək”, “Əlincə”, “Batabat” və “Dübəndi” komandaları isə sonrakı yerdədirlər.

İlk dövrədə ən çox qol vuran komanda “Arpaçay” (34 top), ən az qol buraxan komanda isə “Araz-Naxçıvan”dır (5 top).

Bombardirlər cədvəlində siyahıya “Arpaçay” komandasının hücumçusu İbrahim Əliyev başçılıq edir. Onun aktivində 13 qol var. “Sədərək” komandasının hücumçusu Vəli İsmayılzadə və “Araz-Naxçıvan”ın forvardı Vüsal Əliyev isə müvafiq olaraq 8 və 7 dəfə rəqib qapıçıları məyus ediblər. Tağı Seyidov (“Araz-Naxçıvan”) və Hüseyn Əliyev (“Arpaçay”) ilk dövrədə 6 dəfə fərqləniblər.

www.naxcivantv.az