Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Türkiyənin İğdır şəhərində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Azərbaycanın Qars şəhərindəki baş konsulluğu ilə İğdır-Azərbaycan dil, tarix və mədəniyyət həmrəyliyini yaşatma və dəstəkləmə dərnəyinin birgə təşkilatçılığı ilə İğdır Kültür Mərkəzində təşkil olunan tədbirdə rəsmi şəxslər, İğdır valiliyinin təmsilçisi Bilgehan Karanfil, bu vilayətin baş prokuroru Sedat Turan, Daxili İşlər İdarəsinin rəisi Orxan Çevik, alay komandiri Qəhrəmən Dikmən, iş adamları, qeyri-hökumət təşkilatları nümayəndələri, İğdırda fəaliyyət göstərən Heydər Əliyev Liseyinin şagirdləri və çoxlu sayda yerli sakinlər iştirak ediblər.

Əvvəlcə Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, İğdır-Azərbaycan dil, tarix və mədəniyyət həmrəyliyini yaşatma və dəstəkləmə dərnəyinin sədri Ziya Zakir Acar, AMEA-nın professoru Vəli Baxşəliyev, Ərzurum Atatürk Universitetinin professoru Kerem Karabulut və həmin universitetin dosenti Mevlüt Yüksel çıxış ediblər.

Bildirilib ki, XX əsrin sonunda təcavüzkar Ermənistan tərəfinin Azərbaycana qarşı əsassız ərazi iddialarından yaranmış Dağlıq Qarabağ münaqişəsi zamanı törədilən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş insanlıq cinayətidir. Çıxışçılar əminliklə bildiriblər ki, bütün sahələr üzrə inkişaf edən və qüdrətlənən Azərbaycan dövləti bu cinayəti törədənləri beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməyə məcbur edəcək. Diqqətə çatdırılıb ki, ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib. Xocalı hadisəsinin bütün dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınmasını iddia etmək xalqımızın beynəlxalq hüquq tərəfindən tanınan haqqıdır. Vurğulanıb ki, bu məsələdə Azərbaycanın və Türkiyənin birgə fəaliyyətinin daha mütəşəkkil şəkil almasına ehtiyac vardır.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1809-i%C4%9Fd%C4%B1rda-ke%C3%A7iril%C9%99n-t%C9%99dbird%C9%99-xocal%C4%B1-soyq%C4%B1r%C4%B1m%C4%B1n%C4%B1n-d%C9%99h%C5%9F%C9%99tl%C9%99rind%C9%99n-b%C9%99hs-olunub.html?tmpl=component&print=1&layout=default&page=#sigProId1930b87f71

www.naxcivantv.az