Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində  2018-ci ildə polis orqanlarının  cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə  fəaliyyətinin  nəticələri  və 2019-cu ildə  qarşıda duran  vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. 

Kollegiya iclasını daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq vurğulayıb ki, 2018-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluq tərəfindən qeydə alınmış  cinayət hadisələrinin  açılması, cinayətlərin  törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin saxlanılması, eləcə də  cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilib, insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət  faktı qeydə alınmayıb.

Qanunsuz saxlanılan silahların yığılması istiqamətində də ardıcıl  həyata keçirilən profilaktik maarifləndirmə tədbirlərinin nəticəsində vətəndaşlar tərəfindən 255 müxtəlif növ silah və xeyli sayda döyüş sürsatı təhvil verilib. 

Muxtar respublikanın daxili işlər naziri  bildirib ki, 2018-ci ildə ümumilikdə 1702 vətəndaş qəbul edilib və  müraciətlərin əksəriyyəti həll olunub. Görülən tədbirlərin nəticəsidir ki, ötən il  yol qəzalarının sayı  2017-ci illə müqayisədə 54 faiz azalıb. Muxtar respublikamızda biometrik  şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün texniki vasitələr quraşdırılaraq istifadəyə verilib. Hesabat dövründə maddi-texniki bazanın möhkəmləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində də  işlər davam etdirilib. 

Məruzə ətrafında müzakirələrdə çıxışlar edilib. Qeyd olunub ki, polis orqanları  əməliyyat-xidməti fəaliyyətin  təkmilləşdirilməsi ilə bağlı  tələb və tapşırıqları  yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən  qorunmasını təmin edəcək. 

Sonra  kollegiya iclasının qərarı qəbul edilib.

Kollegiya iclasına  Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov yekun vuraraq 2019-cu ildə  qarşıda duran vəzifələrdən danışıb və bildirib ki, daxili işlər orqanları beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələri layiqincə yerinə yetirəcək, 2019-cu ildə də  cinayətkarlığa  qarşı mübarizə, ictimai  qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətlərini daha da gücləndirəcəklər. Naxçıvanın  cinayətsiz region prinsipi qorunaraq əldə olunmuş nəticələr daha da inkişaf etdiriləcək. 

                                                              Əbülfəz  Dünyamalıyev

www.naxcivantv.az