Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.

Qəbul olunan dövlət pro­qramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, aqrar sahədə müasir infrastrukturun yaradılması kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaratmış, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olub. 

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi də muxtar respublikada əhalinin keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təminatına imkan verir. Dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası 2018-ci ildə də davam etdirilib. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin “Araz” Elm-­İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində 372 meyvə genofondu, Nehrəm meyvəçilik və üzümçülük istiqamətli sort-sınaq məntəqəsində 17 üzüm sortu fondu toplanmışdır. Həmin sortların çoxaldılaraq torpaq mülkiyyətçilərinə paylanması və yeni bağların salınması ilə əlaqədar işlər aparılıb. Bu dövrdə tərəvəz əkini sahələrinin genişləndirilməsinə də diqqət artırılıb, muxtar respublikada 2018-ci ildə 3215 hektar ərazidə kartof, 6183 hektar ərazidə tərəvəz əkini həyata keçirilib.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük labоratоriyasında Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik olan, aborigen meyvə sortlarına dair tədqiqat işləri aparılıb. Muxtar respublika ərazisində becərilən heyva, gilas, albalı, ərik, gavalı, şaftalı, alça sort və formaları plana uyğun olaraq tədqiq edilib, yeni süfrə və texniki üzüm sort və formalarının biomorfoloji xüsusiyyətləri araşdırılıb. 

Meyvəçiliyin və tərəvəzçiliyin inkişafında vacib məsələlərdən biri də müasir meliorasiya və irriqasiya sistemlərinin qurulmasıdır. Ötən il bu sahədə bir sıra tədbirlər görülüb, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Yaşıllıqların suvarılması üçün Şərur, Babək, Culfa, Şahbuz, Ordubad, Sədərək və Kəngərli rayonları ərazilərində müxtəlif diametrli borularla, ümumilikdə, 47 kilometr suvarma xətti çəkilmiş, mövcud suvarma xətləri təmir edilib.

Meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişaf etdirilməsinə münbit şərait yaradan amillərdən biri də əldə olunan məhsulun soyuducu anbarlarda saxlanılmasıdır. 2018-ci ildə özəl investisiya qoyuluşu hesabına Babək rayonunun Nehrəm kəndində “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumi tutumu 2500 ton olan yeni soyuducu anbarın tikintisi davam etdirilib. Şərur rayonunun Sərxanlı kəndində fiziki şəxs Vəli Zamanov tərəfindən və Cəlilkənddə fiziki şəxs Yaqub Tağıyev tərəfindən soyuducu anbarın genişləndirilməsi, Yuxarı Aralıq kəndində fiziki şəxs Asiman Ələkbərov tərəfindən 125 ton tutumu olan soyuducu anbarın yaradılması davam etdirilmişdir. 2018-ci ildə meyvə-tərəvəz məhsullarının tədarükü məqsədilə Şərur və Ordubad rayonlarında fəaliyyət göstərən 2 sahibkara 90 min manatlıq dövlət maliyyə dəstəyi göstərilib.

Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. Müasir istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə Şərur rayonunun Maxta kəndində fiziki şəxs Zahid Musayev tərəfindən özəl investisiya hesabına sahəsi 1000 kavdratmetr olan müasir istixana təsərrüfatının yaradılması, dövlət maliyyə dəstəyi hesabına Arpaçay kəndində fiziki şəxs Abdulla Adıgözəlov tərəfindən istixana təsərrüfatının 4000 kvadratmetr genişləndirilməsi başa çatdırılıb, Ələkli kəndində Etibar Seyidov tərəfindən 460 kvadratmetr yeni istixana təsərrüfatının qurulması davam etdirilib.

İstehsalçıların fəaliyyətinin stimullaşdırılması, əhalinin mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi və qiymətlərin tənzimlənməsi məqsədilə soyuducu anbarlara 5419 ton meyvə-tərəvəz məhsulları tədarük edilmiş, istixana təsərrüfatlarında 471 ton tərəvəz məhsulları yetişdirilərək bazarlara çıxarılıb. Bu məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılıb, 144 halda orta nümunələr götürülərək təhlil edilmişdir. Həmçinin sahələrdə yetişdirilən bostan-tərəvəz məhsullarının bazarlara təklif edildiyi nəzərə alınaraq 996 halda səyyar laboratoriya analizləri aparılıb, istehsalçılarla maarifləndirmə tədbirləri davam etdirilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 2018-ci ildə istehsal olunan məhsullardan 112 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılıb, 12 anbardan, 5 istixanadan, 35 bostandan və 11 satış obyektlərindən götürülmüş məhsulların 228 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğu müəyyən edilib..

İхtisaslaşmış meyvə və tərəvəzçilik təsərrüfatlarının, müasir emal, qablaşdırma müəssisələrinin yaradılması və ixracyönümlü məhsul istehsal edən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlər 2018-ci ildə də davam etdirilib. Kəngərli rayonunun Yeni Kərki kəndində fiziki şəxs Hafizə İsmayılbəyliyə meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondundan 6 min manat dövlət maliyyə dəstəyi göstərilib. Ötən il əhali tələbatının ucuz və keyfiyyətli məhsullarla ödənilməsi məqsədilə Naxçıvan şəhərində və rayon mərkəzlərində həftənin şənbə və bazar günləri kənd təsərrüfatı, emal sənayеsi məhsullarının satışı yarmarkası təşkil olunub, yarmarkaya kənd təsərrüfаtı məhsulları ilə yanaşı, 248 ailə təsərrüfatının 180 adda, 32 yerli istehsal müəssisəsi, 8 soyuducu anbar və istixana təsərrüfatı tərəfindən 230 çeşiddə məhsul çıxarılıb. 

Muxtar respublikada ənənəvi kənd təsərrüfatı sahələrindən biri də üzümçülükdür. Son illərdə bu sahənin inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına muxtar respublika üzrə üzümçülüyün inkişaf etdirilməsi məqsədilə 8 layihənin maliyyələşdirilməsinə 179 min manat, 66 layihə üzrə meyvəçilik təsərrüfatlarının yaradılmasına 1 milyon 343 min 100 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Babək rayonunun Nehrəm kəndində mövcud üzüm bağı genişləndirilərək 150 hektara çatdırılıb. 

Qeyd olunan dövrdə əkinçilik üçün yararlı olmayan torpaq sahələrində meliorativ tədbirlərin görülməsi və yeni meyvə bağlarının salınması da diqqətdə saxlanılıb. 2018-ci ildə püstə bağında 12 hektar sahədə 1250 dibçəkdə yetişdirilmiş püstə fidanı, 10 hektar sahədə isə püstə tingi vasitəsilə bərpa işləri aparılıb. Həmçinin muxtar respublikanın Arazboyu düzənlik ərazilərində 40 hektar sahədə meyvə bağı, 6,5 hektar sahədə üzüm bağı salınmışdır. Ərazilərdə bərpa işləri aparılmış və ümumilikdə, 30 min 200 müxtəlif meyvə tinglərindən və 10 min 480 üzüm tingindən istifadə olunmuşdur. Kənd təsərrüfatı istifadəsindən kənarda qalmış torpaq sahələrində meyvə bağlarının salınmasına ictimai marağın artırılması istiqamətində, ümumilikdə, 2018-ci il ərzində muxtar respublika ərazisində 203,3 hektar sahədə meyvə bağları salınmış, 225 min 329 üzüm və meyvə tingi əkilmişdir.

Genetik fondun qorunub saxlanılması məqsədilə yerli meyvə-tərəvəz sortlarının toxum materiallarının toplanılması, həmin sortların təcrübə sahələrində əkilərək biologiyasının və torpaq-iqlim amillərinə dayanıqlığının öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik müəssisəsi tərəfindən 5,6 hektardan çox ərazidə müxtəlif meyvə toxumlarından ibarət toxmacarlıq, yerli üzüm sortlarından ibarət qələm kökləndirmə sahələri yaradılmış, 38 min üzüm, 45 min iydə qələmi əkilmişdir. Yerli meyvə sortlarının vegetasiya müddətinə uyğun olaraq 2018-ci ildə 8400 kiloqram meyvə toxumları və 1000 kiloqramdan çox yabanı meyvə toxumları tədarük edilmişdir. 

Aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən isə sığorta işinin əhəmiyyəti mövzusunda torpaq mülkiyyətçilərinin iştirakı ilə rayon, qəsəbə və kəndlərdə müvafiq seminarlar keçirilmiş, 2018-ci ildə 1455 vətəndaşa məxsus əkin sahəsi sığortalanmışdır.

Geni dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş məhsulların muxtar respublikaya idxalına yol verilməməsi barədə xarici iqtisadi fəaliyyətlə məşğul olan biznes subyektləri ilə görüşlər keçirilmişdir. Bununla yanaşı, üzərində geni dəyişdirilmiş məhsul olması haqqında məlumatlar olan mallara nəzarət gücləndirilmişdir. Naxçıvan Gömrük Ekspertizası İdarəsində genetik modifikasiya olunmuş məhsulların analizinin aparılması üçün müvafiq avadanlıqlar alınmış, qida məhsullarında gen dəyişikliyinin öyrənilməsinə başlanılmışdır. Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən daha çox geni modifikasiya olunması ehtimalı olan məhsulların siyahısı hazır­lanaraq gömrük sərhəd-buraxılış məntəqələrinə göndərilmişdir.

Dövlət proqramına uyğun olaraq muxtar respublikada şoranlaşmış və qrunt sularının üzə çıxması nəticəsində əkin dövriyyəsindən çıxmış torpaq sahələrinin əkin dövriyyəsinə qaytarılması və bu prosesin qarşısının alınması üçün torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri aparılmış, Şərur, Culfa, Babək, Sədərək rayonlarında bataqlaşan və şoranlaşan torpaq sahələrində kollektor-drenaj şəbəkəsinin bərpasına başlanmış, 101 kilometr kollektor, 21 kilometr açıq drenaj lildən təmizlənmiş, 26 kilometr yeni açıq drenaj, 3 kilometr qapalı drenaj tikilmişdir.

Kənd təsərrüfatında ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin və pestisidlərin satış şəbəkələrinin genişləndirilməsi diqqətdə saxlanılmış, 2018-ci il ərzində muxtar respublika üzrə 675 hektar yonca sahəsində zərərvericilərə, 1603 hektar taxıl və cavan meyvə bağlarında gəmiricilərə, 174 hektar kartof sahəsində Kolorado kartof böcəyinə, 9215 hektar taxıl sahəsində alaq otlarına, 21 hektar sahədə bəzək bitkilərinin zərərverici və xəstəliklərinə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılmasında torpaq mülkiyyətçilərinə metodik köməkliklər göstərilmişdir. Bu məqsədlə xarici ölkələrdən müxtəlif spektrli bitki-mühafizə dərmanları alınıb gətirilərək “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi və rayon bazarlarında yaradılmış apteklərində satışı həyata keçirilmişdir. 

Muxtar respublikanın torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla torpaqlardan səmərəli istifadə edilməsi, əkinəyararlı torpaq sahələrinin məhsuldarlığının yüksəldilməsində intensiv amillərin rolunun artırılması, əkin dövriyyəsinə daxil olan torpaqların tərkibinin öyrənilməsi, torpaqların və əkinlərin rayonlaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Kəngərli rayonunda taxılçılıq, bostançılıq, tərəvəzçilik və meyvəçilik üzrə əkin atlası hazır­lanmışdır. Bundan başqa, kənd təsərrüfatı məhsullarının tədarükü, satışı və emalı üzrə cəmiyyət və birliklərin yaradılması istiqamətində də işlər görülmüş, “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” və “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli cəmiyyətləri təsis edilmiş, “Naxçıvan Muxtar Respublikası İstixanaçıları” İctimai Birliyi yaradılmışdır. 

Dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin icrası bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

www.naxcivantv.az