Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Günəş qızılı şəfəqlərini ətrafa səpələmişdi, hər tərəfdə baharın xoş, mülayim nəfəsi duyulurdu.

Kimi həyət-bacada, kimi pay torpaqlarında, başqabirisi isə icarəyə götürdüyü sahələrdə çalışırdı. İlin bu vədəsində kənd adamı, torpağa bağlı olan hərkəs bir an belə əlini  işdən ayırmır. Ona görəki,atalarımız demişkən, «Yaz tərlan quşu kimidir, onu elə yazda da ovlamaq lazımdır»; «Yazda işləməyənin qışda qazanı qaynamaz».

Bugün muxtar respublikamızda, o cümlədən Şərur rayonunda zəhmətkeş insanlar, halal qazancı hərşeydən üstün tutan torpaq sahibkarları çoxdur.

Onlar öz təsərrüfatlarını genişləndirməklə ailə büdcələrini artırır, axıtdıqları alın tərinin müqabilində qazanclarının bəhrəsini dadırlar. Belə zəhmət adamlarından biridə Siyaqut kənd sakini Elçin Bayramovdur. Zəhməti həyat amalı seçən,alın təri ilə qazanc əldə edən ailə təsərrüfatının başçısı ilə sahədə görüşdük. O, əkdiyi qarğıdalı sahəsini suvarırdı.

Öyrəndimki, ailə təsərrüfatı ötən ilin payızında 1,2 hektar buğda əkmişdir. Sahələrdə aqro-texniki qulluq tədbirləri vaxtında və düzgün aparıldığından,yazda yemləmə gübrəsi verildiyindən sahə yamyaşıldır. Elçin həmdə heyvandarlıqla məşğul olduğundan icarəyə götürdüyü torpaqların 7 hektarında çoxillik yembitkisi, 0,4hektarda isə qarğıdalı əkmişdir.

Təsərrüfat 0,3 hektar sahəyə kartof, paxlalı bitkilər, turp əkmiş, 0,4 hektar ərazini hazırlayıb pomidor üçün saxlamışdır. Kənddə 210 kvadratmetr sahəsi olan istixananı icarəyə götürüb əkin üçün hazırlamış, bura 10 min xiyar şitili köçürmüşdür. Artıq şitillər üç yarpaqdır.Qeyd etdik ki, ailə təsərrüfatı maldarlıqla və quşçuluqla da məşğuldur.Elçin bu ilin sonunadək iribuynuzlu malların sayını 15 başa, hinduşkaların sayını 150-yə çatdırmaq fikrindədir və gələcəkdə bu təsərrüfatları dahada genişləndirmək üçün hazırlıq işləri görür.

Elçin Bayramov bilirki,bağçılıq da gəlirli təsərrüfat sahələrindəndir. Bunu nəzərə alaraq 0,7 hektar şaftalı, 0,1 hektar alma bağı salmışdır. Artıq bu bağlar məhsula düşüb.Siyaqut İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Nurəddin Novruzov da təsdiq etdi ki, Elçin kəndin sayılıb-seçilən, işgüzar gənclərindəndir, işləməkdən yorulmur. Məşğul olduğu təsərrüfat sahələrindən hər il yaxşı qazanc götürür. İstehsal etdiyi məhsulları yarmarkalara çıxarır. Təsərrüfatında 10 nəfərə yaxın qohum-qonşusu da ona kömək edir və yaxşı da əmək haqqı alırlar.Söhbət zamanı Elçin Bayramov dedi:

– Torpaq iş yeri, ruzi-bərəkət mənbəyidir. Torpağa baş əyən,əziyyət çəkən bəhrəsini də görür.Münbit torpaqlarımız, Arpaçaykimi bol sulu çayımız var. Torpaq insanı ucaldır, ağ günə çıxardır.

Bir sözlə, zəhmət çəkən bəhrəsini də görür. Bizim kənddə də firəvan həyatını təminedən, torpağı iş yeri hesab edənlər çoxdur. Ona görə də dolanışacaq sarıdan korluğumuz yoxdur.

 

Püstə Məmmədova

www.naxcivantv.az