Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Dövlət Universitetində   Molla Pənah Vaqifə həsr edilən konfrans keçirilibNaxçıvan Dövlət Universitetində “Molla Pənah Vaqif-300: Azərbaycançılıq məfkurəsi və poetik ənənə” mövzusunda elmi konfrans keçirilib. 

Naxcivantv.az xəbər verir ki, rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov deyib ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci il 12 yanvar tarixdə imzaladığı “Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında”  Sərəncam böyük şairin şəxsiyyətinə ehtiramın ifadəsidir.

Filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimov “XIX əsr Ordubad ədəbi mühitində Molla Pənah Vaqif ənənələri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərova isə “Molla Pənah Vaqifin poetikasında bəzi linqvistik xüsusiyyətlər” mövzusunda çıxış ediblər.

Filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova “Molla Pənah Vaqifin dil-üslub xüsusiyyətləri” adlı məruzəsində Vaqifin heca vəznində yazdığı şeirlərdə xalq dilinin zəngin xəzinəsindən sənətkarlıqla istifadə etdiyini, onu ədəbi-bədii dil səviyyəsinə qaldırdığını bildirib.

“Azərbaycan ədəbi dilinin zənginləşməsi və saflaşmasında Molla Pənah Vaqif lirikasının rolu” adlı məruzə ilə çıxış edən Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Mədət Səfərov Vaqif lirikasının əsas mövzu və ideya istiqamətlərindən, onun Azərbaycan şeir tarixinin inkişafındakı xidmətlərindən danışıb. 

Tədbirin bədii hissəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə I kurs tələbələri Molla Pənah Vaqifin “Görmədim”, “Hayıf ki, yoxdur”, “Bax”, “Qurban olduğum”, “Bəri bax”, “Düşərmi” şeirlərini qiraət ediblər.

 

                                                                                  Nərmin Cabbarova

NTVxəbər

 

www.naxcivantv.az