Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bu münasibətilə tədbir keçirilib

Naxcivantv.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, 1873-cü ilin mart ayında əsası qoyulmuş Azərbaycan peşəkar teatrı çətin və şərəfli inkişaf yolu keçib. Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatr ulu öndərin respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə böyük inkişaf yolu keçib, teatrlarda aktyor və rejissorların səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

“Teatrlara diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Son illər bu sahədə mühüm islahatlar həyata keçirilib, teatr binaları yenidən qurulub”- deyən Natəvan Qədimova diqqətə çatdırıb ki, muxtar respublikada da teatr­ların fəaliyyətinə qayğı göstərilir.

Bu gün muxtar respublikada fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır.

Qeyd olunub ki, muxtar respublikada teatr sənətinə könül verənlərin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyi yüksək səviyyədə qeyd edilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamına əsasən, ötən il Naxçıvan teatrının yaradıcılarından olan görkəmli şəxsiyyətin yubileyi geniş qeyd olunub. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 mart tarixli Sərəncamına əsasən bir qrup teatr xadiminə fəxri adlar verilib ki, onların arasında Naxçıvan Dövlət Uşaq Teatrının direktoru Tofiq Seyidov və Şərur Rayon Xalq Teatrının rejissoru Neymət Sultanov da var.

Nazir çıxışının sonunda bildirib ki, ötən illərdə olduğu kimi, bundan sonra da Naxçıvan teatrları milli dəyərləri qorumaq və təbliğ etmək, tariximizin şərəfli səhifələrini yaşatmaq missiyasını layiqincə yerinə yetirəcəklər.

Sonra Naxçıvan teatrının 100 illik yubileyindən çəkilmiş kadrlar nümayiş etdirilib. Teatrın aktyorlarının ifasında M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasından bir səhnə göstərilib.

Tədbirdə aparıcılar qədim diyarımızda fəaliyyət göstərən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının uğurlarından da söhbət açaraq bildiriblər ki, bu sənət ocağı teatrsevərlərin görüşünə Nağı İsmayılzadənin “Ağca və Bozca” tamaşasından bir səhnə ilə gəlib.

Naxçıvanda fəaliyyət göstərən ən gənc teatrlardan olan Naxçıvan Dövlət Uşaq Teatrının da son illərdə hazırladığı tamaşalardan söhbət açılıb. Teatrın ifasında Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Həsənəli Eyvazlının “Nadan xoruz” tamaşası marağa səbəb olub.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının hazırladığı Xalq yazıçısı Elçinin “Arılar arasında” komediyasından da bir parça göstərilib.

Tədbirin sonunda aktyorlar “Mən aktyoram” mahnısının sədaları altında canlandırdıqları obraz və personajların geyimində səhnəyə çıxıblar.

www.naxcivantv.az