Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

İqtisadiyyatın mühüm istiqamətlərindən biri də ailə təsərrüfatlarının formalaşması və gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsidir.

Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaratmışdır.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbov 2019-cu ili muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planında ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması, qabaqcıl ailə təsərrüfatlarının təcrübələrinin yayılması, ailə təsərrüfatlarının inkişaf etdirilərək kiçik sahibkarlıq subyektlərinə çevirilməsi məqsədilə maarifləndirici tədbirlər 2019-cu ilin ötən dövründə də davam etdirilib.

Ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşmasının və yeni ailə təsərrüfatlarının yaradılmasının dəstəklənməsi istiqamətində Operativ Əlaqə Sistemi vasitəsilə, həmçinin ailə təsərrüfatları ilə keçirilən görüşlərdə maarifləndirmə tədbirləri həyata keçirilib, meyvə quruları istehsalı üzrə ixtisaslaşmış ailə təsərrüfatlarının siyahısı müəyyən edilib və satışın stimullaşdırılması məqsədi ilə “Naxçıvan Məhsulları” publik hüquqi şəxsə təqdim olunub.

Ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə 2019-cu ilin 6 ayı ərzində müxtəlif çeşiddə meyvə araqlarının və meyvə qurusunun qablaşdırılması, ətlik istiqamətində heyvandarlıq, arıçılıq təsərrüfatlarının yaradılması və limon istixanası, meyvə-tərəvəz məhsullarının, yabanı növ bitkilərin tədarükü və konservləşdirilməsi üzrə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 15 ailə təsərüfatına ümumilikdə 156.800 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Muxtar respublikanın şəhər və rayonlarında 124 ailə təsərrüfatının iştirakı ilə görüş keçirilib,ailə təsərrüfatları fəaliyyətlərinin genişləndirilməsi, yeni növdə və çeşiddə məhsul istehsalı istiqamətində maarifləndirmə işləri aparılıb və Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərindən istifadə qaydaları, prioritet layihələr haqqında onlara geniş məlumatlar verilib.

Qabaqcıl ailə təsərrüfatlarının təcrübələrinin yayılması məqsədilə Ordubad rayonunda fəaliyyət göstərən ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada genişləndirilib, araq istehsal edən ailə təsərrüfatlarını “Şərur-3” MMC-də texnoloji prosesin müxtəlif mərhələləri və mini aktiv kömür filtiri qurğusu ilə tanış edilib, keyfiyyətli məhsul istehsalı ilə bağlı maarifləndirmə həyata keçirilib.

Ailə təsərrüfatlarında meyvə və tərəvəzlərin qurudularaq paketlənməsi işinin təşkilinə köməklik göstərilməsi istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilmiş, 91 ailə təsərrüfatı 6 min ədəddən çox müxtəlif ölçülü taralarla təmin edilmişdir. 

Sahibkarlığın İnkişafı Fondu tərəfindən meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, meyvə-tərəvəz məhsullarının qurudularaq paketlənməsi, yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması, müalicəvi əhəmiyyətli bitkilərin cövhərinin istehsalı və qablaşdırılması, südçülüklə məşğul olan ailə təsərrüfatlarında süd məhsullarının istehsalı, arıçılıq təsərrüfatlarında bal və digər məhsulların istehsalı, qablaşdırılması, meyvə arağı və şərab istehsalı sahələri üzrə 101 ailə təsərrüfatında monitorinqlər aparılıb və fəaliyyəti qənaətbəxş hesab edilən təsərrüfatlara dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində işlər görülüb.

Ailə təsərrüfatlarının maarifləndirilməsi məqsədilə “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda Naxçıvan   Muxtar Respublikasının müxtəlif bölgələrində heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyət göstərən 60-a yaxın ailə təsərrüfat və sahibkarlıq subyektlərinin iqlim dəyişikliyi şəraitində su, torpaq və bitki idarəçiliyi, kənd təsərrüfatında mövcud innovasiyalar, iqlim dəyişikliyinə məruz qalan təsərrüfatlara qanunvericilikdə nəzərdə tutulan güzəştlər haqqında təlimin keçirilməsi təmin edilib.

İstehsal olunan məhsulların tanıdılması, təşviqi və sərgisi məqsədilə “Naxçıvan Biznes Mərkəzi” MMC-nin sərgi salonunda 37 ailə təsərrüfatının 17 növdə 112 çeşiddə məhsulunun nümayişi təmin olunub. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada belə təsərrüfatlarda istehsal olunan məhsulların çeşidinin və keyfiyyətinin artmasını stimullaşdırıb.

Ailə təsərrüfatlarında istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması, sertifikatlaşdırılmasının və markalanmasının təşkil olunması məqsədilə 2019-cu ilin birinci yarım ili ərzində məhsullardan 265 halda orta nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasında keyfiyyət və təhlükəsizlik göstəricilərindən olan orqanoleptiki, fiziki, kimyəvi, toksikoloji və mikrobioloji laboratoriya təhlilləri aparılıb.

Muxtar respublika əhalisinin keyfiyyətli dərman bitkiləri ilə təmin edilməsi, hazırlanan məhsulların ixracyönümlü və rəqabətqabiliyyətli olmaqla beynəlxalq standartların tələblərinə cavab verməsi məqsədilə ailə təsərrüfatları məlumatlandırılıb, 2 layihə üzrə yabanı növ bitkilərin tədarükü, qablaşdırılması sahəsi üzrə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 14 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.

Mövcud arı cinsinin qorunub saxlanılması ilə bərabər ana arıların yetişdirilməsi üçün damazlıq təsərrüfatlarının yaradılması məqsədilə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinin fəaliyyətinin dəstəklənməsi istiqamətində bir layihə üzrə arıçılıq təsərrüfatının genişləndirilməsi, damazlıq arı təsərrüfatının və balın emalı sahələrinin yaradılmasına Sahibkarlığın İnkişafı Fondunun tərəfindən 15.000 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

Ailə təsərrüfatlarının fəaliyyəti ailə üzvlərinin əməyinə əsaslanmaqla, məxsus olduqları ailələrdəki əmək qabiliyyətli insanların eyni məqsədə yönələn səmərəli məşğulluğunu reallaşdırmasıdır. Bu subyektlər, əsasən, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, muxtar respublikada daxili bazarın yerli məhsullarla təmin edilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, aparılan işlər muxtar respublikada ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradır.

www.naxcivantv.az