Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar respublikada 2019-cu ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 2,8 faiz çox, yəni 133 milyon 451 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 12 min 361,5 ton ət, 49 min 431,1 ton süd istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 və 1,7 faiz çoxdur.

2019-cu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılıb ki, bu da 2018-ci ilin məhsulu üçün əkilmiş sahədən 1035 hektar çoxdur.

Muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılıb və 2019-cu ilin məhsulu üçün 33308 hektar sahədə taxıl əkilib ki, bunun da 31 min 667 hektarı payızlıq, 1641 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 24 min 729 hektarında buğda, 8 min 579 hektarında isə arpa əkilib. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 825 hektar artıb. Hazırda taxıl zəmilərindən məhsul tədarükü davam etdirilir.

Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılıb və 2019-cu ildə 3228 hektar sahədə kartof əkini aparılıb ki, bu da 2018-ci ildə əkilmiş sahədən 13 hektar çoxdur.

2019-cu ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülüb. Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 50,5 hektar sahədə tütün əkini aparılıb ki, bu da bir il öncəki göstəricidən 9 hektar çoxdur.

Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilib.

Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə Şərur rayonunda bir soyuducu anbar genişləndirilib, Babək rayonunda bir, Şərur rayonunda iki soyuducu anbarın yaradılması, iki soyuducu anbarın genişləndirilməsi hazırda davam etdirilir. Bundan əlavə, Babək rayonunda bir istixana təsərrüfatı yaradılıb, Şərur və Ordubad rayonlarının hər birində bir istixana təsərrüfatının yaradılması davam etdirilir.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 309-u 2019-cu ilin yanvar-iyun aylarında olmaqla, cəmi 2684 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. 2019-cu ilin ilk altı ayında 172 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 2 ədədi nağd yolla satılıb. Bu dövrdə məhsul istehsalçıları 7079,2 ton mineral gübrə ilə təmin olunub.

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı cari ilin ilk altı ayında da diqqətdə saxlanılıb, 5 heyvandarlıq təsərrüfatı yaradılıb, 1 heyvandarlıq təsərrüfatı genişləndirilib. Hazırda 4 heyvandarlıq təsərrüfatının yaradılması davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-iyun aylarında 4 milyon 60 min 100 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 59,7 faiz çoxdur.

Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Süni Mayalanma Mərkəzi yaradılır.

2019-cu ilin ilk altı ayında heyvandarlıq təsərrüfatlarında 6750 baş inək, düyə və camış süni yolla mayalandırılıb, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 5095 baş sağlam bala alınıb. 1 iyul 2019-cu il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 124 min 240 baş, qoyun və keçilərin sayı 783 min 516 baş olub ki, bu da 1 iyul 2018-ci il tarixə olan göstəriciləri 1,8 və 1,9 faiz üstələyib.

Ölkənin əksər iqtisadi rayonlarında qaramalın, qoyun və keçilərin sayında bir il öncəyə nisbətən azalma olduğu halda, muxtar respublikada qeydə alınan artım templəri bu sahədə həyata keçirilən tədbirlərin effektivliyini göstərir.

Muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə də mühüm tədbirlər həyata keçirilir. 2019-cu ilin ilk altı ayında bu sahədə müvafiq tədbirlər görülüb, 4 arıçılıq təsərrüfatının yaradılması və 2 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Təsərrüfat subyektlərinə cari ilin yanvar-iyun aylarında 241 min 100 manat kredit verilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,8 faiz çoxdur.

Cari ilin ilk altı ayında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 5 milyon 83 min manat kreditin verilməsi təmin olunub ki, bu da bir il öncəki göstəricidən 66,7 faiz çoxdur.

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2019-cu ilin ilk yarım ilində muxtar respublikadan 40 milyon 358 min 700 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.

Bu dövrdə meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 59,4 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Yurdçu kəndi ərazisində 76 və Şahbuz rayonunun Türkeş kəndi ərazisində 300 hektar sahədə qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilir.

Şərur rayonunun Danyeri kəndində nasos stansiyasının, Kəngərli rayonunun Qabıllı kəndində subartezian quyusunun tikintisi başa çatdırılmış, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının tikintisi davam etdirilir.

www.naxcivantv.az