Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Culfa  rayonunun  əlverişli təbii-coğrafi şəraiti, bərəkətli torpaqları təsərrüfatın müxtəlif sahələrinin inkişaf etdirilməsinə təminat yaradır.

Yurdumuzun torpağa bağlı insanları becərdikləri tərəvəz və meyvələrin çeşidlərini ilbəil genişləndirirlər.

İpək yolunun üstündə yerləşən rayonumuzda bağçılığın qədim tarixi vardır. Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, rayonumuzda da üzüm, alma, cəviz, armud, iydə, ərik, alça, heyva, gilənar və s. meyvələr becərilir, bu meyvələr muxtar respublikamızda və onun hüdudlarından kənarlarda belə yüksək alıcılıq qabiliyyətinə malikdir. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikamızda kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafının davamlılığını təmin edir.

Bu  Dövlət Proqramı həm əhalinin həyat səviyyəsinin yüksəldilməsi, təsərrüfat adamlarının torpağa bağlılığının artırılması, yeni iş yerlərinin yaradılması, həm də əhalinin yerli məhsullarla təmin olunmasında əhəmiyyətlidir.  

Ərəfsə  rayonun kəndləri içərisində bağlar diyarı kimi tanınıb. Burada yetişdirilən alma sortlarına həmişə yüksək qiymət verilib. 

Alma insan orqanizminə qüvvə verən qidalardandır. Yüksək kalorili və vitaminlərlə zəngin olan bu meyvə orqanizmin immunitentinin güclənməsinə səbəb olur. Ərəfsənin alma bağlarından yığılan meyvələr bir çox ailələrin illik ruzisini təşkil edir. Kəndimizdə demək olar ki, hamının həyətində alma bağı var.  Alma elə meyvədir ki, onu il boyu saxlamaq olur. Dədə-babadan alma payızdan yaz fəslinə qədər qalan meyvədir. Yığılıb sərin yerə qoyulan alma uzun müddət təravətini saxlayır. Hər növ alma var. Şirin, turş, meyxoş almalar süfrəni bəzəyən  meyvələrdir.
Ərəfsədə bardan başı yerə dəyən alma ağacları calaq üsulu ilə artırılıb. Əvvəllər həyətlərdə cır yay almaları olurdu. Dağ almaları həyətlərdə əkilir, bir müddətdən sonra calaq vasitəsi ilə çoxaldılır. Mirzəliməmməd, darabas, qızılı, alyanaq alma sortları dağlardan çıxarılaraq çoxaldılan sortlardandır. Kəndin münbit torpağı çöl almalarının dadını və həcmini dəyişib. Şıq-şıq adlanan almadan gözəl turşu olur, onu qoymaq üçün tam yetişməmiş almalar seçilib yuyulur qaba yığılandan sonra üzərinə qaynar su və duz, şəkər tozu  əlavə olunur. Darabas alma da yayda yetişən, uzun müddət saxlanması mümkün olmayan alma növüdür. Həcmi böyük olan bu almaları uzun müddət saxlamaq olmur. Tez  istifadə olunan bu almaların turşməzə dadı var. 
Ərəfsə bağlarında payız almaları sentyabr, oktyabr aylarında yığılır, zirzəmilərdə uzun müddət saxlanılır. 

Kəndin sakini Əhəd Qafarov 1989-cu ildən bağbanlıqla məşğul olur. Həyətində bir neçə alma növü var. Alma ağacları xüsusi qulluq tələb edir. Deyir ki, hər yaz fəslində ağacların dibini belləyib boşaldıram. Payız fəslində isə ağacların dibinə peyinlə qarışmış torpaq doldurur, həmçinin payızda ağacların uzun budaqlarını növbə ilə doğrayıram. Bu il doğranan budaq gələn il çoxlu bar gətirir. Mənim həyətimdəki almaların əksəriyyəti şirin almadır. Onlar müxtəlif vaxtlarda yığıram. Elə alma var ki, sentyabr, elə almada var ki,  oktyabr ayında yığılır. Normal şəraitdə saxlanılan bu almalar öz formasını təzə yığılan vaxtdakı kimi saxlayır. Bu  almalar bazarda ən yaxşı qiymətə satılır.

Alma ağaclarının altına tökülən almalardan isə sirkə, araq çəkilir. Alma sirkəsi soğanın üzərinə tökülüb yeyiləndə mədə qıcqırmasının qarşısını alır. Təbii alma arağı iştahanı açır. Alma qış uzunu yeyilən meyvədir. Hər gün bir alma yeyib yatmaq adamın əhval-ruhiyyəsini sağlam və gümrah edir, mədəni rahatladır.

Ərəfsə sakini Cahangir Abbasovun isə Həsənbəy yeri adlanan sahədə gözəl alma bağı var. Təcrübəli bağban almalara yaxşı qulluq etdiyindən təmiz məhsul əldə edir.

- Özüm yaxşı calaq edirəm. Calağın bir neçə növü var. Payızda və yazda edilən calağın hərəsinin öz yeri var. Mənim bağımda həm şirin, həm də turş alma növləri var. Keçən il əkdiyim Quba alması sortundan olan ağ və qırmızıyanaq almalar yaxşı bar gətirir. Həm də uzun müddət qalır.  Bağban   onu da bildirdi ki, almanı saplaqlı yığmaq lazımdır. Saplağı üstündə olan almanı uzun müddət saxlamaq mümkündür. Alma saxlanılan yer təmiz və sərin olmalıdır. Alma yeşiklərinin arasına dəfnə yarpağı qoyulur. Dəfnə yarpağı isə onu çürüməkdən qoruyur. Meyvə yığdığım yeşiklərə almaların arasına  təmiz ağ kağız qoyuram. 
 
İnanırıq ki, təbiətin gözəl guşəsində yerləşən bu dağ kəndinin barlı-bəhrəli meyvə bağları bizim kimi  buraya gələn hər kəsi məftun edəcəkdir.

“Arazın səsi” qəzeti

www.naxcivantv.az