Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar respublikamızda  yetişən  çoxsaylı üzüm növləri öz adlarını  malik olduğu bu və ya digər xüsusiyyətə görə almışlar.

Məsələn, rənginə, dadına, keyfiyyətinə, rayihəsinə, giləsinin ölçüsünə, toxumlarının böyüklüyü və salxımlarının  formasına görə seçilən üzüm növləri vardır. Bununla yanaşı, üzüm növlərinə yetişdirildikləri yerlərə uyğun adlar verilib. “Arazbarı”, “Ordubadi”, “Şabranı”, “Şahtaxtı”, “ Xəlili” və sair. Babək rayonunun Nehrəm kəndində yerləşən üzüm plantasiyasında da yerli və xarici üzüm sortlarından istifadə etməklə bol məhsul yetişdirilib.

Bir faktı qeyd edək ki, ötən əsrin 60-70-ci illərində üzümçülüyün geniş vüsət aldığı dövrlərdə Nehrəmin təcrübəli üzümçüləri  yerli üzüm növləri ilə yanaşı, digər ölkələrdən gətirilmiş  üzümləri də ustalıqla becərib, hektarlarla sahədə üzümlüklərin salınmasına nail olublar. Xarici ölkələrdən gətirilmiş üzüm növlərinin də yerli şəraitə uyğunlaşdırılaraq yetişdirilməsi  öz bəhrəsini verib. Lakin ötən əsrin sonlarında baş verən məlum hadisələr üzümçülük sahəsindən də yan keçməyib, mövcud üzümlüklərdə  yaranan tənəzzül kənddəki qədim üzümçülük ənənələrinin də  məhv olmasına gətirib çıxarıb.

Bu gün ölkəmizdə, eləcə də  muxtar respublikamızda aqrar sahəyə göstərilən dövlət dəstəyi üzümçülüyü də əhatə edib, qəbul olunan dövlət proqramlarının uğurla icra olunması nəticəsində yeni üzümlüklər salınıb, bu sahəyə olan maraq artəb, bir sözlə, üzümçülüyün əvvəlki şöhrəti özünə qaytarılıb. Qeyd edək ki, Nehrəm kəndi ərazisindəki üzümlük 2015-ci ildən 80 hektar sahədə salınıb. Sonradan isə bağın ərazisi 150  hektara çatdırılıb. Münbit torpaq, bol günəş, bir də zəhmətkeş insanların əməyi nəticəsində   bu üzümlüklər artıq üçüncü  ildir ki, bar verir. Yetişdirilən üzümlər ölkəmizlə yanaşı, Rusiya bazarlarına da ixrac olunur. Bu isə o deməkdir ki, həm bazara çıxan məhsul ucuz olacaq, həm də xaricə ixrac olunan məhsul daha çox gəlir gətirəcək, ölkəyə valyuta axını olacaq. Qeyd edək ki, burada yetişdirilən üzümlərin dadlı və ləzzətli olmasının əsas səbəbi  torpağın məhsuldarlığı və günəş şüalarının  digər rayon və    kəndlərimizə  nisbətən daha uzun müddət  düz bucaq altında torpağa və  məhsula düşməsidir. Nehrəmdə “Ağ xəlili”, “Qara xəlili”, “ Kişmişi”, “Keçiməməsi”, “Gəlinbarmağı” kimi xüsusi yerli üzüm növləri becərilir.

Builki hava şəraitinin üzüm istehsalı üçün əlverişli olması da  məhsuldarlığa müsbət təsir göstərib. Artıq məhsul yetişib və yığım vaxtıdır. Hər gün bu bağlardan tonlarla meyvə yığılır. Bağlara aqrotexniki qulluq işləri mövsümə uyğun aparılır, gübrələr zamanında verilir. Suvarma sistemi avtomatik qaydada aparılır. Alınan nəticə isə göz önündədir. 150 hektar sahəni əhatə edən üzümlükdə yerli süfrə üzüm sortları ilə yanaşı, Türkiyənin məşhur “Sultaniyyə”, İtaliyanın “Viktoriya”, “Kordinal”, “Mişel Paliyeri” və digərləri olmaqla 20-yə yaxın üzüm sortu əkilib. Qeyd edək ki, xaricdən gətirilən bu üzüm sortları yüksək məhsuldarlığa malikdir və muxtar respublikanın kontinental iqlim şəraitinə uyğundur.

Toplanan məhsuldan kişmiş və mövüz də hazırlanır.  Ərazidən yığılan məhsulun saxlanılması üçün 250 ton tutumu olan soyuducu anbar fəaliyyət göstərir, plastik  tara  istehsalı  həyata keçirilir. Hazırda burada 200 nəfərə yaxın rayon sakini işlə təmin olunub. Digər sahələr də fəaliyyətə başladıqdan sonra təsərrüfatda 500-ə yaxın vətəndaş işlə təmin olunacaq. 

Qeyd edək ki, üzümçülüyün inkişafına dair dövlət proqramı üzümçülüyün əvvəlki şöhrətinin özünə qaytarılmasına imkan verməklə yanaşı, kənd təsərrüfatının geniş miqyasda inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına şərait yaradıb. Bundan başqa, əhalinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatı da dolğun ödənilir. Bu sahənin inkişafı isə gələcəkdə muxtar respublikada şərabçılıqla məşğul olan yeni emal müəssisələrinin yaradılmasına  stimul verir.


Türkanə Əmoyeva,
 “Şərqin səhəri” qəzeti

www.naxcivantv.az