Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin  Orta İxtisas Polis Məktəbində ilk tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov yeni dərs ilinin və məktəbdə ilk dərs gününün başlanması münasibətilə kollektivi və kursantları Naxçıvan Muxtar Respublikası Ali Məclisi və muxtar respublikanın Daxili İşlər Nazirliyi adından təbrik edib.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin kadr potensialının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc əməkdaşların hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi muxtar dövlətdə fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin sırasında özünəməxsus yer tutur. Bu məktəbin yaradılması mürəkkəb geosiyasi regionda yerləşən doğma yurdumuzun təhlükəsizliyinə və gənclərdə dövlətçiliyə xidmət fəlsəfəsinin formalaşmasına hesablanmış vacib qərar kimi mühüm tarixi əhəmiyyətə malikdir.

Məktəb üçün müasir tələblərə cavab verən kompleksin inşa olunduğunu diqqətə çatdıran daxili işlər naziri bildirib ki, kompleks tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək.

Kursantların yaradılan şəraitdən səmərəli istifadə etmələrinin vacibliyini vurğulayan general-leytenant Fazil Ələkbərov deyib ki, Orta İxtisas Polis Məktəbinə qəbul üçün 150 nəfər müraciət edib. Onların 105-i imtahanlara buraxılıb, 25 nəfər məktəbdə oxumaq imkanı qazanıb. Tədris müddəti 2 il olan məktəbi bitirdikdən sonra məzunlara polis kiçik leytenantı rütbəsi veriləcək, onlar muxtar respublikanın Daxili İşlər Orqanlarında zabit kimi fəaliyyətə başlayacaqlar.

Fazil Ələkbərov Daxili İşlər Orqanlarının fəaliyyətinə göstərilən qayğıya və Orta İxtisas Polis Məktəbində yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib. Əminliyini bildirib ki, məktəb qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində üzərinə düşən tapşırıqları layiqincə yerinə yetirəcək, yaradılan şəraitə əməli işi ilə cavab verəcək.

Kursantlar adından çıxış edən Tural Səfərli və Rəşad Ələkbərov onlara göstərilən diqqət və qayğı, yaradılan şərait müqabilində  yaxşı təhsil alacaqlarını, fəaliyyət göstərəcəkləri dövrdə nümunəvi xidmət edəcəklərini bildiriblər.

Sonra Dövlət Bayrağı Muzeyində kursantların andiçmə mərasimi keçirilib. Kursantlar Polis Andını qəbul ediblər.

Kursantlar Polis Andını qəbul etdikdən sonra muzeyin eksponatları ilə tanış olublar. 

 

Əbülfəz Dünyamalıyev

www.naxcivantv.az