Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

İqtisad elmləri doktoru, professor Nazim Əhmədovun “Sürətlə inkişaf edən və modernləşən Naxçıvan iqtisadiyyatı” adlı monoqrafiyası çapdan çıxıb.

Müəllif 30-cu kitabını Naxçıvanın muxtariyyətinin 95 illiyinə həsr edib.

NUHÇIXAN xəbər verir ki, monoqrafiya 3 bölmə və 7 fəsildən ibarətdir. Yeni nəşrdə müəllif “Naxçıvan iqtisadiyyatının inkişaf tarixindən” adlı bölməsində qədim zamanlardan XX əsrin axırlarınadək (1990-cı ilə qədər) olan dövrlərdə muxtar respublikada iqtisadi inkişafın canlı mənzərəsini yarada bilib. Bəhs edilən dövrlərdə bu iqtisadiyyatın əsasını təşkil edən əkinçilik, heyvandarlıq, ticarət və sənətkarlığın mühüm rol oynadığı zəngin faktlarla oxuculara təqdim olunur.

İkinci bölmə “Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı müstəqillik illərində” adlanır. Bu bölmədə müəllif XX əsrin 90-cı illərinin əvvəllərində ölkəni bürüyən iqtisadi böhran və onun aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən ətraflı bəhs edir.

Monoqrafiyada muxtar respublikada aqrar islahatların kənd təsərrüfatının inkişafında həlledici rolundan da bəhs olunub, Azərbaycanda ilk dəfə olaraq əsası Naxçıvanda qoyulan aqrar islahatlar və bu islahatların həmin sektorun inkişafına təkan verməsi öz əksini tapıb.

Bu bölmədə müəllif qazanılan müvəffəqiyyətləri Ali Məclis Sədrinin sərəncamları ilə təsdiq olunan müxtəlif dövlət proqramlarının vaxtında və uğurla icrası ilə əlaqələndirir və bunu real faktlarla qeyd edir. Bu qənaətə gəlinir ki, 1992-ci ildən başlayaraq aparılan islahatlar nəticəsində muxtar respublika aqrar regiondan aqrar-sənaye regionuna çevrilib.

“Naxçıvan Muxtar Respublikasının su və mineral xammal ehtiyatları, ərazi təhlükəsizliyi və turizmin inkişafı” adlı üçüncü bölmədə həyata keçirilən meliorasiya-irriqasiya tədbirləri, muxtar respublikanın kəhrizləri, subartezian quyuları və mineral xammal ehtiyatları barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, əsl tikinti meydançasını xatırladan muxtar respublikada son illər artezianların qazılması inşaat işlərinin tərkib hissəsinə çevrilib.

Adıçəkilən bölmədə muxtar respublikada ərzaq təhlükəsizliyinin həlli istiqamətləri barədə də danışılır. Müəllif iqtisadi təhlükəsizlik sistemi kontekstində ərzaq təhlükəsizliyinin yeri və rolundan bəhs edib. Vurğulanır ki, bu məsələnin muxtar respublikada öz həllini tapması diyarımızda sosial-iqtisadi inkişafın dinamik xarakter aldığının göstəricisidir.

Nazim Əhmədov monoqrafiyada turizm və muxtar respublikada bu sahənin inkişaf perspektivlərindən də bəhs edir. Müəllif diqqətə çatdırır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” bu sahədə fəaliyyətin güclənməsinə stimul olub.

Monoqrafiyada muxtar respublikanın gəzməli-görməli yerləri, füsunkar təbiəti, tarixi-memarlıq və təbiət abidələri barədə geniş məlumat verilir, son illərdə bir neçə abidədə aparılan yenidənqurma işlərinin turizmin inkişafında böyük rolu olduğu diqqətə çatdırılır. Son illər muxtar respublikanın bütün bölgələrində istifadəyə verilən təhsil, mədəniyyət, səhiyyə, rabitə obyektlərinin, yeni yolların və körpülərin, həmçinin digər ünvanların şəkillərinin kitabda özünə yer alması monoqrafiyanın dəyərini bir qədər də artırır.

www.naxcivantv.az