Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Fərqlidir hər insanın payıza baxışı, ruhundakı payız mənzərəsi.

Kimi yağış olub yağmağı, yağarkən islanmağı sevər, kimisi pəncərə kənarından xəyallara dalmağı, xəzana qoşulmağı seçər. Kimi günəş doğsun deyə gözləyər, kimi günəşin solğun şəfəqlərini ruhuna sarmağı, kimisə bir gün deyil, ilin bütün gününü günəşin batışını izləmək üçün sıraya durar. 

Ehh, fərqlidir insan düşüncələri. Elə bu şəhərin özü kimi, səması kimi, havası kimi fərqlidir. Sabahları fərqlidir bu şəhərin. Günəşin Haçadağın alnını öpməsi ilə açır səhərini. Təmiz havasını çəkdikcə ciyərlərinə yenidən doğulursan, var olursan, yenidən həyat tapırsan, həyata yenidən sarılırsan. Saatlarla gəzməkdən yorulmadığın yollar, “ruh”unu yerə sərib, kölgəsində bir udumluq nəfəs dərdiyin ağaclar, hər sabah qarşılaşıb, salam-sabahını əsirgəmədiyin, gülərüz, canayaxın insanlarıyla fərqlidir bu şəhər.

Elə günəşin özü də fərqli doğur bu məmləkətə. Sanki ayrı bir zövq alır al şəfəqlərini yurduma saçmaqdan. Sarı şəfəqləri ilə “sabahın xeyir” deyir dan yeri ağarmadan həyata atılan insanlara... Sevinc, ümid, inam və xoşbəxtlik paylayır ürəklərə.

Bu şəhərin ağacları, gülləri, quşları belə salam verir doğan günəşə. Sanki özünü günəşə sevdirmək istəyi ilə boy-boya düzülüb ağaclar, tamam başqa rəngdə, başqa ahəngdə, başqa həvəsdə olur. ...Bəlkə bu da onun payıza vidasıdı, sarı saçlarını əlinə yığıb gedən günəşlə sonuncu sövdələşməsidi, ağac dilində, günəş dilində..

..və sonra ..dağların arxasında yavaş-yavaş öz qürubuna çəkilərkən, həzin bir mahnı, sakit bir melodiya ilə sığınır gecənin sakitliyinə. Bütün canlı aləm səssizcə və heyranlıqla izləyir bu möhtəşəm mənzərəni. ...Və bilirlər ki, sübhün aydınlığına qovuşmağa tələsir Günəş ....
Bu şəhərin gecəsi də aydınlıqdı, elə gündüzlər kimi. Sanki ulduzlar elə günəşin özü boyda bir “günəş” yaradırlar səmada .

Arabir əsən küləyi, tufan, çaxan ildırımı ilə gözəldir bu şəhər. Deyirlər insanları da elə təbiəti kimidir, fərqli, özünəməxsus. Fədakardı yurdumun insanı. Başı qayğılarına qarışan, səhər işinə, axşam evinə tələsən, bir olan, birlik olan, xoş, gülərüz insanları ilə gözəldir...

Məmləkətimin torpağı bərəkətli, səması aydınlıq, insanı mehribandır.

Xanım Rüstəmzadə

Naxçıvan televiziyasının əməkdaşı

www.naxcivantv.az