Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Jurnalist əməyi qeyri-adi, televiziya isə kütləvi informasiya vasitələri arasında ən kütləvisidir- bu ümummilli lider Heydər Əliyevin televiziyaya və jurnalistikaya verdiyi qiymətdir.

Bu gün, Milli Televiziya və Radio Günündə, fürsətdən istifadə edib uzun illər burada çalışdığımız üçün televiziyadan daha çox danışmaq istəyirik. Bəs nədir televiziya?

Etiraf edək ki, kütləvi informasiya vasitələri içərisində televiziya əslində hamısından çətinidir və məsuliyyətlisidir. Bunu bu sahədə işləyənlər yaxşı bilər. Çünki 24 saat davam edən gündəlik həyat tərzinə çevrilən, hər an əlahəzrət tamaşaçının yenilik gözlədiyi “sehrli qutunun”- televizorun “içərisini” rəngarəng görüntülərlə dolduran informasiya vasitəsidir televiziya. 

Qısqanc və tələbkardır televiziya. Çünki bütün gününü, hətta mən deyərdim, ömrünü yalnız ona həsr etməyi istəyən "Qısqanc sevgilidir" televiziya. 

Orada çalışan insanların aylarla, həftələrlə, günlərlə saniyə-saniyə zəhmətlə ərsəyə gətirib, tamaşaçının bəzən bir neçə dəqiqə ərzində seyr etdiyi verilişlərin, filmlərin, xəbərlərin izləndiyi, planetin hər yerinə virtual olaraq səyahət etdiyimiz Dünyadır televiziya. 

Hər kəsin evinə, otağına dəvətsiz daxil olan, amma hər kəs üçün “məhrəm sayılan” bir Yaxınımızdır televiziya.Tək-tənha qalan zaman bizimlə evimizdə həmsöhbət olan, bəzən həyatda əlində mikrofon gəzib-dolanan jurnalistlərinə, əməkdaşlarına dərd-sərimizi heç çəkinmədən, ürək dolusu danışdığımız bir Dostdur televiziya. 

Bildiyimizi, öyrəndiyimizi, etdiyimizi, hətta eşitdiyimizi, gördüyümüzü hər kəsə çatdırmaq üçün üz tutduğumuz, cansız bir neçə kamera qarşısında dayanıb, minlərlə, milyonlarla canlı insanlara ürək sözlərimizi çatdıran Həmsöhbətdir televiziya. 

Bəzən ərk etdiyimiz, bəzən narazı qaldığımız, bəzən şikayət etdiyimiz, bəzən isə təriflədiyimiz, amma hər birimizi olduğumuz, göründüyümüz, düşündüyümüz kimi, necə varıqsa eləcə, ziyalını ziyalı, elmlini alim, bacarıqlını işgüzar, özümüzü olduğumuz kimi göstərən, bir sözlə cəmiyyətin Aynasıdır televiziya. 

Bir dəfə təsadüfən kameralarına küçədə, meydanda, iş başında tuş gələrkən gün boyu özümüzü ekranında axtardığımız Güzgüdür televiziya. Elə bir güzgü ki, bizi bizdən yaxşı tanıyan,tanıdan,görüb bilmədiyimiz məqamları, tanımadığımız insanları, ölkələri,şəhərləri “burnumuzun ucuna qədər” gətirən, öz sehrli qanadlarına alıb dünyanın ta o başına aparan "sehrli xalça" kimidir.

İstənilən zaman bizə həyatın müxtəlif çalarlarını, dünyanı, təbiəti, yaşamağı, davranışı, kainatı, mədəniyyəti, sosial həyatı, hər şeyi, hər şeyi öyrədən bir Müəllimdir televiziya. 

Hər birimizin cansız olsa belə, ekranın o tərəfində görünmək istədiyimiz, dostlara əl etmək, sevdiklərimizə salam göndərmək, yaşadığımız şəhərə, ölkəyə, dünyaya varlığımızı sübut etmək üçün can atdığımız məkan, bir Arzudur televiziya. 

Saymaqla qurtararmı bu qısqanc, tələbkar olan bir media qurumunun həyatımızdakı rolu? Bizə dünyaları verən o qutunun xarab olması, işləməməsi bizim, ailəmizin ən böyük “faciəsinə” çevrilmirmi? O mavi ekranın bizə təqdim etdiyi bir görüntüyə, bir səsə öz doğmalarımızdan daha çox inanırıq. Oradan eşitdiyimiz hər bir xəbərin nə qədər rəsmi və doğru olduğuna şübhə edənmi var? Televiziya ekranlarına çıxmayan bir xəbərin həqiqət olduğuna kim inanır? 

Amma bir şeyi unutmaq olmaz ki, bütün bunların arxasında İnsan dayanır. Zəhmətkeş, işi heç bir sahənin təmsilçisinə bənzəməyən, məsuliyyətli, yenilikçi, çalışqan, cəsarətli, nəhayət vətənsevdalısı İNSANLAR. Ekranda gördüyünüz o simalar isə aysberqin görünən tərəfidir. Taleyi sizin əlinizdə tutduğunuz idarəetmə pultunun düyməsində- “barmağınızın ucunda” olan o görüntülər tanıyıb bilmədiyiniz onlarla,yüzlərlə insanın səsidir, nəfəsidir, ürəyinin, ağlının məhsuludur. Siz onları bəlkə də jurnalist, operator, redaktor, aparıcı, müxbir, montajçı, qrafikaçı, işıqçı, korrektor, dekorçu, suflyor, sürücü kimi tanıyırsınız, ya da tanımırsınız. Amma onların hamısını bir məkan birləşdirir- onun adı  Televiziyadır. 

Yox, bu məqamda Radiodan da danışmaq lazımdır. Televiziya ilə birgə addımlayan, hətta bu sehrli qutudan çox öncə dinləyicisini salamlayan isə radio idi. Evimizin, iş otağımızın ən yaxşı yerindən qurduğumuz ən sadiq "qulaq yoldaşımız". Biz o qutudan gələn səsə sarılıb illər, müharibələr adladıq. Bəzən qulağımız oradan gələn xoş xəbərə tamarzı qaldı. Xoş günümüzdə o səsin avazında qol qaldırdıq, kədərimizdə onu "müqəssir" bildik, danladıq. Amma həyatımızın bir parçası oldu. Və o "səsin sahibi" bizi özünə inandırmağı da dinlətməyi də yaxşı bacarırdı. Bu balaca qutunun gerçək sahibləri aparıcılar, diktorlar, jurnalistlər isə bizdən nə qədər məsafələrcə uzaq idisə, bir o qədər ruhən yaxın idi. Gələcəkdə jurnalist olmaq istəyi ilə uşaqkən saatlarla dinlədiyimiz bu səslərin sahibləri ilə bağlı bəzən elə düşünürdük o da, lap elə radionun özü də bizlə birgə böyüyür, gəncləşir, qocalır... Zaman isə irəliyə axır... Və birdə baxırıq ki, 93 ildir ki, bizlə birgə yol gəlir. Təqvimdə yaşı artır amma o elə bütün dövrlərdə gənc, dinamik və həmişə xoş ovqatlıdır hər ikisi. Bir sözlə evimizin, ailəmizin ən doğması olan "səs və görüntü sahiblərinin" peşə bayramıdır.

Bu gün- 6 Noyabr sizin gününüzdür, zəhmətkeş televiziya və radio işçiləri. Günümüz mübarək! 

Səməd Canbaxşiyev
Fizzə Bağırova
NUHÇIXAN

www.naxcivantv.az