Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar respublikada nağdsız əməliyyatların həcmi artır

“Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 2017-ci ilin 1 mart tarixinə muxtar respublika ərazisində ümumilikdə 1223 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılıb.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2017-ci ilin ilk 2 ayı ərzində muxtar respublikada POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 5 milyon 394 min 687 manata çatıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 219 min 932 manat çoxdur” – bu sözləri Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə nağdsız ödənişlərin əhəmiyyəti ilə bağlı keçirilən seminarda deyib.

Naxcivantv.az xəbər verir ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Vergilər Nazirliyinin  təşkilatçılığı ilə baş tutan tədbirdə mərkəzi bankın  Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Hafiz İsmayılbəyli nağdsız ödənişlərin mahiyyəti və nağdsız əməliyyatların həcmindəki artımı şərtləndirən amillər barədə danışıb.  

Qeyd olunub ki, vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, bütövlükdə, iqtisadiyyatın inkişafında nağdsız ödənişlərin əhəmiyyəti böyükdür.

Seminarda internet resursları və slaydlar vasitəsi ilə  internet üzərindən ödənişlərin aparılması, POS-terminallardan istifadə qaydaları, nağdsız ödənişlərin istehlakçılara verdiyi təhlükəsizlik, rahatlıq və vaxt itkisinin minimuma endirilməsi məsələləri dinləyicilərin diqqətinə çatdırılıb.

Seminarda  iştirakçıları  maraqlandıran mövzularda müzakirələr aparılıb, suallar cavablandırılıb.

                          Novruz Məmmədov

NTVxəbər

 

www.naxcivantv.az