Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Son günlər sosial şəbəkə və bəzi media qurumlarında Naxçıvanla bağlı yazılar diqqətimi çəkdi. Təbii ki, birinci dəfə deyil.

Hər dəfə ölkə səviyyəsində, cənab Prezident Naxçıvanla bağlı hanısa mütərəqqi addımları atanda, görülən işlərə yüksək qiymət verəndə, sosial-iqtisadi inkişaf üçün maliyyə yardımı ayıranda nədənsə bəzi adamlarda qısqanclıq yaranır. 

...Hələ 1991-ci ildə hərbi xidmətdə olarkən evdən mənə çox sevdiyim şair Məmməd Arazın o zaman yazılan ən son şerilərindən birini göndərmişdilər. Çünki bizim yeniyetməlik illərində Vətən mövzulu şeir dəbdə idi. Həm də o şeirlərin hamısı yaxşı yazılırdı.  Hətta 1988-1990-cı illərdə baş verən azadlıq hərəkatı zamanı yaxşı şeirlər əl-əl gəzirdi. Məmməd Arazın da şeiri “Ya Rəbbim” adlanırdı. Şeirdə şair Tanrıya üz tutub gördüyü haqsızlıq, ədalətsizlikdən şikayətlənir, ondan kömək istəyirdi. Təbii ki, bu köməkdə siyasi məqamlarla dolu idi. Uzun bir şeirdir. Hətta mən deyərdim bir qədər də duaya bənzəyirdi. Çünki o poeziya nümunəsi həmin illərdə Türkiyədə ən yaxşı dini şeir kimi də mükafata layiq görülmüşdü. O zaman belə deyirdilər.  Amma orada bir misra elə ilk dəfə oxuduğumda ilişib yaddaşımda qalıb:

-Sən bizi kiçiklər kinindən qoru...

Fil tutur, şir tutur hörümçək toru..

Bu misralarla şair Tanrıya sığınaraq ondan həm kömək istəyir, həm də balaca hörümçəklərin qurduğu torun artıq fil, şir kimi nəhəngləri tutduğunu dəhşətlə ona çatdırırdı. O zaman bunu şairin bədii təşbehi, yaradıcılığının ustalığı kimi qiymətləndirsəm də, niyəsə həmin misra beynimdə ilişib qalmışdı. Lakin sonradan həyatı daha yaxşı başa düşəndən, ölkədə, cəmiyyətdə gedən ictimai-siyasi proseslərə baxanda doğrudan da nəhəng adamların kiçiklərin kininin qurbanı olduğunu bir daha başa düşdüm. Sən demə, böyük insanlarda heç vaxt kin olmurmuş. Çünki onlar böyükdürlər. Amma “kiçiklərə” (Türkiyə türkcəsində bunu “küçük” sözü ilə ifadə edirlər) gələndə - təbii ki, söhbət mənəvi cəhətdən kiçikdən gedir, onların nə boyda kini varmış, Ya Rəbbim. Özlərindən dəfələrlə yüksək olan kin sən demə, onların “boylarının çıxmasına”, mənəvi dünyalarının genişlənməsinə mane olurmuş. Bu insanlarda olan kin elə cılızlıqlarından yaranırmış. Mənəvi cəhətdən qarayaxan, cılız insanlar kiçik, kiçik insanlar isə cılız olurmuş. Doğrudan da, həm dəhşət, həm də bədbəxtlikdir. Dostum, mərhum rəssam Əbülfəz Axundovun belə paxıl, cılız və kinli insanları görəndə sevdiyi bir sözü vardı: “Böyük ol, oğul, böyük ol!”.

Bəylər, xanımlar, kinli olmayın. Lap yuxarıdan başlayaq - Azərbaycanın dünyada qazandığı uğurlara, gələcəyə doğru atılan addımlara, sabaha inanan və bunun üçün çalışan, vuruşan insanlara qarşı kinli olmayın. Ölkənin ayrılmaz bir hissəsi, 95 ildir doğma anasından – Azərbaycandan coğrafi baxımdan ayrı düşən (əslində salınan), amma yenə də Azərbaycan olan, əbədi Azərbaycanla qalan Naxçıvanda gedən işlərə baxıb da kinli olmayın. Müasir insanların dünyagörüşü, düşüncəsi, intellekti, yeni dünyada baş verənlərə münasibəti də 10-15 il qabaqkından çox fərqlənir. İndi hər şey göz qabağındadır. Xalq da, vətəndaş da həqiqəti olduğu kimi qəbul edir. Ona görə də, öz içinizdə olan kini, yaramaz düşüncəni başqalarının adından dilə gətirməyin. Kiməsə qara yaxıb görmədiyi işləri onun üstünə atmağa, vətənpərvər insanlara çamur yaxmağa, başınız çıxmayan işlərdən baş çıxarırmış kimi davranıb camaatı yanıltmağa, başqalarının adından danışmağa, istedadlı, bacarıqlı adamlara həsəd aparmağa çalışmayın!

Öz işinin peşəkarı olub, dövlətə, xalqa sədaqətlə xidmət edən gənclərə, ziyalılara, qələm sahiblərinə “sizdən daha yaxşıdır” deyə düşmən olduğunuz fədakarlara paxıllıq etməyin, əl-ayaqlarına dolaşıb mane olmayın. Bacarırsınızsa, böyük olun, BÖYÜK! Bacarmırsınızsa, kiçiksinizsə, heç olmasa kinli olmayın. Unutmayın ki, əgər kinlisinizsə demək nə boyda olursunuzsa olun, yenə də kiçiksiniz və kimsə atılan böhtanlara, deyilən boş sözlərə fikir vermirsə, heç kim heç kimdən qorxmur, sadəcə adamlar sabah üçün daha yaxşı iş görməklə məşğuldurlar !

P.S. Mövzu elə bu kateqoriyadan olan adamların hamısına aiddir. Yerindən, mövqeyindən asılı olmayaraq.

Səməd Canbaxşiyev 

www.naxcivantv.az