Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Yadımdadır... Babamın bir dostu var idi. Uşaq olduğum üçün hətta adını da unutmuşam.

Bizə şəkilli kağızlar gətirirdi. O getdikdən sonra babamdan bunların nə olduğunu soruşurdum. Babamın özü də deyəsən nə olduğunu yaxşı bilmirdi. Ona gör də  “boyayla çəkilmiş çiçək şəkilləridir”- deyirdi. Babamın dostunun növbəti gəlişində bunların nə olduğunu özündən soruşdum. Güldü və niyə soruşduğumu bilmək istədi. Sadəcə, maraqlıdır- dedim. Çünki mən də bütün uşaqlar kimi şəkillər çəkirdim, ancaq o şəkillər belə fərqli və gözəl olmurdu. Cavabında ona bir qabda su, kağiz, fırça gətirməyimi istədi. Gətirdim. Cibindən 3 balaca ağzı bağlı qab çıxardı. Uşaq həyəcanı ilə səbirsizlik etdim, nə olduğunu soruşdum. “ Gözlə” - dedi. Suyu gətirdim. Əlində olan balaca qabların içində rənglər vardı... Hələ də xatırlayıram, biri tünd bənövşəyi, biri qirmizi rəng idi, birinin içində isə maye vardı. Suyun içinə mayedən töküb qarışdırmağa başladı. Sonra rəngləri əlavə etdi... Suyun üzərində fərqli görüntülər yarandı, onlara fırça ilə toxunsa da rənglər bir-birinə qarışmırdı. Kağızı suyun üzərində sərdi, bir az gözləyib sonra  yavaşca götürdü. Bu həyatımda gördüyüm ən fərqli və ən gözəl rəsm əsəri idi. Bu əsər mənim gözümün qabağında, bir neçə dəqiqənin içərisində yaranmışdı. Mən özümü möcüzə görən bir adam kimi hiss edirdim. O rənglər, biri-birinə qarışan, amma harmoniyası və ardıcıllığı pozulmayan kompozisiya hələ də yadımdadır. Bu ebrudur- dedi qoca rəssam. – Ebru?- deyə maraqla soruşdum. – Bəli, düz eşitdin-dedi. Təəssüf ki, o rəsmi qoruyub saxlaya bilmədim. Amma naxışlar yaddaşımda əbədi ilişib qaldı...     

Bu üslubda işlənən gözəl rəsm əsəri yaxın günlərdə yenidən internetdə qarşıma çıxdı. O uşaqlıq illərinə qayıtdım... Ebru ilə bağlı məlumat toplamağa başladım. Məlum oldu ki, rəssamlığın bir üslubu olan ebru üslubunda rəsm çəkən zaman musiqiyə qulaq asmaq insana xüsusi zövq verir, onun ruhunu dincəldir. Yəni ebru həm sənət, həm də istirahətdir. Ebruyla ilk  dəfə tanış olanlar üçün onun su üzərində hazırlanan müxtəlif bir rəsm əsəri olduğunu deyə bilərəm. Ebrunun iş xüsusiyyəti bir qədər sadə və maraqlıdır. Amma digər janrlarda hər hansı rəsm əsərini çəkərkən onun yanlış yerlərini təzədən işləmək olur. Amma ebrunu silmək olmur ve ebru təkrar olunmazdır. Bir dəfə hazırlanmış ebru heç zaman sonradan çəkilmiş ebruya bənzəmir.

Ebru sənətinin hansı ölkədə və nə vaxt yarandığı məlum deyil. Ancaq Şərq ölkələrinə aid bir naxış sənəti olduğu düşünülməkdədir. Bəzi mənbələridə Hindistanda ortaya çıxdığı yazılır. Bəzi mənbələrə görə isə Türküstandakı Buxara əyalətində yaranaraq qədim İpək you ilə Osmanlılara keçib. Ebru sənətinin kökünün IX-X əsrlərə qədər uzandığı məlumdur. X əsrdə çinli Su Yijian bir əsərində ebru sənətini fırça, mürəkkəb, mürrəkkəbdaşı və bəzəkli kağız "Wen Fang Si Pu" (çalışmağın dörd xəzinəsi) kimi qeyd edir. Avropalı səyyahlar tərəfindən İstanbuldan öz ölkələrinə apardıqları ebru kağızları əvvəl Almaniyada, sonra isə Fransa və İtalyada “mərmər kağızı” və ya “türk mərmər kağızı”, hətta “türk kağızı” adı ilə tanınıb və hazırlanmağa başlanıb. Ebru sənətinə aid rəsmlər hər ölkənin incəsənət anlayışına görə bir-birindən fərqlənir. 

Ebru haqqında türkcə qələmə alınmış ən qədim əsər təxminən 1615-ci  ildə yazılan “Tərtib-i Risale-i Ebri" adlı kitab hesab olunur.  Osmanlı dövründə müstəqil bir sənət və yaradıcılıq qolu olan ebruçuluq XX əsrin başlanğıcında yaddan çıxmağa başladı. 

Lakin ebru, onu nəsildən-nəslə az da olsa yaşadan və ötürən sənətkarların sayəsində dünyanın fərqli nöqtələrində hələ də yaşadılmaqda və sevilməkdədir.

Ebru sənəti adətən sehrli bir ayna kimi, sizi sizə əks etdirir. Bu sənətin texnologiyası əslində çox sadədir. Suya xüsusi və fərqli məhlul qatılır və bu məhlul suyu qatılaşdırır və boyaların bir-birinə qarışmasına imkan vermir. Həmin məhlulun tərkibi üyüdülmüş nar dənələri və dəniz yosunlarının qarışığından ibarətdir. Bəzən isə bu mayeni kəsilən iribuynuzlu heyvanların ödü də əvəz edir. Fırça hazırlamaq üçün at tükündən, əsasən də yaşlı atın quyruq tüklərindən istifadə olunur.

Hətta ebru sənəti ilə məşğul olmaq heç bir xüsusi istedad və ya rəssamlıq təhsili də tələb etməyə bilər. Lakin, ebrunun da öz xüsusi tələbkarlığı var - o bir zövq işidir, istirahətdir, ruhun sakitləşdirilməsidir.  Ebru sənətini öz daxilində fərqli - “şal ebru”, “bülbül yuvası”, “daraqlı ebru”, “dalğalı ebru” növlərinə bölmək olar.  Bir zamanlar babamın qonağı olan o qoca rəssamın  yaratdığı rəsmlərin bu növlərdən hansına aid olduğunu xatırlamıram. Bəlkə elə o özü də bundan xəbərsiz qəlbinin arzularını, hiss etdiyi duyğuları ebrunun köməyi ilə insanlara çatdırmağa çalışırmış. Lakin bir şeyə əminəm – onun vasitəsilə tanış olduğum ebru bu gün də yaddaşımın bir parçasında ən işıqlı xatirə kimi yaşamaqdadır. Kim bilir, bəlkə bir gün özümdə əlimə fırça götürüb bu sehrli rəsmlərdən birini çəkmək istədim...  

Aysu Məhərrəmli

www.naxcivantv.az